DÜNYA

Rəsmi Tehran Amerikaya cavab verdi
08 MAY
153

Rəsmi Tehran Amerikaya cavab verdi

2019-05-08 15:13:00

İran nüvə sazişi çərçivəsində “bəzi öhdəliklərin icrasının dayandırılması” ilə bağlı qəbul etdiyi qərar haqqında Almaniya, Böyük Britaniya, Çin və Rusiya səfirlərinə bildiriş göndərib.  Bu barədə fins.az "RBC"agentliyinə istinadən məlumat verir . Qərar İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən qəbul edilib.

Agentliyin məlumatında deyilir ki, Tehran nüvə proqramı üzrə sazişin koordinatoru kimi AB-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinini (Federica Mogerini) qərarın təfərrüatları haqqında məlumatlandırıb.

Bəyanatın tam mətni İran prezidentinin rəsmi saytında dərc edilib. Bəyanatda deyilir ki, sazişdə iştirak edən ölkələr ABŞ sanksiyalarını kompensasiya etmək üçün konkret addım atmayıblar, ona görə Tehran öhdəliklərini azaltmaqdan başqa çıxış yolu görmür.

İran, xüsusilə, zənginləşdirilmiş uran və  ağır su ehtiyatlarının məhdudlaşdırılması ilə bağlı əldə olunan razılaşmaya əməl etməyəcək. Bəyanatda deyilir ki, “özəlliklə bank sektoru və neft yataqları sahəsində “ öhdəliklərini yerinə yetirmək üçün başqa ölkələrin 60 günü olacaq. Belə olmadığı təqdirdə, İran uranın zənginləşdirilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliklərdən imtina etməklə yanaşı, Arakda ağır su ilə işləyən nüvə reaktorunun modernləşdirilməsini dayandıracaq. Nüvə sazişinin şərtlərinə görə, Tehran bu reaktordan silah məqsədilə plutoniumun yaradılmasında istifadə etməməli idi.

Tehran nüvə sazişi üzrə başqa ölkələrlə konsultasiyaları davam etdirməyə hazırdır, lakin ölkə istənilən “məsuliyyətsiz addıma”, məsələn, yeni sanksiyalara “dərhal güclü” cavab verəcək.

“Diplomatiya pəncərəsi uzun müddət açıq qalmayacaq”, - bəyanatda vurğulanıb.2015-ci ildə əldə olunan razılaşmaya əsasən, Tehran zənginləşdirilmiş uran ehtiyatını 97% azaldaraq 300 kiloqrama çatdırmalı, habelə 15 il ərzində onu 3,67%-dən yüksək səviyyədə zənginləşdirməməli idi. Bu səviyyə uranı AES-də istifadə etməyə imkan verir, eyni zamanda nüvə silahının yaradılmasına şərait yaratmır. Ölkə həmçinin silah məqsədilə plutoniumun istehsalına yol verməmək üçün Arakdakı reaktoru da təkmilləşdirmək öhdəliyi götürüb. Saziş həmçinin İran tərəfindən istifadə edilən sentrifuqaların sayına məhdudiyyət qoyur və 15 il ərzində uranın zənginləşdirilməsi ilə bağlı yeni istehsal obyektlərinin inşasını qadağan edir.

Düz bir il əvvəl – 8 may 2018-ci il – ABŞ prezidenti Donald Tramp  Vaşinqtonun sazişdən çıxdığını və sanksiyaları bərpa etdiyini elan edib. Bundan sonra AB Avropanın İranla biznes əlaqələrini davam etdirməyə imkan yaradacaq mexanizmlərin işlənib hazırlanmasına başlayıb.

Fevral ayının sonunda Atom Enerjisi üzrə Beynəlxalq Agentlik xəbər verib ki, İran nüvə sazişi çərçivəsində üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir.

 Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9102
  • ₽ RUB
    0.027