DÜNYA

BMT-nin Ali kommisarının insan haqları üzrə hesabatı
07 MART
115

BMT-nin Ali kommisarının insan haqları üzrə hesabatı

2019-03-07 11:26:00

Fins.az-ın məlumatına görə, BMT-nin insan haqları üzrə Ali komissarı Mişel Baçelet təşkilatın insan haqları üzrə Şurasının Cenevrədə keçirilmiş 40-cı sessiyasında illik qlobal hesabatını təqdim edib.  M.Baçeletin hesabatında dünyanın müxtəlif ölkələrində bərabərsizlik, qadın və uşaqların hüquqlarının pozulması, miqrasiya və münaqişə zonalarında insanların zorakılığa məruz qalması ilə bağlı faktlar yer alıb.Ali komissar vurğulayıb ki, bərabərsizliyin başlıca səbəbləri korrupsiya, qeyri-səmərəli idarəetmə, diskriminasiya və qanunlara hörmətsizlikdir. Sudan, Haiti və Zimbabveni misal gətirən Baçelet bildirib ki, insanların gəlirləri üzrə qeyri-bərabərlik hətta Fransa kimi inkişaf etmiş ölkələrdə də mövcuddur. O, fransız hökumətini “sarı jiletlər” aksiyasının iştirakçılarına hörmətlə yanaşmağa və onlara qarşı güc tətbiq etməməyə çağırıb. Ali komissar əlavə edib ki, bir çox ölkələrdə fundamental hüquqların pozulması və əsas dövlət institutlarının müstəqil olmaması insanların iqtisadi və sosial hüquqlarının pozulması ilə nəticələnir.M.Baçeletin hesabatında Venesueladakı vəziyyət, İsrail-Fələstin problemi, Səudiyyə Ərəbistanı, Yəmən, Suriya, Mərkəzi və Cənubi Asiya, habelə Avropada insan hüquqları ilə bağlı vəziyyət təhlil olunub. Ali komissar bir sıra Avropa ölkələrinin və ABŞ-ın miqrasiya hüquqlarının pozulması hallarına yol verdiklərini, təkcə bu ilin əvvəlindən Aralıq dənizini keçmək istəyən 226 qanunsuz miqrantın həyatlarını itirdiyini diqqətə çatdırıb.Hesabatın böyük hissəsi gender bərabərliyi probleminə həsr olunub. ABŞ Konqresinə rekord sayda qadın konqresmenin seçilməsi, Efiopiyada qadınların mühüm vəzifələrə təyin edilməsi, Tunisdə ilk dəfə şəhər meri vəzifəsinə zərif cinsin nümayəndəsinin seçilməsi və digər müsbət faktları sadalayan Baçelet təəssüflə qeyd edib ki, hələ də dünyada qadınların hüquqlarının pozulması halları yetərincədir. Seksual zorakılıq, etnik və dini zəmində qətllərin əsasən silahlı münaqişə zonalarında geniş yayıldığını bildirən Ali komissar vurğulayıb ki, qadınlara qarşı zorakılığın geniş yayıldığı 25 ölkə arasında ilk yerləri Latın Amerikası və Karib hövzəsi regionu dövlətləri tuturlar. Onun sözlərinə görə, Avropada hər beş qadından biri indiki və ya keçmiş partnyoru tərəfindən fiziki və seksual zorakılığa məruz qalır.Ali komissar diqqətə çatdırıb ki, ötən il Liviyada dinc əhali arasında ölənlərin sayının 40 faiz artması, Filippində narkotiklərlə mübarizə kampaniyası çərçivəsində son iki ildə 27 min insanın istintaqsız və məhkəməsiz öldürülməsi, Hindistanla Pakistan arasında gərginliyin artması fonunda günahsız sakinlərin həlak olması faktları, habelə Ukraynanın şərqində, Əfqanıstanda, Venesueladakı vəziyyət bütün dünya ictimaiyyətini narahat etməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264