DÜNYA

ABŞ Maliyyə Nazirliyi Çini valyutasıyla bağlı AÇIQLAMA
06 AVQUST
115

ABŞ Maliyyə Nazirliyi Çini valyutasıyla bağlı AÇIQLAMA

2019-08-06 13:56:00

Fins.az-ın məlumatına görə, ABŞ Maliyyə Nazirliyi Çini “valyuta ilə manipulyasiya edən ölkə” adlandırıb və bildirib ki, Nazirlik Çinin “ədalətsiz üstünlükləri”ni aradan qaldırmaq üçün Beynəlxalq Valyuta Fondu ilə sıx əməkdaşlıq edir.

ABŞ Maliyyə Nazirliyi nümayəndələrinin sözlərinə görə, Çin Xalq Bankı avqustun 5-də bu ölkənin milli valyutasının orta mübadilə məzənnəsini 1 dollar üçün 6,9225 yuan səviyyəsində müəyyən edib. Hərracın gedişində yuanın məzənnəsi son 11 ildə ən aşağı səviyyəyə düşərək 1 dollar üçün 7,0292 yuana bərabər olub. Yuanın məzənnəsinin azalması çinli ixracatçılara dünya bazarlarında qiymət üstünlüyü yaradır və ABŞ-da Çin mallarına qoyulmuş tarif hesabına yaranan ziyanı qismən yumşaldır. ABŞ Prezidenti Donald Tramp bununla əlaqədar hiddətləndiyini bildirərək “Twitter” səhifəsində bunu “valyuta manipulyasiyası” adlandırıb və deyib ki, bu cür hərəkətlər Çini zəiflədəcək.

Qeyd etmək lazımdır ki, ABŞ 1994-cü ildən bəri Çin valyutasını “qara siyahı”ya daxil etməyib. Son hadisələr ABŞ-ın Çinə qarşı daha ciddi sanksiyalar tətbiq etməsinə yol aça bilər.

Qeyd edək ki,  Çin ilə Birləşmiş Ştatlar arasında ticarət müharibəsi 2018-ci ilin baharında başlanıb. O vaxt Vaşinqton bir sıra ölkələrdən, o cümlədən Çindən alüminium və polad idxalına rüsumların artırılması barədə qərar qəbul edib. “Böyük iyirmilik” ölkələrinin Buenos-Ayresdə keçirilmiş zirvə görüşündə Donald Tramp və Si Cinpin ticarət müharibəsində barışıq barədə razılığa gəlib və yeni ticarət rüsumları tətbiq edilməsini 2019-cu ilin martına qədər təxirə salmağı qərara alıblar, lakin sonrakı danışıqlar uğursuz olub.

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır