DÜNYA

ABŞ və Çin ticarət danışıqlarının vaxtı açıqlanıb
05 İYUL
152

ABŞ və Çin ticarət danışıqlarının vaxtı açıqlanıb

2019-07-05 16:43:00

ABŞ nümayəndə heyəti iki ölkə arasında ticarət danışıqlarını davam etdirmək üçün gələn həftə Pekinə səfər etməyi planlaşdırır.Fins.az-ın məlumatına məsləhətləşmənin uğuru Vaşinqtonun yaxın zamanlarda Çinin “Huawei” kompaniyasına qarşı sanksiyaların qismən dayandırılması barədə vədlərini yerinə yetirməsindən xeyli dərəcədə asılı olacaq. Əgər Pekin bu istiqamətdə ilk praktiki addımları görsə, buna cavab olaraq ABŞ-ın kənd təsərrüfatı məhsullarının alışını artıracaq.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpinin iyunun 28-29-da Osaka şəhərində keçirilən G20 sammitində görüşü zamanı ticarət danışıqlarının bərpa olunması qərara alınıb. Donald Tramp 300 milyard dollar həcmində Çin məhsullarına yeni tariflər tətbiq etməməyi, həmçinin “Huawei” kompaniyasının fəaliyyətinə qoyduğu məhdudiyyətləri yumşaltmağı vəd edib.

ABŞ-ın hakimiyyət strukturlarında olan mənbənin məlumatına əsasən, Ağ ev yaxın günlərdə “Huawei” kompaniyası ilə əməkdaşlığın bərpa olunması şərtləri barədə müvafiq bəyanat verməlidir.

Əgər tərəflər kompromisə nail olmasalar, bu, danışıqların iflasa uğraması mənasına gələcək və Vaşinqton Çin məhsullarına tariflər tətbiq edəcək.

Xatırladaq ki, Vaşinqtonla Pekin ticarət mübahisələrinin nizamlanması üzrə bir neçə ay danışıqlar aparıb. Danışıqların sonuncu, 11-ci raundu may ayının əvvəlində ABŞ paytaxtında baş tutub. Lakin bundan sonra ikitərəfli məsləhətləşmələr dalana dirənib. ABŞ mayın 10-da Çindən idxal olunacaq məhsullara rüsumları növbəti dəfə - 10 faizdən 25 faizə qədər artırıb. Pekin isə buna cavab olaraq iyunun əvvəlindən ABŞ-dan idxal olunacaq 5 mindən çox məhsula rüsum tətbiq edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır