DÜNYA

ABŞ vitse-prezidentindən Zelenskiyə həlliedici vəd
02 SENTYABR
127

ABŞ vitse-prezidentindən Zelenskiyə həlliedici vəd

2019-09-02 15:47:00

ABŞ-ın vitse-prezidenti Maykl Pens  Ukraynanın dövlət başçısı Vladimir Zelenskini Vaşinqtonun Rusiya ilə münaqişədə dəstəyini davam etdirəcəyinə əmin edib. “Biz Ukrayna xalqını, onun təhlükəsizliyini, ərazi bütövlüyünü, o cümlədən Krımla bağlı qanuni iddialarını dəstəkləməyə davam edəcəyik”. “DW” portalı yazır ki, Pens bu sözləri sentyabrın 1-i Varşavada İkinci Dünya Müharibəsinin başlanmasının ildönümünə həsr edilmiş xatirə tədbirlərinin kuluarlarında Zelenski ilə baş tutan görüşündə söyləyib.

Xatırladaq ki, həmin gün Polşada Ukrayna prezidenti və onun amerikalı həmkarı Donald Tramp (Donald Trump) arasında danışıqlar planlaşdırılsa da, sonuncu ABŞ sahillərinə yaxınlaşan “Dorian” qasırğasına görə Avropa səfərini təxirə salıb.

İyunun 18-i Pentaqon Ukraynanın “hərbi dəniz və quru qoşunları potensialını möhkəmlətmək üçün” Kiyevə 250 milyon dollar məbləğində vəsaitin ayrıldığını bəyan edib. Beləliklə, 2014-cü ildən Vaşinqtonun Kiyevə təqdim etdiyi hərbi yardımın ümumi həcmi 1,5 milyard dollara çatıb.

Bununla belə, Amerikanın “Politico” nəşri dövlət çevrələrində olan mənbələrə istinadla məlumat verib ki, Tramp həmin vəsaitin yoxlanılmasına göstəriş verib. Pens jurnalistlərin bu mövzu ilə bağlı suallarını cavablandırmayıb.

Bundan başqa, avqustun 25-i “Böyük yeddiliy”in Fransanın Biaris şəhərində baş tutan sammitində ABŞ prezidenti Rusiyanın 2020-ci ildə keçiriləcək görüşə dəvət edilməsinin mümkün olduğunu qeyd edib. Lakin görüş iştirakçıları Vladimir Putinin iştirakı ilə “Böyük səkkizlik” formatının bərpa edilməsinə qarşı çıxıblar. Belə ki, Rusiyanın 2014-cü ildə Ukraynaya məxsus Krım yarımadasını ilhaq etməsindən sonra ölkənin qrupdakı fəaliyyəti dayandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır