DÜNYA

Vladimir PUTİN: Ukrayna rəsmiləri ilə apardığımız danışıqlar sona yaxınlaşır
06 SENTYABR
80

Vladimir PUTİN: Ukrayna rəsmiləri ilə apardığımız danışıqlar sona yaxınlaşır

2019-09-06 13:32:00

Rusiya Prezidenti Vladimir Putin Moskva və Kiyev arasında münasibətlərin tam normallaşmasını qaçılmaz hesab edir. Bu barədə o, dünən Uzaq Şərq İqtisadi Forumunda çıxışı zamanı bəyan edib. Məlumatı TASS verib.

Putin deyib ki, Rusiya və Ukrayna eyni xalqın iki hissəsidir: “Mən bu barədə çox danışmışam. Düşünürəm ki, münasibətlərimiz tarixi perspektivdə mütləq normallaşacaq. Bu, daha çox hazırkı Ukrayna rəhbərliyindən asılıdır”.

Putin hesab edir ki, Rusiya və Ukrayna saxlanılmış şəxslərin genişmiqyaslı mübadiləsini də həyata keçirəcək. Münasibətlərin normallaşması istiqamətində bu, yaxşı addım olardı: “Mən düşünürəm ki, bu, kifayət qədər böyük, miqyaslı və normallaşmaya doğru irəliləməkdə yaxşı addım olacaq”. RF Prezidentinin sözlərinə görə, saxlanılmış şəxslərlə bağlı Ukrayna tərəfi ilə danışıqlar başa çatmaq üzrədir: “Bizim Ukraynanın rəsmi nümayəndələrinin də iştirakı ilə apardığımız danışıqlar finala yaxınlaşır. Yəqin ki, Ukraynanın bu tədbirdə iştirak edən “Həyat uğrunda – müxalifət platforması” partiyasının başçısı cənab Medvedçuk da bu məsələ ilə bağlı məni sorğu-suala çəkəcək.

Bilirəm ki, o, Rusiya Federasiyanın azadlıqdan məhrumetmə yerlərində saxlanılan bir neçə nəfərin taleyi ilə bağlı ciddi narahatlıq keçirir. Bu konkret adamlara qarşı qərar qəbul etmək bizim üçün də kifayət qədər çətin oldu. Yəqin ki, yaxın vaxtlarda danışıqların nəticələri məlum olacaq”. Qeyd edək ki, son vaxtlar bu istiqamətdə ciddi işlər aparılır, sadəcə, dəqiq tarixlər və adlar açıqlanmır. Bir müddət əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da danışıqlar prosesində tərəqqi əldə olunduğunu bildirmişdi. Ancaq qeyd etmişdi ki, saxlanılmış şəxslərin mübadiləsi üzrə danışıqlarda nəticəyə gəlinməsi üçün Kiyevin Donbasla bağlı öhdəliklərini yerinə yetirməsi vacibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır