DÜNYA

Media Rusiya ilə Belarus iqtisadiyyatının birləşdirilməsinin detallarını öyrənib
16 SENTYABR
138

Media Rusiya ilə Belarus iqtisadiyyatının birləşdirilməsinin detallarını öyrənib

2019-09-16 17:27:00

İki ölkənin hökumətləri vahid Vergi və Mülki məcəllələrin, birgə xarici ticarət rejiminin, eləcə də birləşmiş bank nəzarətinin və neft-qaz sahəsinin vahid tənzimləmə sisteminin yaradılmasını planlaşdırırlar.

Rusiyanın baş naziri Dmitri Medvedyev və Belarusun baş naziri Sergey Rumas sentyabrın 6-ı “İttifaq dövlətinin yaradılması haqqında sazişin şərtlərinin icrası üzrə Belarus və Rusiyanın fəaliyyət proqramı” layihəsinə müxtəsər imza atıblar. “Kommersant” həmin sənədlə tanış olub. Nazirlər Kabinetindən olan mənbə sənədin əslliyini təsdiqləyib.

Qəzet qeyd edir ki, cari ilin yazından bu məsələ ilə bağlı Moskva və Minsk arasında yüksək səviyyədə danışıqlar getsə də, layihənin proqramı dərc edilməyib. Hələlik tərəflər noyabrın 1-dək iqtisadiyyatların birləşməsinin “yol xəritəsi” üzrə təklifləri təqdim etməyi planlaşdırır. Gələn ilin sonunadək qanunverici səviyyədə addımları hazırlamaq planlaşdırılır, birgə rejimdə punktların əksəriyyəti üzrə işlərə isə 1 yanvar 2021-ci ildən başlanılacağı ehtimal edilir.

Nəşr layihənin ən vacib bəndinin vergi sistemlərinin birləşməsi olduğunu qeyd edir. 1 aprel 2021-ci ilədək vahid Vergi Məcəlləsinin qəbul ediləcəyi gözlənilir. Onun nə zaman qüvvəyə minəcəyini söyləmək isə mümkün deyil. 1 yanvar 2022-ci ildən İttifaq dövlətində ümumi və milli predmetlərə aid məsələlər ayrılsa, onda Rusiyanın Vergi Məcəlləsi 2022-ci ildə dəyişdirilə bilər.

Proqramın növbəti iki bəndi 2021-ci ildən gömrük siyasətinin və enerji siyasətinin birləşdirilməsidir. Bundan başqa tərəflər ödəmə sistemlərinin birləşdirilməsi və investisiyaların vahid müdafiə rejimi ilə bağlı razılığa gəlmək niyyətindədirlər. Bu zaman sənəddə emissiya banklarının birləşməsi və vahid valyuta məsələsinə toxunulmayıb.

Həmçinin “sənaye siyasətinin” tənzimlənməsi ilə bağlı vahid normaların yaradılması nəzərdə tutulur. Bundan başqa, 2021-ci ilədək dövlət sifarişlərinə və sahibkarlıq uçotu və təsərrüfat qanunvericilyinin unifikasiya sisteminə vahid çıxış imkanının meydana çıxacağı planlaşdırılır.  Çox güman, bununla Mülki Məcəllə nəzərdə tutulur. 2022-ci ilin yanvar ayından Rusiya və Belarus əmək bazarı və sosial müdafiə sahəsində “razılaşdırılmış siyasət” yürütmək niyyətindədir.

“Kommersant” qeyd edir ki, proqramda müdafiə, təhsil, dövlət təhlükəsizliyi, hüquq mühafizə orqanları, səhiyyə, elm, həmçinin məhkəmə sistemi, Daxili İşlər Nazirliyi və dövlət idarəsi sahələrinə toxunulmayıb. Tərəflər sazişin başqa bəndlərinin gələcəkdə müzakirə ediləcəyinə dair razılığa gəliblər.

Xatırladaq ki, Rusiya və Belarusun inteqrasiyası 1999-cu il tarixli İttifaq dövlətinin yaradılması haqqında sazişə əsaslanıb. Mövzunun aktiv müzakirəsi cari ilin mart ayında başlayıb. Onda Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanı Belarusun tərkibinə qoşmağı təklif edib, Moskvanın qonşu respublikanı ələ keçirmək planlarının olmadığını qeyd edib. Apreldə “Bloomberg” agentliyi Kremldə olan mənbəyə istinadən məlumat verib ki, Rusiya prezidenti Vladimir Putin İttifaq dövlətinə başçılıq edə bilər. Dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumatı təkzib edərək, informasiyanın əslində müzakirə edilən məsələlərlə əlaqəsi olmadığını qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır