DÜNYA

Consonun qalmaqallı müşavirinin yeni facebook planları
09 SENTYABR
67

Consonun qalmaqallı müşavirinin yeni facebook planları

2019-09-09 21:52:00

Dominik Kamminqs (Dominic Cummings) Boris Consonun (Boris Johnson) əsas müşaviridir və “Brexit”-lə bağlı referendumda mühüm rol oynamış adamdır. Deyəsən, növbədənkənar seçkilər sosial şəbəkələrdə onun qalmaqallı iş metodlarına yenidən tələbat yaradacaq.

Dominik Kamminqs Oksford Universitetindən tarix fakültəsinin məzunudur. O, təhsilini başa vurduqdan sonra müəyyən müddət Rusiyada bizneslə məşğul olub. Böyük Britaniyaya qayıtdıqdan sonra hökumətə işləməyə başlayıb, 2014-cü ildə təhsil nazirinin xüsusi müşaviri postundan qalmaqallı bir şəkildə uzaqlaşdırılıb. Ardınca Kamminqs Böyük Britaniyanın AB-ni tərk etməsini dəstəkləyən “Vote Leave” hərəkatının liderlərindən biri olub. “Brexit”-in əsas şüarlarından biri olan “Nəzarəti özünə qaytar” məhz onun adına yazılır. Həmkarları 47 yaşlı Kamminqsi emosional, “axmaqlarla işləyə bilməyən” insan kimi xarakterizə edir. Bu barədə “DW” portalı yazır.  

2014-cü ildə keçmiş baş nazir Devid Kemeron (David Cameron) Kamminqsi “karyera dəlisi” adlandırıb.

Yay mövsümü ərzində Mühafizəkarlar Partiyası “Brexit” referendumundan öncə uğurla tətbiq edilən “Vote Leave” strategiyasını “Facebook” sosial şəbəkəsində təkrarlayıb. 2016-cı ildə “Qara “Brexit” qüvvələrinin ustası” adına layiq görülən  Kamminqsin başçılığı altında “Vote Leave” hərəkatı “AppStore” və “Google Play”-də səsvermə oyunu yerləşdirib. İnsanlar həmin oyunları oynayanda, proqram istifadəçi məlumatları emal edib. Həmin vaxt hərəkat “Facebook”-da hədəf kütləsinin axtarışına və öz ideyalarının təbliğinə 2,7 milyon funtdan çox vəsait xərcləyib.

Nəşr xatırladır ki, Mühafizəkarlar Partiyası avqustun 1-də “Facebook”-da reklam kampaniyasını işə salıb. O, sosial şəbəkədə 841 reklam yerləşdirib. Həmin mesajlarda deyilib ki, Conson bu gündən etibarən 20 min polisi işə götürmək qərarına gəlib. İstifadəçilər “daha çox hansı ərazilərdə polis qüvvələri görmək istədiklərini söyləmək üçün” qeyd olunan keçiddə elektron poçt ünvanını və ya yaşadığı ünvanı daxil etməli olub.

“Siyasi reklam” bloqunun təsisçisi Benedikt Pinql (Benedict Pringle) qeyd edir ki, mühafizəkarların “Facebook”-dakı sonuncu kampaniyası da müəyyən mesajlara hansı auditoriyanın daha çox reaksiya verdiyini müəyyənləşdirməyə yönəlib. “Sosial şəbəkənin reklam elanları arxivində eyni mesajların böyük sayda oxşar versiyalarını görə bilərsiniz”, - deyə Prinql bildirib. “Facebook” yaşadığı ünvan, siyasi mövqeyi və yaş kateqoriyasına görə istifadəçiləri seçməkdə reklam yerləşdirənlərə imkan yaradır.

Rəqəmsal texnologiyalardan istifadə sahəsində siyasi konsultant kimi fəaliyyət göstərən Bred Paskal (Brad Pascal) “CBS” telekanalına açıqlamasında 2016-cı il ABŞ-da keçirilən prezident seçkilərinə toxunaraq bildirib: “Adətən üslubu, sözləri, rəngi dəyişərək gündə 50000-60000 reklam yerləşdirirdik. Mesajları dəyişirdik, çünki bəzi insanların yaşıl düymə xoşuna gəlir, bəziləri isə “qurban vermək” yerinə “töhfə vermək” sözünə üstünlük verir”.

Sosial şəbəkələrdə şəffaf siyasi reklamları dəstəkləyən “Məni kim hədəfə alıb” təşkilatının əməkdaşı Reyçel Lavin (Rachel Lavigne) hesab edir ki, rəqəmsal siyasi reklam müasir dünyada böyük təsir gücünə malik olduğu üçün insanlar həmin reklamı yaradanların, ona pul buraxanların və müxtəlif qruplara hansı mesajların göndərildiyini bilməlidir.

Prinql etiraf edir ki, demokratiya şəraitində siyasi reklamın pozitiv amil ola biləcəyini düşünənlərin cərgəsinə aiddir. “Məhz bu səbəbdən bu sistemdə islahatlar aparmaq istəyirəm”, - deyə bloq müəllifi əlavə edir. Ötən il blogger və peşəkar reklamçı “Siyasi reklamların islahatı” koalisiyasının yaradıcısı olub. Koalisiyanın iştirakçıları ictimaiyyətə açıq siyasi reklam kampaniyalarının məlumat bazalarının tərtib edilməsini təklif edib. 

Siyasi reklam sahəsinin tənzimlənmədiyi halda, Boris Consonun sosial mediadakı reklamı rəqəmsal siyasi kampaniyanın yeni norma olduğunu təsdiqləyir. Baş nazirin komandasının növbədənkənar seçkilərə hazırlaşdığını nəzərə alsaq, Böyük Britaniya  növbəti dəfə Dominik Kamminqsin taktikasının nə qədər yaxşı işlədiyinə əmin ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır