DÜNYA

Kanada şirkətləri Ukraynada silah-sursat istehsalına investisiya edir
04 İYUL
77

Kanada şirkətləri Ukraynada silah-sursat istehsalına investisiya edir

2019-07-04 10:46:00

Ottava Ukraynanı Kanada silahının satışına icazə verilən ölkələrin siyahısına daxil edib. Fins.az-ın məlumatına görə, bu barədə ölkənin baş naziri Castin Tryudo Ukrayna prezidenti Vladimir Zelenski ilə Torontoda baş tutan birgə mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, qərar fəaliyyəti ilə “nəinki Ukraynaya, eyni zamanda beynəlxalq hüquqa təhlükə kəsb edən” Rusiya ilə mübarizədə Kiyevi dəstəkləmək məqsədilə qəbul edilib. “Rus təcavüzü və Krımın qanunsuz ilhaqı da daxil olmaqla, Ukraynanın suverenliyini pozmaq cəhdləri fonunda Kanada kimi ölkələr üçün tərəfdaşının yanında olmaq çox vacibdir”, - deyə Tryudo vurğulayıb.

Baş nazir həmçinin qeyd edib ki, Kanada şirkətləri artıq Ukraynada silah-sursat istehsalına investisiya edir. O, martda bərpa edilən, Ukrayna ordusunda islahatlara dəstək üzrə “Unifier” əməliyyatının davam etdiriləcəyinə söz verib. Missiya çərçivəsində 200-ə yaxın kanadalı hərbçi 2022-ci il mart ayının sonunadək Ukraynaya yerləşdirilib. Kanada hərbçiləri 2015-ci ildən 12500-dən çox ukraynalı əsgərə hərbi hazırlıq keçib.

Tryudo Rusiya nümayəndə heyətinin AŞPA-ya geri qayıtmasına imkan verən qərarla əlaqədar “məyus olduğunu” dilə gətirib. O, vurğulayıb ki, Moskva ukraynalı dənizçiləri indiyədək azad etməyib, ancaq buna baxmayaraq, Avropa Şurası belə bir addım atıb.

Bu arada Kanadanın xarici işlər naziri hrystia Freeland islahatlara və polis qüvvələrinin təşkilinə dəstək məqsədilə Kiyevə əlavə 45 milyon dollar məbləğində maliyyə yardımının ayrılması barədə məlumat verib. 2014-cü ildən Kanada Ukraynaya ümumi 758 milyon dollardan çox yardım paketi təqdim edib.

Friland həmçinin Moskvanın Donbas sakinlərinə rus pasportlarının verilmə prosedurunu sadələşdirməsi qərarını pisləyib. “Bu gündən etibarən Kanada ölkəyə səfər zamanı həmin pasportlardan istifadənin qarşısını almaq üçün tədbirlər görəcək”, - deyə xarici işlər naziri əlavə edib.

Öz növbəsində Şimali Amerikaya ilk səfərini həyata keçirən Ukrayna prezidenti bildirib ki, Kanadanın müdafiə silahı və hərbi texnikasının, o cümlədən zirehli texnikasının Ukraynaya mümkün tədarükü haqqında prinsipial qərar qəbul edilib. Zelenskinin sözlərinə görə müvafiq saziş yaxın gələcəkdə imzalancaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027