DÜNYA

Gürcüstanda minimal əmək haqqının artırılması qalmaqal yaradıb
13 SENTYABR
383

Gürcüstanda minimal əmək haqqının artırılması qalmaqal yaradıb

2019-09-13 22:57:00

Gürcüstan iqtisadiyyatı son 20 ildə xeyli artıb: 1999-cu ildə 3 milyard dollardan aşağı olan ÜDM bu il təxminən 20 milyard dollara çatıb. Lakin bu müddət ərzində ölkədə minimal əmək haqqı dəyişməz olaraq qalıb – aylıq 20 lari (təxminən 7 dollar). Bu, keçmiş SSRİ-də ən aşağı göstəricidir. “Eurasianet.org” saytının Qafqaz üzrə redaktoru, amerikalı analitik Coşua Kuçera (Joshua Kucera) yazır.

Həmkarlar İttifaqları tərəfindən dəstəklənən parlament üzvlərindən biri ölkədə əmək haqqına minimal yaşayış məbləğinin tətbiq edilməsini təklif edir. Ancaq qeyri-məhdud, azad bazar ideyasının siyasi konsensus mövzusuna çevrildiyi bir vaxtda yaranmış siyasi konyunkturanı nəzərə alsaq, təşəbbüsün tərəfdarları onu həyata keçirməyin elə də asan iş olmayacağını düşünürlər.

Parlament deputatı Beka Nasvlişvilinin hazırladığı qanun layihəsində minimal əmək haqqının 400 lariyədək (vergiləri çıxmaq şərtilə) artırılması nəzərdə tutulub. Onun əməkdaşları Gürcüstanda yaşamaq üçün lazım olan minimal məbləği hesablayıblar: təxminən aylıq 300 lari. Sənəd bu payız parlament sessiyası çərçivəsində müzakirəyə çıxarılacaq.

Məqalə müəllifi qeyd edir ki, təklif edilən yeni məbləğ iyul ayına olan məlumata görə adam başına düşən 187 lari məbləğində qiymətləndirilən rəsmi yaşayış minimumundan xeyli çoxdur. Amma yerli əhali rəsmi məlumatları ironiya ilə qarşılayır. Minimal əmək haqqının artırılması ideyasının tərəfdarları iddia edir ki, bu statistika köhnə metodologiya əsasında hesablanır . Belə ki, bu üsulda bazarda ərzaq məhsulunun qiymətini aşağı sala bilən alıcının əldə etdiyi endirim də nəzərə alınır. “İndi bizdə fiks qiymətlərin olduğu supermarketlər fəaliyyət göstərir”, - deyə Nasvlişvili bildirib.

Qanun layihəsi qəbul edilsə, əmək haqqı xeyli arta bilər: rəsmi statistika məhz neçə nəfərin ayda 400 lariyədək məvacib aldığını təsdiqləməsə də, ölkənin işçi qüvvəsinin təxminən 28%-nin ayda 500 laridən az pul aldığını və bu qrupda orta əmək haqqının 280 lari olduğunu göstərir.

Gürcüstanın sabiq maliyyə naziri, hal-hazırda “Policy and Management Consulting Group” təşkilatının biznes-konsultantı Aleksi Aleksişvili bu təşəbbüsü dəstəkləmədiyini bildirib: “Mən istər Gürcüstanda, istərsə də başqa ölkədə kiçik də olsa minimal əmək haqqını dəstəkləmirəm. Mümkün olduğu qədər daha sadə və etibarlı biznes mühiti dəstəkləməliyik”.

Təşəbbüsün tərəfdarları bu arqumentləri təkzib etməyə çalışıb. Almaniyanın Sosial-Demokratik Partiyası ilə əlaqəli olan qeyri-hökumət təşkilatı Fridrix Ebert Fondunun (FES) Tiflis nümayəndəliyinin ilin əvvəlində hazırladığı araşdırmada ölkədə minimal əmək haqqının artırılmasının nəticələri öyrənilib. FES minimal əmək haqqını orta əmək haqqının ən azı 30%-dək artırılmasını məsləhət görüb, bu da ayda təxminən 280 lari təşkil edəcək.

“[Araşdırmanın] məqsədi hökumət olub, - FES-in Cənubi Qafqaz üzrə direktoru Feliks Hett (Felix Hett)  qeyd edib. – Biz əminik ki, bu, zərər vurmayacaq, büdcəni yükləməyəcək, iş yerlərini azaltmayacaq, əhalinin rifah səviyyəsini artıracaq”.

Kuçera yazır ki, minimal əmək haqqı tərəfdarları bu siyasi konsensusdan yan keçmək məqsədilə ictimaiyyətin dəstəyini əldə etməyə çalışırlar. Bir neçə həmkarlar ittifaqı, o cümlədən metropoliten əməkdaşlarını təmsil edən ittifaqlar, teleşirkətlər və sosial işçilər təşəbbüsü dəstələmək üçün imza toplayırlar. Bugünədək təxminən 6 min imza toplanıb. Müstəqil “Həmrəylik” həmkarlar ittifaqı təşkilatının başçısı Sopo Caparidze hədəfin 20-40 min imza olduğunu deyib.

“Hamı bunu istəyir, - deyə Caparidze vurğulayıb. – İnsanlar bizə deyirlər ki, [minmal əmək haqqı] daha yüksək olmalıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır