ƏMLAK

Torpaq münasibətlərində mühüm - DƏYİŞİKLİKLƏR BAŞLAYIR
15 APREL
1175

Torpaq münasibətlərində mühüm - DƏYİŞİKLİKLƏR BAŞLAYIR

2016-04-15 10:36:00

Azərbaycanda torpaq münasibətlərinin tənzimlənməsi sahəsində mühüm yeniliklərə start verilib. Bu yeniliklər prezident İlham Əliyevin imzaladığı «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» fərmanda əksini tapıb. Fərmanda nəzərdə tutulan tədbirlər qarşıdakı illərdə ölkənin torpaq təsərrüfatında demək olar ki, bütün problemlərin həllinə səbəb olacaq. Bura torpaqların elektron uçotu, torpaqların faktiki vəziyyəti ilə sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması, eləcə də torpaqlardan daha səmərəli istifadə aiddir.

Beləliklə, ilk növbədə fərmana əsasən, ilk növbədə “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiqlənib.

Elektron uçot sistemi 2020-dək yaradılacaq

Fərmanda torpaq təsərrüfatının qaydaya salınması ilə bağlı Nazirlər Kabinetinə və Əmlak Məsələləri Dövlət Komitəsinə ciddi tapşırıqlar verilib. Tapşırığa əsasən, Azərbaycanda torpaqların elektron uçot və kadastr sistemi 2020-ci ilədək yaradılmalıdır. Bu sistem  dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün torpaqların əhatə etməlidir. Nazirlər Kabineti bununla bağlı Tədbirlər Planını Azərbaycan prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etməlidir. Əmlak Məsələləri Dövlət Komitəsi isə həmin tədbirlər planını 2020-ci ilədək reallaşdırmalıdır. Bundan başqa, Azərbaycanda daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı həyata keçiriləcək. Fərmana əsasən, Nazirlər Kabineti həmin proqramın layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir. 

Məlumat bazaları inteqrasiya olunacaq

Fərmanda əsas tapşırıqlardan biri daşınmaz əmlakla bağlı bütün kadastrların və elektron məlumat sistemlərinin bir-biri ilə əlaqələndirilməsidir. Belə ki, ƏMDK-yə tapşırılıb ki, dövlət əmlakının Registrində, meşə, su və digər sahəvi dövlət kadastrlarında torpaqlarla bağlı məlumatlar, habelə digər dövlət orqanlarının torpaqlarla bağlı gördüyü tədbirlər, torpaqlardan istifadə ilə bağlı aparılan monitorinqlərin nəticələri barədə məlumatlar torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilsin. Bundan başqa, həmin sistem daşınmaz əmlakın vahid dövlət kadastrına və daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiya edilməlidir. 

Sənədlərdəki uyğunsuzluqlar aradan qaldırılacaq

Fərmanda əsas məsələlərdən biri torpaq sənədlərindəki məlumatlarla faktiki vəziyyət arasındakı uyğunsuzluğun aradan qaldırılmasıdır. Xatırladaq ki, məhz bu göstəricilərin uyğun gəlməməsi ölkənin bütün ərazilərində çoxsaylı torpaq mübahisələrinə, eləcə də qeydiyat məsələlərində problemlərə səbəb olur. İndi isə bu problemin necə həll olunacağı açıqlanıb.

Beləliklə, fərmanda ƏMDK-ə tapşırılıb ki, torpaqların elektron uçot sistemi və rəşəmsal kadastr xəritəsi yaradıldıqda fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq aradan qaldırılsın.

Uyğunsuzluqlar aradan qaldırılan zaman müəyyən tələblər nəzərə alınacaq. Əvvəla, ölkədə şəhər, qəsəbə və kəndlər üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (ərazi vahidləri üzrə layihələr) yaradılacaq. Ərazi vahidləri üzrə layihələr tərğib ediləndə, torpaqların faktiki istifadə vəziyyəti nəzərə alınacaq. Bir şərtlə ki, bu, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmasın və digər şəxslərin hüquqlarınıpozmasın.

Həmin layihələr bu ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılmalıdır. Torpaqlardan istifadə ilə bağlı uyğunsuzluqlar la məhz bu layihələr əsasında aradan qaldırılmalıdır. 

Torpaq sahibləri zərərə düşməyəcək

Digər tərəfdən, torpaqlarla bağlı uyğunsuzluqlar elə bir formada aradan qaldırılmalıdır ki, son nəticədə torpaq sahiblərinə qalan torpağın sahəsi sənəddə göstəriləndən az olmasın. Əgər araşdırma nəticəsində aşkar edilsə ki, torpağın faktiki ölçüləri sənəddə göstəriləndən azdır, onda yeni sənədlərdə torpağın faktiki ölçüləri qeyd ediləcək. Amma bunun üçün mülkiyyətçinin, istifadəçinin, və ya icarəçinin yazılı razılığı alınacaq.

