ƏMLAK

Bakıda binaları sakinlər özləri idarə edəcək – YENİLİK
18 NOYABR 2015
1691

Bakıda binaları sakinlər özləri idarə edəcək – YENİLİK

2015-11-18 16:40:00

Bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə mənzil fondunun bazar iqtisadiyyatı prinsiplərinə uyğun idarə olunmasının təşkili, sahə mülkiyyətçilərinin idarəetmədə yaxından iştirakının təmin olunması, yeni yaradılan Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin (MMMC) fəaliyyətinin dəstəklənməsi, eləcə də bu sahədə mövcud problemlərin müzakirəsi məqsədilə “Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin fəaliyyətinin təşkili: problemlər və perspektivlər” mövzusunda "dəyirmi masa" keçirilib.

Fins.az-ın məlumatına görə, tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, beynəlxalq təşkilatların, aidiyyəti dövlət orqanlarının, bələdiyyələrin və çoxmənzilli binalarda yaradılan MMMC-lərin, həmçinin təşəbbüs qruplarının nümayəndələri iştirak ediblər.

Nazirliyin Mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov ölkəmizdə həyata keçirilən mənzil-kommunal siyasəti, bu sahənin perspektivləri barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Bakı şəhərində çoxmənzilli binalarda sahə mülkiyyətçiləri tərəfindən idarə edilməsi ilə əlaqədar indiyədək 17 MMMC dövlət qeydiyyatına alınıb. Hazırda yeni üsulların tətbiqi, o cümlədən yeni MMMC-lərin yaradılması istiqamətində əlavə olaraq 20-dən artıq layihə üzrə işlər aparılır.

Nazirliyin sektor müdiri Arif Nəzərov MMMC-lərin yaradılmasında dövlət dəstəyi, Binəqədi rayon İcra Hakimiyyətinin şöbə müdiri Ramiz Göyüşov Binəqədi rayonunda MMMC-lərin təşkili barədə təqdimatlarla çıxış ediblər. Tədbirdə iqtisadçı-ekspert Nüsrət İbrahimov, “Yasamal-2” MMMC-nin sədri Gülbaba Cavadov, “Xətai-3” MMMC-nin sədri Mehman Nağıyev və digərləri məruzələrlə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır