ƏMLAK

Mehdiabad və Novxanıda qanunsuz tikililər –REYDLƏR BAŞLANDI
21 APREL
800

Mehdiabad və Novxanıda qanunsuz tikililər –REYDLƏR BAŞLANDI

2016-04-21 16:43:00

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsinin torpaq müfəttişləri növbəti dəfə Səbail, Abşeron və Xəzər rayonlarında torpaq reydləri və monitorinqləri aparılıb. Komitədən fins.az-a verilən məlumata görə, monitorinqlər nəticəsində Səbail rayonunda dövlət mülkiyyətində olan 23 hektar torpaq sahəsində qanunsuz olaraq və hüquqi əsası göstərən heç bir sənəd olmadan özbaşına tikinti aparılması halları aşkarlanıb və qarşısı alınıb. Abşeron rayonunun Novxanı və Mehdiabad qəsəbələrində isə vətəndaşların mülkiyyətinə verilmiş pay (əkin) torpaqlarında təyinatına zidd olaraq obyektlərin inşasının qarşısı alınıb. Xəzər rayonunun Zirə və Türkan qəsəbələrində də torpaqların kənd təsərrüfatı təyinatlı olmasına baxmayaraq aparılan qanunsuz tikinti işləri dayandırılıb.

Məlum olub ki, bu hallarla kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan torpaq sahələrinin istifadəsi ilə bağlı torpaq qanunvericiliyinin tələbləri kobud şəkildə pozulub. Qeydə alınan pozuntu halları ilə əlaqədar tədbirlər görülüb, cərimələr və sanksiyalar barədə inzibati protokol və aktlar tərtib edilib.

Ümumilikdə bu il, torpaq müfəttişləri ölkə üzrə 480-dən çox qanunvericiliyin tələblərinin pozulması halı aşkar edib. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti ilə bağlı indiyədək 929 hal üzrə hüquqi və fiziki şəxslərə xəbərdarlıq edilib, 230 halla bağlı inzibati protokol tərtib edilib. 170 halla bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul olunub.

Belə tədbirlərin nəticəsində torpaqlar məqsədli dövriyyəsinə qaytarılacaq, təyinatına zidd istifadədə olan torpaqlar qanunauyğun şəkildə yenidən istifadə ediləcək.

Komitə Torpaqların Elektron Uçotu Sisteminin yaradılması üzrə işləri də davam etdirir. Sistemdə torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri ilə yanaşı, onların hüquqi rejimi ilə bağlı məlumatlar da əksini tapacaq. Torpaqların təyinatı, kateqoriyası və istifadəsi bağlı məlumatlarda dəyişiklilər baş verdikdə Sistemdə də bu məlumatlar yenilənəcək.

Bakı və regionlarda torpaqlardan əsassız və qanunvericiliyə zidd istifadə halları ilə bağlı mütəmadi monitorinqlər aparılır. Reyd və monitorinqlər göstərir ki, torpaqların təyinatı və mühafizə zonaları (yüksək gərginlikli elektrik xətləri, dəmir yolları, neft, qaz kəmərləri və s.) ilə bağlı tələblər bir çox hallarda pozulur. Torpaqların ayrılmasında qanunsuzluqlara yol verilir, əsassız olaraq torpaqların kateqoriyası dəyişdirilir, torpaq sahələri zəbt olunaraq hasarlanır, müxtəlif məqsədli tikintilər aparılır.

Torpaqlardan təyinatsız istifadə, torpaq üzərində mülkiyət, icarə və istifadə hüquqlarının pozulması ilə bağlı cəzalar, cərimələr sərtləşdirilib. İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyə əsasən sahilboyu mühafizə zolaqları, vəzifəli şəxslər tərəfindən torpaq ayırma ilə bağlı verilən qanunsuz qərarlar, özbaşına tikintilər ilə əlaqədar cərimələr təyin edilib. Bəzi pozuntulara görə isə, inzibati tədbirlərlə yanaşı cinayət məsuliyyəti də nəzərdə tutulub. Qanunsuzluqlara yol verənlər 8-10 min manat cərimə və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274