DÜNYA

London sərt "Brexit" halında böhran ssenarisini AÇIQLAYIB
12 SENTYABR
94

London sərt "Brexit" halında böhran ssenarisini AÇIQLAYIB

2019-09-12 11:36:00

Böyük Britaniya hökuməti ötən gün İcmalar Palatasının deputatlarının tələbi ilə kod adı “Operation Yellowhammer” (“Tənək quşu əməliyyatı”) olan, beş səhifəlik məxfi planın detallarını açıqlamaq məcburiyyətində qalıb. Sənəd oktyabrın 31-i  sərt “Brexit” halında fəaliyyət ssenariləri və proqnozlardan bəhs edir. Fins.az xəbər verir ki, bu barədə “DW” portalı məlumat verir.

Plana əsasən, Böyük Britaniya AB-ni sazişsiz tərk edəcəyi halda, avtomatik olaraq “üçüncü ölkə” statusu əldə edir, Brüssellə münasibətlər isə “düşmən münasibətlər” xarakteri qazanır.

Bu zaman La-Manşın kəsişmə yerlərində yaranacaq nəqliyyat kollapsı üç aya qədər davam edə bilər, nəqliyyat axınının intensivliyi isə sutkada 40-60% azalacaq.

Bu, ölkəyə dərmanların və tibbi preparatların idxalına təsir göstərəcək. Bəzi dərmanların saxlanma müddəti çox qısa olduğu üçün hazırlıqlar görülsə də, neqativ təsirdən tamamilə yan qaçmaq mümkün olmayacaq.

Təzə ərzaq məhsulları, həmçinin bəzi veterinar preparatların idxalında da fasilələr yaranacaq. Birinci halda yaranan fasilələlərin supermarketlərdə qiymət artımına və ardınca əhali arasında panikaya səbəb olacağı gözlənilir.

Ekspertlər həmçinin Böyük Britaniya və AB hüquq mühafizə orqanları arasında məlumat mübadiləsində problemlərin olacağını proqnozlaşdırırlar. Sənəddə qeyd edilir ki, etirazlar və ictimai narazılığın yatırılmasına “çoxlu” polis cəlb ediləcək.

Hökumət “məhdud xüsusi hallar istisna olmaqla” İrlandiya ilə sərhəddə “yeni yoxlamalara yox” siyasətini həyata keçirməyə çalışacaq. Lakin uzunmüddətli perspektivdə bu cür model özünü doğrultmaya bilər. Bu zaman, Şimali İrlandiyada elektrik enerjisinin qiymətində kəskin artım gözlənilir.

Parlamentin müxalifətçi deputatları şəxsi yazışmaların, o cümlədən parlamentin fəaliyyətinin beş həftəlik dayandırılmasına aid baş nazir Boris Consonun (Boris Johnson) əsas köməkçilərinə məxsus “WhatsApp” və “Facebook” hesablarındakı yazışmaların da dərc edilməsini tələb edib. Ancaq bu xahiş ölkə rəhbərliyi tərəfindən “yersiz” tələb kimi rədd edilib.

Xatırladaq ki, Böyük Britaniya AB-ni martın 29-da tərk etməyi planlaşdırsa da, həmin vaxta kimi “Brexit” planını razılaşdıra bilməyib. Apreldə AB-ə üzv olan 27 ölkə Brüsseldə baş tutan növbədənkənar sammitdə Londona oktyabrın 31-dək möhlət vermək qərarına gəlib. Baş nazir Conson təyin edilən tarixədək Böyük Britaniyanın AB-dəki üzvlüyünə xitam vermək niyyətindədir.

Qeyd edək ki, bir müddət əvvəl “The Sunday Times” nəşri məxfi sənədlərin bir hissəsini dərc etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır