DÜNYA

Qazaxıstan hazır neft məhsullarının ixracı üzrə lider ölkələr sırasına çıxacaq
09 SENTYABR
95

Qazaxıstan hazır neft məhsullarının ixracı üzrə lider ölkələr sırasına çıxacaq

2019-09-09 12:18:00

Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev bu ölkənin neft-qaz sənayesinin 120 illiyinə həsr olunmuş təntənəli tədbirdə bəyan edib ki, qarşıdakı illər ərzində Qazaxıstanın əsas məqsədlərindən biri təkcə xam neft istehsalı və ixracını artırmaq deyil, həm də hazır neft məhsullarının satışı üzrə ən qabaqcıl dövlətlərdən biri olmaqdır. Bu məlumatı “Anadolu” agentliyi Qazaxıstan Prezidentinin Administrasiyasına istinadən yayıb.

Prezident vurğulayıb ki, ölkənin zəngin karbohidrogen ehtiyatlarının istismarı və emalı prosesində yüksək texnologiyaların tətbiqi zəruridir və bu zaman ən yüksək ekoloji tələblərə əməl olunması vacibdir.

K.J.Tokayev çıxışında sonra deyib: “Bu günlərdə Qazaxıstan xalqına müraciətimdə qeyd etdiyim kimi, biz 2025-ci ilə kimi ümumi daxili məhsulun artım sürətini 5 faiz və bundan da yuxarı səviyyəyə çatdırmağı planlaşdırmışıq. Bu vəzifənin həyata keçirilməsində ölkəmizin neft-qaz sektoru böyük rol oynayacaq”.

Qeyd etmək lazımdır ki, son illər Türkiyə ilə Qazaxıstan arasında iqtisadi, ticari və mədəni əlaqələr yüksələn xətlə inkişaf edir. Bu günlərdə Türkiyənin Elmi və Ədəbi Yazarlar İctimai Birliyinin (İLESAM) rəhbəri Mehmət Nuri Parmaksız Qazaxıstana türk dilində nəşr olunmuş 10 min kitab hədiyyə edib. Onun sözlərinə görə, Qazaxıstan latın qrafikinə keçir və belə kitablara orada ehtiyac var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır