ƏMLAK

Sosial mənzillərin tikilməsi üçün Qaradağ və "Xutor" təklif edildi
26 APREL
814

Sosial mənzillərin tikilməsi üçün Qaradağ və "Xutor" təklif edildi

2016-04-26 15:37:00

Bu günə kimi Azərbaycanın yarıdan çoxunun nə evinin, nə də əmlakının sənədi yoxdur. Çünki məsələləri biz sənəddən daha çox sözlə həll etməyi üstün tuturuq. Bunu açıqlamasında “MBA Ltd.” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

N.İbrahimov qeyd edib ki, Azərbaycanda əmlak bazarının tutumu çox kiçikdir: “Bizdə bazarın elastikliyi çox sərtdir. Yəni, kimsə Azərbaycanın əmlak bazarına 50 mln. dollar pul yatırsa, bazarda qiymətlər avtomatik artır və yaxud, bazardan iri məbləğdə vəsait çıxarıldıqda, qiymətlər kəskin ucuzlaşır”.

Ekspertin fikrincə, bazarın inkişafı və tənzimlənməsi üçün dövlət sosial layihələrin reallaşdırılmasına çalışmalıdır: “Dövlət bazara birbaşa müdaxilə etməməlidir. Çünki bu zaman bazarın indikatorları düz işləmir. Bazarda qiymətlər formalaşanda bütün təbəqələri əhatə etmir. Müəyyən təbəqə qalır kənarda, bu da aztəminatlı ailələrdir. Sosial gərginliyin yaranmaması üçün bu təbəqə hər zaman dövlətin nəzarəti altında olmalıdır. Onsuz da aztəminatlı təbəqənin bazara təsir imkanları yoxdur". 

"Eyni zamanda, sosial layihələr mütləq qaydada ünvanlı şəkildə həyata keçirilməlidir. Necə ki, ünvanlı sosial yardımlar ayrılır, eləcə də sosial evlərin inşası aparılmalıdır”, - deyə şirkət rəhbəri əlavə edib.

N.İbrahimovun sözlərinə görə, sosial layihələrin birbaşa dövlət vəsaiti hesabına reallaşdırılması sonradan ağır nəticələr verə bilər: “Dövlət tikinti işləri üçün müvafiq tenderlər elan edə bilər və yaxud başqa bir dolayı yolla bu proseslərdə iştirak edə bilər".

***

Ekspert hökumətə sosial layihələrin reallaşdırılması ilə bağlı işlərin icrasının bələdiyyələrin ixtiyarına verilməsini təklif etdiklərini açıqlayıb: “Dövlət Mənzil İnşaatı Dövlət Agentliyi yaradıb. Lakin biz təklif etmişdik ki, sosial evlərin tikintisini bələdiyyələrin ixtiyarına buraxaq. Bu, həm bələdiyyələrin inkişafına şərait yaradar, həm də oradan gələn gəlir bələdiyyələrin balansına köçər".

N.İbrahimov deyib ki, sosial evlərin tikintisi zamanı orada yaşayacaq insanların iş yerlərinə yaxınlığı nəzərə alınmalıdır: "SSRİ dövründə belə bir qayda var idi ki, iş yeri ilə ev arasındakı məsafə maksimum 40 dəqiqə olmalıdır. Dünya təcrübəsində analoji layihələr şəhərkənarı ərazilərdə həyata keçirilir. Hansı ki, həmin ərazilərdə ya iri zavod və fabriklər, yaxud iri təhsil müəssisələri yerləşir. Bu həm şəhərdəki sıxlığı azaldar, həm də şəhərin genişlənməsinə gətirib çıxarar. Biz Qaradağ və "Xutor" kimi əraziləri təklif edirik. Məsələn, "Xutor"un ərazisi daha çox təhsil işçilərinin yaşayışı üçün əlverişlidir".

"MBA Ltd.”-nin rəhbəri əlavə edib ki, sosial evlərin tikintisi üçün tələb olunan vəsaitin 2017-ci ilin dövlət büdcəsinə daxil edilməsi və inşaat işlərinə də gələn il başlanılması gözlənilir.

Mənbə: “Report”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274