ƏMLAK

Əmlak Komitəsi daha bir rayonda torpaq forumu keçirdi
11 MAY
450

Əmlak Komitəsi daha bir rayonda torpaq forumu keçirdi

2016-05-11 16:10:00

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Samux rayonunda Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtib edilməsi ilə bağlı növbəti işgüzar forum keçirib. Komitədən fins.az-a verilən məlumata görə, forumun keçirilməsində məqsəd görülən işlər barədə icra hakimiyyəti orqanlarını, bələdiyyələri, torpaq və digər daşınmaz əmlak mülkiyyətçilərini, icarəçiləri və istifadəçiləri məlumatlandırmaqdır.

Tədbirdə çıxış edən ƏMDK-nın Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev deyib ki, ölkə prezidentinin tapşırıqlarına və martın 7-də imzaladığı “Azərbaycanda torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına əsasən ölkədə torpaqların elektron kadastr uçotu informasiya sistemi qurulur. Həmçinin ölkənin torpaq sahələrinin elektron kadastr xəritələri tərtib edilir. 

Uçot sistemi nə verəcək?

Forumda Uçot Sisteminin xeyri və torpaq idarəçiliyində rolundan danışılıb. Sistemin yaradılmasında və rəqəmsal xəritənin tərtibində məqsəd, torpaqlardan səmərəli istifadə etmək, bunun üçün çülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin ölçülərini, sərhədlərini, baş verən dəyişiklikləri müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqların lazımi qaydada istifadəsin nəzarət etmək, münbitliyini artırmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir.

5 ilə işlər başa çatacaq 

Bu il ölkənin 23 rayonunda bu işlərin aparılması planlaşdırılır. 2019-cu ilin sonunda ölkənin 3,2 milyonhektar torpaq sahəsinin dəqiq uçotu hazır olacaq və bu məlumatlar adı çəkilən sistemə daxil ediləcək.2020-ci ildə yekunlaşacaq torpaqların uçotu işi müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturu yaratmaq imkan verəcək. Torpaqlar daha mükəmməl idarə ediləcək, əmlak münasibətləri üçün mexanizmi yaradılacaq. Torpaqların sənəd və faktiki göstəricilərindəki uyğunsuzluqlar aradan qaldırılıb dəqiq şəkildə sistemdə əks olunacaq. Çıxarışların və dövlət reyestrindən digər arayışların verilməsi işi sürətlənəcək. Torpaqların vahid elektron məlumat bazası olacaq. Bu sistemin istismaraverilməsi ölkədə kadastr xidmətləri elektronlaşacaq. 

Bakı, Sumqayıt, Gəncə, Şəki 

ƏMDK indiyədək bir neçə kadastr layihəsi həyata keçirib. Bakı və Sumqayıt şəhərlərinin 205 min hektara yaxın ərazisinin müfəssəl elektron kadastr məlumat bazası yaradılıb. Bu bazada hər bir torpaq parseli, onların üzərindəki tikili barədə məlumatlar toplanıb. Hər iki şəhərin bütün növ daşınmaz əmlak obyektləri, o cümlədən yaşayış binaları, fərdi yaşayış evləri, mənzillər, qeyri-yaşayış obyektləri, yerüstü kommunikasiya xətləri  və s. barəsində məlumatlar, onların yerləşmə vəziyyətləri koordinatları, tikintialtı sahələri, kommunikasiya xətlərinin, Xəzər dənizinin mühafizə zolaqları və zonaları haqqında ətraflı məlumatlar mövcuddur. 

Gəncə şəhəri və Şəki rayonu üzrə isə ümumilikdə 200 mindən çox ha ərazidə çöl-ölçmə işləri aparılıb. Gəncə şəhərində icra olunan “Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı” Layihəsi də artıq yekunlaşıb. Layihənin əsas hədəfi şəhər ərazisində daşınmaz əmlakın kadastrı işlərinin inkişafı, habelə, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı xidmətin səviyyəsinin yüksəltməkdir. Hazırda Şəki rayonunun 55 min hektar ərazisində icra olunan kadastr layihəsi gələn ayın sonuna qədər yekunlaşacaq və bu ərazilər üçün də mükəmməl kadastr işi hazır olacaq. 

Samuxdan sonra növbədə Göygöl, Zaqatala və Oğuzdur 

İşgüzar Forumlar artıq Cəlilabad, Masallı, Ağcabədi rayonlarında keçirilib və geniş ictimaiyyətə Sistemlə bağlı hərtərəfli məlumatlar verilib, aidiyyəti qurumlarla fəaliyyətin əlaqələndirilməsi məsələləri müzakirə edilib.  Belə forumlar sabah Göygöl, 13 mayda Zaqatala, 14 mayda Oğuzda da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275