DÜNYA

Neft Bazarında Səudiyyə Ərəbistanının yerini kim tutacaq ?
19 SENTYABR
176

Neft Bazarında Səudiyyə Ərəbistanının yerini kim tutacaq ?

2019-09-19 15:49:00

Xurays yatağına və Abkayk kompleksinə hava hücumu Səudiyyə Ərəbistanın hasilat sənayesinin düz ürəyindən vurub. Xuraysda sutkalıq hasilat həcmi 1,2 milyon barel təşkil edir. Neft emalı üzrə dünyanın ən böyük istehsal obyekti hesab edilən Abkaykda sutkalıq hasilat həcmi 7 milyon barelə bərabərdir. Kompleks ölkənin ən böyük Qavar yatağından hasil edilən nefti təmizləyir. Abkayk həmçinin boru kəməri vasitəsilə Şaybax neft yatağı və Yanbu ixrac terminalı ilə birləşir.

Səudiyyə Ərəbistanı energetika nazirinin bəyanatına əsasən, sutkalıq neft hasilatını 5,7 milyon barel azaltmaq lazım gəlib. “Saudi Aramco” şirkətindən bildirilib ki, istehsal obyektlərinin böyük hissəsini iki gün ərzində bərpa etmək mümkün olacaq, lakin hasilatın tam bərpa edilməsi bir neçə həftə çəkə bilər. Xarici bazara neft tədarükü ölkənin ehtiyat fondunun hesabına təmin ediləcək. Bu ehtiyat isə 36 günə bəs edəcək. Bu barədə Yekaterina Qruşevenko “RBC” agentliyində yazır.

“Bloomberg” agentliyinin hesablamalarına əsasən, hasilatda müşahidə olunan cari azalma neft sənayesi tarixi ərzində ən böyük azalmadır. Bu hadisə miqyasına görə 1979-cu il İran inqilabı zamanı sutkalıq 5,6 milyon barellik hasilat kollapsını və 1973-1974-cü illərin məşhur neft embarqosunu kölgədə qoyub.

Səudiyyə Ərəbistanı ABŞ, AB, Çin və Hindistanın əsas tədarükçülərindən biridir. Krallığın ixracının təxminən 50%-i məhz onların payına düşür. Hərçənd istehlakçıların reaksiyasını kifayət qədər təmkinli adlandırmaq olar. ABŞ prezidenti Donald Tramp (Donald Trump) sentyabrın 15-i bazarda təklifi saxlamaq üçün ölkənin strateji neft ehtiyatlarının işə salınmasına göstəriş verib.

Məqalədə deyilir ki, 2019-cu ilin sonunadək neft qiymətləri ilk növbədə Abkaykdakı kompleksə dəyən ziyanın həcmindən və təmir müddətindən asılı olacaq. Qeyd etmək lazımdır ki, peyk təsvirləri əsasında ekspertlərin gəldiyi yekun nəticə elə də ürəkaçan deyil. Təmir işləri bir neçə ay davam edə bilər.

Bərpa işləri bir-iki ay davam etsə, onda ilin sonunadək qiymətlər 75 dollara çata bilər. Bu zaman bazar İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrin kommersiya ehtiyatlarının hesabına güclü çatışmazlıq hiss etməməlidir. Amma istifadə edilən ehtiyatın yeri doldurulmalıdır. Bu da tələbatı artıracaq, qiymətləri yüksək səviyyədə saxlayacaq. Təmir daha çox uzansa, ya da təkrar hücum baş versə qiymətlər 75 dolları da keçə bilər.

Böhran üç aydan artıq davam etsə, Səudiyyə Ərəbistanının ehtiyatı bəs etməyəcək. Bundan başqa, “OPEC+” iştirakçılarının artıra biləcəyi hasilat həcmi də kifayət etməyəcək. Səudiyyə Ərəbistanı olmadan “OPEC+”-da ehtiyat neft həcmi sutkalıq 0,8 milyon barel təşkil edir. Onun 0,3 milyon bareli Rusiyanın payına düşür. ABŞ-a gəldikdə, energetika departamentinin proqnozlarına əsasən, onlar ilin sonunadək hasilatı sutkalıq 0,3 milyon barel, qiymət artımı sayəsində isə 0,5 milyon barel artıra bilərlər. Fantastik ssenari baş versə, ABŞ İrana qarşı neft sanksiyalarını ləğv etsə belə, bu, bazara əlavə sadəcə 1,2 milyon barel verəcək.

Səudiyyə Ərəbistanında baş verən hadisə dünya bazarında neft tədarükü sisteminin nə qədər zəif olduğunu göstərir. İxracatçı ölkələr, ola bilsin, istehlakçılarla birgə infrastrukturun təhlükəsizliyinin təmin edilməsi üzrə əlavə tədbirlər görməli olacaq. Ancaq terror hücumlarından müdafiə probleminin həlli neft bazarı çərçivəsindən kənara çıxır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır