DÜNYA

Səudları batıran hücum: yataqları bərpa etməyə uzun aylar lazım gələcək
23 SENTYABR
179

Səudları batıran hücum: yataqları bərpa etməyə uzun aylar lazım gələcək

2019-09-23 16:15:00

Səudiyyə Ərəbistanının neft yataqlarına endrilmiş dron və raket zərbələrinin nəticələri bu ölkə üçün gözlənildiyindən daha ağır ola bilər. Virtualaz.org xəbər verir ki, dövlət neft şirkəti “Saudi Aramco” hücuma məruz qalmış neft qurğularını bərpa etmək üçün qərb podratçıları ilə çarəsiz danışıqlar aparır. Bərpa işləri isə uzun aylar apara bilər.

“The Wall Street Journal” qəzetinin yazdığına görə “Saudi Aramco” rəhbərliyi əvvəlcə bərpa işlərinə uzağı 10 həftə vaxt lazım olacağını bildirmişdi. Lakin vəziyyətin daha mürəkkəb olduğu üzə çıxıb və şirkətin menecerləri bərpa işlərini təcili başlatmaq üçün podratçıları, o cümlədən “Baker Hughes” şirkətini “bombardman edir”. Şirkətin ofisinə təcili kömək tələbi ilə  aramsız telefon zəngləri edilir, fakslar və elektron məktublar göndərilir.

Bildirilir ki, “Saudi Aramco” neft emalı zavodlarını bərpa etmək və avadanlıqlar  üçün podratçılara yüksək qiymət vəd edir. Çünki hücumlara görə həm Səudiyyə iqtisadiyyatı, həm “Saudi Aramco” şirkətinin özü təhlükəyə düçar ola bilər. Hücuma məruz qalan neft yataqları Səudiyyənin gündəlik neft hasilatının az qala 90 faizini təmin edirdi. Hücumlardan sonra hasilat yarıdan çox azalıb. “Saudi Aramco” hasilatı bərpa etdiyi haqda bir neçə dəfə açıqlama versə də mənbələr buna şübhə edir.

Neft yataqlarının bərpası yüz milyonlarla dollara başa gələ bilər. Belə ki, dəqiq zərbələr nəticəsində neft təmizləyən qurğular sıradan çıxıb, neftin ilkin təmizlənməsi və ixraca hazırlanması prosesində istifadə olunan digər qurğular, çənlər zədələnib. Xatırladaq ki, sentyabrın 14-də gecə baş vermiş hücuma görə məsuliyyəti Yəməndə husilərin “Ənsar Allah” qruplaşması üzərinə götürmüşdü. Lakin ABŞ və Səudiyyə Ərəbistanı hücumun İran tərəfindən həyata keçirildiyini bildirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır