ƏMLAK

Cəbhə xəttindəki əmlaklar sənədləşir – ƏMLAK KOMİTƏSİNDƏN YENİLİK
20 MAY
265

Cəbhə xəttindəki əmlaklar sənədləşir – ƏMLAK KOMİTƏSİNDƏN YENİLİK

2016-05-20 14:46:00

Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycanın «qaynar bölgələrində» - cəbhə bölgəsində yaşayan vətəndaşlara məxsus əmlakların sənədləşdirilməsini davam etdirir. Cəbhə bölgələrindəki daşınmaz əmlakların kütləvi surətdə sənədləşdirilməsi çərçivəsində mayın 20-də Füzuli rayonunda «Kütləvi çıxarış» kampaniyası keçirilib. Qeyd edək ki, komitənin sosial tədbirlərindən olan «Kütləvi çıxarış» kampaniyası vətəndaşların daşınmaz əmlaklarının tam sadələşmiş şəkildə qeydiyyata alınmasını nəzərdə tutur. 

Füzulidə keçirilən kampaniyada bu imkandan bölgənin yüzlərlə sakini faydalanıb. Belə ki, 200-ə yaxın cəbhə bölgəsi sakinlərinə bilavasitə öz ünvanlarında mobil ofislər vasitəsi ilə rahat şəkildə mülkiyyət sənədləri təqdim edilib. Rayon sakinləri özlərinə məxsus daşınmaz əmlakları - fərdi evlər, pay torpaqları, həyətyanı torpaq  sahələri üzrə çıxarışlar əldə ediblər. 

Eyni zamanda rayon sakinlərinə əmlaklarına dair ayrı-ayrı vaxtlarda müxtəlif dövlət qurumları tərəfindən verilmiş dövlət aktları, şəhadətnamələr, qeydiyyat vəsiqələri, mənzillər barədə orderlər, kolxoz və sovxozlar tərəfindən verilmiş əmrlər və digər sənədlər kütləvi qaydada çıxarışlarla əvəz olunub. Kompaniya çərçivəsində bir sıra sakinlərdən mülkiyyətlərinin qeydiyyatdan keçirilməsi üçün ilkin hüquq müəyyənedici sənədlər də qəbul edilib.

Kampaniya çərçivəsində vətəndaşlara məxsus həyətyanı sahələrdə və pay torpaqlarında baxış keçirilib, orada ərazi-ölçmə işləri də aparılıb. 

Qeyd edək ki, bu dəfə ki, Kütləvi çıxarış kampaniyasından yararlananlar arasında apreldə cəbhə bölgəsində gedən döyüşlərin iştirakçıları da var. Belə ki, döyüşlərdə aldığı xəsarət nəticəsində əlil olmuş bir neçə hərbçimizə aid mülkiyyət sənədləri də onların evindəcə təqdim edilib.

 Əlil hərbçilərə çıxarış verilib

Qeyd edək ki, «Kütləvi çıxarış» kampaniyası çərçivəsində ölkə vətəndaşlarına, komitənin ərazi idarələrinə müraciət etmədən, elə həyətlərində öz əmlaklarını qeydiyyatdan keçirməyə şərait yaradılır. Bu isə öz növbəsində, komitənin göstərdiyi xidmətlərdə vətəndaş məmnunluğunu daha da artırı və sosial amilliyi daha da gücləndirir. 

Kampaniya sosial layihə olduğu üçün ödənişli qaydalarla həyata keçirilmir. Xidmətin çatdırılması üçün əlavə ödəniş tələb olunmur, mobil xidmətlər yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı əsasında həyata keçirilir. Bu rüsumlar da yalnız bank vasitəsilə və ya elektron qaydada ödənilir.

Belə bir kampaniyanın faktiki olaraq müharibə vəziyyətində olan, bir qədər əvvəl qızğın döyüşlərin meydanı olan Füzulidə aparılması həmin bölgənin sakinlərinə dövlət tərəfindən dəstəyin mühüm göstəricisidir. 

Bu kampaniya Füzüli rayon sakinlərinə daşınmaz əmlaklarını rahat şəkildə qeydiyyatdan keçirməklə imkan yaratmaqla yanaşı, həm də vətəndaşların mülkiyyət hüquqlarının və mülkiyyətlərində olan əmlakların dövlət tərəfindən qorunmasının göstəricisidir

Belə tədbirlər cəbhə bölgəsində əhalinin öz əmlaklarının daha aktiv şəkildə iqtisadi proseslərə cəlb edilməsini, və bununla da iqtisadi aktivliyini və iqtisadi fəaliyyətini də stimullaşdıracaq. 

Belə ki, «Kütləvi çıxarış» kampaniyası nəticəsində əhaliyə məxsus pay torpaqlarının sərhədləri dəqiqləşəcək, indiyədək bu sahədə mövcud olan  torpaq mübahisələri həll ediləcək, və torpaqların real istifadəsi üçün imkan yaranacaq. Bütün bunlar isə bölgədə əhalinin iqtisadi fəallığına, onların həyat səviyəsinin yüksəlməsinə, ümumi iqtisadi inkişafa təkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272