DÜNYA

Rusiya ilə İran niyə müttəfiq ola bilmir?
17 İYUN
758

Rusiya ilə İran niyə müttəfiq ola bilmir?

2019-06-17 14:50:00

Sanki bu iki ölkənin münasibəti misli görünməmiş əməkdaşlıq səviyyəsinə adlayıb, ancaq yenə də onları müttəfiqə çevirmək olmur. Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti, Fins.az xəbər verir ki, “Iran today” nəşrinin təsisçi Nikita Smagin Karnegi Moskva Mərkəzində dərc olunan məqaləsində qeyd edir ki, Rusiya ilə İranın Yaxın Şərqdə məqsədinin fərqli olması onların gələcək yaxınlığına yolu bağlayır.

Deyilənlərə görə Rusiya Suriyada hərbi əməliyyata başlayanda Bəşər Əsəd (Bashar Asad) rejimini xilas etmək üçün məhz İran Kremli hərbi əməliyyatlarda iştirak etməyə inandırıb. Həmin vaxtdan bəri Moskva ilə Tehran eyni Suriya qayığına düşüb, yüksək səviyyədə imzalanan müqavilələrin sayı isə xeyli artıb.

Müəllif Rusiya ilə İran arasındakı iqtisadi əməkdaşlığın kiçik olduğunu xatırladır: “Bu əməkdaşlığı qeyri-standart yanaşmaların köməyi ilə də canlandırmaq mümkün olmur. Ən çox səs-küy salan birgə layihələrdən biri Şimal-Cənub nəqliyyat dəhlizi ideyası olub. Bu dəhliz Hind okeanını Baltik dənizi ilə birləşdirməlidir. Söhbət yüklərin daşınması üçün marşrut xəttinin yaradılmasından gedir: əvvəlcə yük dəniz yolu ilə Hindistandan İrana, sonra quru nəqliyyatı vasitəsilə Xəzər dənizinin sahillərinə, ardınca Xəzər dənizi və ya Azərbaycandan keçən dəmir yolu vasitəsilə Rusiyaya və Baltik dənizi sahillərinə tədarük edilir. Mürəkkəb logistikaya və konteynerlərin dəfələrlə yüklənib-boşalmasına baxmayaraq, Süveşy kanalı ilə müqayisədə Hind okeanından məhsulların Şimali Avropaya tədarükü qat-qat tez və ucuz başa gəlir”.

“İkitərəfli ticarətdə vəziyyət bir qədər yaxşıdır. İran Rusiya sənayesi üçün azsaylı istehlak bazarlarından biri olaraq qalır. Hərçənd rus ixracının üçdə iki hissəsi yenə də kənd təsərrüfatı və ərzaq məhsullarının payına düşür. Daha 20% nəqliyyat vasitələri, o cümlədən dəmir yol lokomotivləri və vaqonları, avadanlıq, metal və kimyəvi sənaye məhsullarının payına düşür. Ümumilikdə rəqəmlər elə də böyük deyil. Ötən il İranın Rusiya ilə ticarət həcmi 1,7 milyard dollara çatıb. Yəni İrlandiya səviyyəsində olub və Rusiyanın xarici ticarət dövriyyəsinin heç 1%-ni təşkil etməyib”, - məqalədə deyilir.

Jurnalist qeyd edir ki, qarşılıqlı ödəmələrdə dollardan imtina üzrə layihələr və ya “məhsul müqabilində neft” proqramı daha çox Kremlin siyasi mövqeyini əks etdirir, amma prinsipial olaraq vəziyyəti dəyişmir. İrana sanksiyalardan yan keçməyə ilk növbədə Çin və Türkiyə kömək edir, Rusiyanın bu işdə heç bir rolu yoxdur.

Smagin Rusiya ilə İranın dünya neft bazarında rəqib və qaz sahəsində potensial rəqib olduğunu xatırladır: “Tehran Moskva və Ər-Riyadın əlaqələrindən və birlikdə neft qiymətlərinə təsir cəhdlərindən dolayı narahatlıq keçirir. Üstəlik, İran qorxur ki, Rusiya Tehrana qarşı sanksiyalardan istifadə edərək onun neft bazarındakı yerini tuta bilər”.

Bu iki ölkədə ictimai rəy də onların yaxınlaşmasına kömək olmur. Rusiyada İrana qarşı açıq-aşkar laqeyd münasibət hökm sürür. İranda isə əksinə, Rusiyaya böyük maraq var. Rusiyaya etibar etmək olarmı? Moskva ilə əlaqə qurmağa dəyərmi? İran mətbuatında tez-tez bu mövzulara rast gəlinir.

Moskva ABŞ-ın Yaxın Şərqdə iştirakını azaltmasından istifadə edərək regionda təsirini artırmağa çalışır. Kreml Vaşinqtonun funksiyalarını yerinə yetirməyə səy göstərir. Yaxın Şərqdə hegemon olmaq üçün Rusiyanın nə iqtisadi, nə də siyasi potensialı var, ona görə onun məqsədi mühüm xarici vasitəçi rolunu oynaya biləcəyi qüvvələr balansını qoruyub saxlamaqdır.

İranın məqsədi isə tamam fərqlidir. O, Yaxın Şərqdə aparıcı gücə çevrilmək istəyir. Tehran yalnız bu yolla İslam Respublikasının təhlükəsizliyini təmin edə biləcəyini düşünür. Bu cür tapşırıq region ölkələrinin çoxu üçün qəbuledilməz haldır. Moskvanın fikrincə, bu, Yaxın Şərqdə sabitliyə mane olur. Regionda istənilən dominant qüvvənin meydana çıxması Rusiyanın maraqlarına cavab vermir. İran da istisna təşkil etmir.

Beləliklə, Suriyadakı aktiv əməkdaşlığa baxmayaraq ölkələrin Yaxın Şərq siyasəti onların qarşılıqlı fəaliyyətinin daha böyük əməkdaşlığa çevrilməsinə imkan vermir, başqa sahələr də əməkdaşlıq üçün baza yaratmır. İqtisadi cəhətdən hər iki ölkə bir-biri ilə işləməyə hazırdır, amma bu sahədə ciddi inkişafa əsas yoxdur. Rusiya bəlkə də Tehranı sanksiyalardan xilas etmək istərdi, lakin bunu özünə ziyan vurmaqla həyata keçirməyə hazır deyil. Şiə İranı və böyük sünni topluma malik dünyəvi, mühafizəkar Rusiya dəyərlər baxımından da bir-birindən çox uzaqdır.

Müəllif sonda qeyd edir ki, bu gün Rusiya fikir ayrılığına deyil, birgə maraqlara bel bağlamağa çalışır. Moskva İranda insan hüquqları, ya da İranın raket proqramı ilə bağlı məsələ qaldırmır. Praqmatizm və Yaxın Şərqdə qarşılıqlı asılılıq bundan sonra da Rusiya-İran əməkdaşlığının inkişafını müəyyənləşdirəcək. Amma ölkələr, deyəsən, siyasi müstəvidə yaxınlığın ən pik həddinə çatıblar. Ardınca regional siyasətə müxtəlif yanaşma ziddiyyətlərin artmasına və maraqların toqquşmasına gətirib çıxara bilər. Ona görə yeni sahillərə can atmadan, münasibətləri indiki səviyyədə saxlamaq ən real tapşırıqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271