Əgər araşdırma nəticəsində aşkar edilsə ki, torpağın faktiki sahəsi sənəddə göstəriləndən artıqdır, onda artıq torpaq sahəsi zəbt edilmiş sahə kimi nəzərə alınacaq. Elektron uçot sistemində isə zəbt olunmuş torpağın ölçüləri və mülkiyyəti göstəriləcək.  

«Çıxarış»lara dəyişiklik ediləcək

Fərmana əsasən, uyğunsuzuqlar aradan qaldırılan zaman torpaq sahələri ilə bağlı dəyişiklik olduqda, həmin torpaqlarla bağlı DƏDRX-dəki sənədlərə də dəyişiklik ediləcək. ƏMDK-ə tapşırılıb ki, belə hal yarandıqda torpaqların sahiblərinə bildirişlər təqdim olunsun, onların ərizəsi əsasında reyestr məlumatlarına dəyişiklik edilsin və düzəlişlərə uyğun yeni sənədlərin verilsin.

Torpaqların təyinatına yenidən baxıla bilər

Fərmanda əksini tapan ən mühüm məsələlərdən biri torpaqların təyinatının və ya kateqoriyasının dəyişdirilməsi ilə bağlıdır. Sənəddə bildirilir ki, torpaqların elektron uçotu sistemi yaradılanda aşkar edilən, yaşayış məntəqələrinin torpaqlarına aid olmayan torpaqlarda salınmış yaşayış massivlərinin, eləcə də əhalinin məskunlaşdığı ərazi hissələrinin yerləşdiyi torpaq sahələrinin kateqoriyaları dəyişdirilə bilər. Belə hallar aşkarlanarsa, ƏMDK öz təkliflərini, əsaslandırılmaqla və aidiyyəti orqanlarla razılaşdırılmaqla Nazirlər Kabinetinə təqdim etməlidir. Bir şərtlə ki, bu Torpaq Məcəlləsinə zidd olmasın. Öz növbəsində torpaqların kateqoriyasının dəyişdirilməsi mexanizm idə təkmilləşdiriləcək. Fərmanda Nazirlər Kabinetinə tapşırılıb ki, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi qaydalarını Azərbaycan prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiqləsin. 

Bütün məlumatlar ƏMDK-ya təqdim olunmalıdır

Fərmanda torpaqlarla bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət müəssisə və təşkilatlarına da tapşırıqlar verilib. Belə ki, fərmana əsasən, bu qurumlar idarə və ya istifadə etdikləri torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi üçün müvafiq sənədləri və məlumatları Əmlak Məsələləri Dövlət Komitəsinin sorğusu əsasında ona təqdim etməlidirlər. Bundan başqa, zəruri hallarda bu işlərdə öz nümayəndələrinin iştirakını təmin etməlidirlər.

Bundan başqa, icra hakimiyəti orqanları və dövlət təşkilatları qorunan və mühafizə olunan zona və zolaqları barədə məlumatları  Komitəyə təqdim etməlidirlər. Əgər belə məlumatlar yoxdursa, həmin təşkilatlar Komitənin sorğusu əsasında həmin zona və zolaqların müəyyən edilməsi üçün aparılan işlərdə iştirak etmək üçün öz nümayəndələrini ayırmalıdırlar.

Nəhayət, fərmana əsasən, digər qurumlar torpaq sahəəri və burada görülən işlərlə (o cümlədən torpaqların münbitliyinin bərpası və artırılması üçün görülən işlərlə) bağlı bütün məlumatları 3 ay müddətində ƏMDK-ya təqdim etsinlər. Bu məlumatlar torpaqların elektron uçotu sistemində istifadə olunacaq.

Bələdiyyələrə torpaq ayrılması qaydaları dəqiqləşəcək

Fərmanda Nazirlər Kabinetinə tapşırılır ki, bələdiyyə mülkiyyətinə torpaq alınması zərurəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə bələdiyyələrin vəsatətlərinə baxılması qaydasına dair təkliflərini üç ay müddətində Azərbaycan prezidentinə təqdim etsin. Eləcə də, Nazirlər Kabineti ƏMDK-nin təklifləri əsasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması, bu məqsədlə yerquruluşu, xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin və torpaq, geobotaniki və aqrokimyəvi tədqiqatların mərhələlərlə aparılmasının maliyyələşdirilməsi məsələlərini həll etməlidir. 

Maarifləndirmə tədbirləri güclənəcək

Fərmanda ƏMDK-ya tapşırılır ki, torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsini, aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsini təmin etsin.

Torpaqların elektron uçot sisteminin yaradılması ilə bağlı maarifləndirmə işləri də aparılacaq. Fərmana əsasən, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr bu sahədə görülən işlərin mahiyyəti və nəticələri barədə izahat verilməsi üçün ƏMDK-nin tədbirlərində iştirak etməli və bu tədbirlərə təşkilati dəstək verməlidirlər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275