DÜNYA

Avropa çirkli pulların yuyulmasının qarşısını almaq üçün yeni üsullar yaradır
11 MART
148

Avropa çirkli pulların yuyulmasının qarşısını almaq üçün yeni üsullar yaradır

2019-03-11 09:52:00

Fins.az "Bloomberg" agentliyinə istinadən məlumat verir ki, Çirkli pullarla bağlı vüsət alan qalmaqal cinayətkarların uzun illər istifadə etdiyi çatışmazlığı ortaya çıxarıb. Bu səbəbdən dolayı Amerika hökuməti ağır cərimələrini tətbiq etmək üçün işə qarışa bilər. Avropada müxtəlif sistem və qaydalardan ibarət böyük bir qarışıqlıq göz qabağındadır. Bu da çirkli pulların yuyulması ilə mübarizəyə mane olur. Maliyyə sistemi böhranlar silsiləsindən sonra güclə özünə gəlib: “Avropa paytaxtlarında siyasi rəhbərlər kredit təşkilatları üçün qaydaların sərtləşdirilməsi ilə bankların dayanıqlı gəlirliliyinin təmin edilməsi arasında kompromis tapmalıdır”.“Böyük paradoks ondan ibarətdir ki, bizim vahid bazarımız var, kapital və xidmətlər müstəqil şəkildə hərəkət edə bilir və sair, ancaq eyni zamanda pulların yuyulması ilə 28 müxtəlif mübarizə sistemimiz var, - Avropa Parlamentinin danimarkalı deputatı, uzun müddət maliyyə cinayətləri və vergilərdən yayınma hallarının araşdırılmasında  iştirak edən Yeppe Kofod (Jeppe Kofod) bildirib. – Maliyyə sektoru bir-biri ilə o qədər əlaqəli və transmillidir ki, bu cür müxtəlif sistemləri saxlamağın heç bir mənası yoxdur”.Belə bir mənzərə yaranıb: çox vaxt Baltikyanı filialları vasitəsilə iş görən skandinaviya bankları Qərbə vəsait çıxaran rusiyalı cinayətkarların fəaliyyətinin mərkəzinə çevrilib. Ehtimallara əsasən, “Nordea” bankı 700 milyon avro məbləğində çirkli pulların yuyulmasında iştirak edib. Özü də bu vəsaitin bir qismi rusiyalı hüquqşünas Sergey Maqnitskinin ölümü ilə əlaqəli olub.

Latviya kimi kiçik ölkələr bunun öhdəsindən gəlmədiklərini bəyan edir və çirkli pul axınını izləyib, onunla mübarizə aparmaq üçün ümumavropa orqanının yaradılmasını istəyirlər. Almaniya kimi böyük ölkələr milli idarələrin bu tapşırığın öhdəsindən daha yaxşı gəldiyini bildirirlər, çünki pulların yuyulmasına qarşı qanunlar AB ərazisində eyni şəkildə reallaşdırılmır. Nəticədə mövcud mexanizm çərçivəsində koordinasiyasını yoluna qoymaq istiqamətində cəhdlər həyata keçirilir, lakin bu, kifayət deyil.

Avropalı məmurlar norma və qayda pozuntularına görə bankların cərimələrini artırmağa başlayıblar. Ancaq onların ABŞ-ın gördüyü işə çatmasına hələ çox var. Ötən il Niderlandın “ING Groep” maliyyə konqlomeratı 776 milyon avro məbləğində cərimlənib. Amerika hökuməti Avropa banklarını daha sərt cəzalandırır. Ötən il Amerika maliyyə sistemi tərəfindən cəza tədbirləri ilə bağlı eyham belə Latviya bankının fəaliyyətini dayandırmasına bəs edib.

Bankların “təhlükəsizliyi və dayanıqlığını” təmin etmək üçün çirkli pulların yuyulması ilə bağlı daha “avropasayağı” yanaşma tətbiq edilir. Maliyyə böhranından sonra Avropa rəsmiləri bank ittifaqı yaratmaq istiqamətində addımlar atsa da, məcburi ümumavropa orqanının yaradılması barədə heç vaxt ciddi düşünməyiblər. Qanunsuz pullarla mübarizə ilə milli strukturlar məşğul olur. Bu istiqamətdə daha çox iş görmək çağırışları isə nəticəsiz qalır.

Avropa Mərkəzi Bankı (AMB) müşahidə şurasının keçmiş rəhbəri Daniel Nuy (Daniele Nouy) çirkli pullarla mübarizə üçün vahid orqan yaratmağa çağırır. “AMB-nin Frankfurtdakı göydələnində, ya da Brüsseldəki baş ofisində oturub güclü və müstəqil olmaq asandır, - Nuy oktyabr çıxışında bildirib. – Yox əgər kiçik ölkədə mütəxəssis və təcrübəyə ehtiyacı olan kiçik idarəniz, yaxınlıqda şübhəli əməliyyatlar həyata keçirməyə meylli olan böyük qonşularınız varsa, mütləq çətin vəziyyətə düşəcəksiniz”.

“Almaniya-ABŞ” Marşal Fondunun baş elmi əməkdaşı Coşua Kirşenbaum (Joshua Kirschenbaum) iddia edir ki, daim pis xəbər axını AB-ni bu istiqamətdə aktiv hərəkətə keçməyə vadar edə bilər. “Hazırda daha çox insan problemin struktur xarakter daşıdığını etiraf edir, - o, elektron poçtunda yazıb. – Böyük cərimə cəzalarına ehtiyac var. Ümumavropa orqanı olmasa belə, onlar bu problemin həllinə xeyli kömək edəcək. Ancaq mən pessimistəm, yeni orqan yaranmasa, yerlərdə cərimələrin artırılacağına inanmıram”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262