ƏMLAK

Azərbaycanda dövlət müəssisəsi satıldı
29 APREL
1363

Azərbaycanda dövlət müəssisəsi satıldı

2016-04-29 19:52:00

“Sabirabad Dəmir Beton” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi ilə müqavilə imzalanıb. Bu barədə fins.az-a Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) bildirilib. Məlumata görə, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na əsasən, “Sabirabad Dəmir Beton” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi keçirilib. İddiaçılar qarşısında qoyulan tələblərdən başlıcası müəssisəyə investisiya qoyuluşuna dair təkliflərin verilməsi olub.

Müsabiqədə iştirak etmək üçün bir neçə iddiaçı tərəfindən ərizə və investisiya təklifləri təqdim edilib. Müvafiq nazirlik və təşkilatlardan nümayəndələrin də daxil olduğu Müsabiqə Komissiyası təkliflərə baxdıqdan sonra açıq səsvermə yolu ilə müsabiqəsinin qalibini elan edib.

Qaliblə imzalanmış investisiya müqaviləsinin şərtlərinə uyğun olaraq, müsabiqə qalibi 410 min manat pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini öhdəsinə götürüb. İnvestisiya Proqramına əsasən, müəssisənin modernləşdirilməsi məqsədilə bir il ərzində müəssisəyə 1.040000 manat investisiya qoyuluşu həyata keçiriləcək.

İnvestisiyalar nəticəsində müəssisədə beton və beton məmulatlarının istehsalı ilə yanaşı, metalların qalvanikləşdirilməsi sexi təşkil ediləcək. Müəssisənin ərazisinin inşaat tullantılarından təmizlənməsi, müvafiq bina və qurğularda təmir və bərpa işlərinin həyata keçirilməsi təmin ediləcək. Bundan əlavə, işıq, qaz, su və kanalizasiya sisteminin yenidən qurulmasına, mexaniki sexin qurulmasına (pres avadanlığı, kəsmə və bükmə dəzgahları, kontakt qaynaq avadanlığı), eləcə də beton bloklar üçün yeni qəliblərin alınmasına yönəldiləcək. Eyni zamanda, müəssisədə 60-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, dövlət müəssisələrinin özəlləşdirilməsində başlıca məqsəd investorlar tərəfindən belə müəssisələrin restrukturizasiyası, modernləşdirilməsi, ixracqabiliyyətli məhsul istehsalının təmin edilməsi, yeni iş yerlərinin açılması və nəticədə ölkənin sənaye potensialının artırılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275