DÜNYA

Sergey Lavrovdan Amerikaya qarşı sərt ittihamlar
16 APREL
156

Sergey Lavrovdan Amerikaya qarşı sərt ittihamlar

2019-04-16 10:09:00

Rusiya rəhbərliyi ABŞ-ı tənqid edir və bildirir ki, dünya qlobal lider kimi Amerikaya inamını itirib. Aprelin 12-i Rusiya xarici işlər naziri Sergey Lavrov Diplomatiya Akademiyasında hər  il baş tutan çıxışında beynəlxalq münasibətlərdəki dəyişikliklərdən bəhs edib. Bu barədə fins.az “Daily Mail” -ə istinadən məlumat verir.

Lavrov ABŞ-ın daha aparıcı dövlət olmadığını bildirib. Nazir əlavə edib ki, Amerika başqa ölkələrlə münasibətdə öz üstünlüyünü saxlamaq üçün təzyiq və şantaja əl atır.

Onun sözlərinə görə, müasir dünyaya “çoxqütblülük” xasdır və “yeni güc mərkəzlərinin meydana çıxması dünyadakı sabitliyi qorumaq üçün maraq və kompromislər arasında balansın əldə olunmasını tələb edir”.

“Təəssüf, ABŞ başda olmaqla qərb tərəfdaşlarımız problemlərin həllinə ümumi yanaşma ilə bağlı razılığa gəlmək istəmirlər”, - deyə nazir bildirib.

Lavrov “çoxmərkəzli dünya nizamının formalaşması ilə bağlı obyektiv tendensiyalara rəğmən Vaşinqton və müttəfiqlərini dünya işlərində çoxəsrlik dominantlığını saxlamağa” çalışmaqda ittiham edib.

“Süni şəkildə dominantlığı qoruyub saxlamaq, etiraz qəbul etməyən mövqeləri geri qaytarmaq üçün ən müxtəlif şantaj metodları, güc, iqtisadi və informasiya təzyiqi işə düşür”, - deyə nazir davam edib. 

O, əlavə edib ki, qlobal iqtisadi güc mərkəzi artıq Qərbdən Şərqə doğru yer dəyişib. Onun sözlərinə görə, ABŞ-ın beynəlxalq siyasətdə bir nömrə olaraq qalmaq cəhdləri ABŞ və ən yaxın müttəfiqlərinin bütün məsələləri sırf iqtisadi və maliyyə cəhətdən təkbaşına həll etmək iqtidarında olmamasına ziddir. Diplomatın bu bəyanatı soyuq müharibə dövründən bir-biri ilə rəqabət aparan Moskva ilə Vaşinqtonun münasibətlərindəki gərginliyi daha da artırıb. Rusiya prezidenti Vladimir Putin Sovet İttifaqı dağıldıqdan sonra ölkəsinin beynəlxalq arenada itirdiyi statusunu geri qaytarmaqda qərarlıdır. O, bununla əlaqədar daim Vaşinqtonla münaqişə vəziyyətindədir.

ABŞ artıq Kremlə qarşı sanksiyaları sərtləşdirib, Tramp (Donald Trump) və Putin arasında isə Ukrayna və Suriya münaqişələri ilə bağlı ciddi fikirayrılığı mövcuddur. Tramp administrasiyası 2019-cu il üçün nəzərdə tutulan raketəleyhinə müdafiə sahəsindəki siyasi icmalda Rusiyanı özünün rəqibi kimi qeyd edib, çünki Kreml nüvə başlığı ilə təchiz edilə bilən yeni hipersəsli, qanadlı raketlərin istehsalı ilə məşğuldur.

Bu yaxınlarda ABŞ və Rusiya 1987-ci ildə imzalanan, 500-5500 kilometr məsafəyə malik raketlərdən istifadəni qadağan edən “Orta və kiçik mənzilli raketlərin ləğvinə dair” sazişdən çıxıb.

Hazırda ABŞ və Rusiya nüvə silahının sayını məhdudlaşdırmağa imkan yaradan “Strateji hücum silahlarının azaldılması haqqında” yeni müqavilənin müddətinin uzadılması məsələsində çıxılmaz vəziyyətə düşüb.

“ABŞ və Rusiya nümayəndə heyətləri bu sazişin şərtlərinin icrası ilə əlaqədar məsələlərin müzakirəsini davam etdirir”, - Dövlət Departamentinin nümayəndəsi aprelin 12-i bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265