DÜNYA

Rusiya niyə yapon valyutasının dünya ehtiyatlarının böyük hissəsini alıb?
11 YANVAR
124

Rusiya niyə yapon valyutasının dünya ehtiyatlarının böyük hissəsini alıb?

2019-01-11 15:34:00

Fins.az-ın“Bloomberg”ə istinadən verdiyi məlumata görə Bloomberg-in müxbirləri Nataşa Doff  və Anna Andrianova  yazır ki, ötən il Amerika sanksiyalarının yeni mərhələsi fonunda Rusiya Mərkəzi Bankı ABŞ dövlət istiqrazlarını satışa çıxarıb, valyuta ehtiyatlarında Amerika valyutasını 101 milyard dollar həcmində azaldaraq, həmin vəsaiti avro və yuana çevirib.

Çərşənbə günü Rusiya Bankı tərəfindən dərc edilən, altı ayı əhatə edən “Xarici valyuta və qızıl aktivlərinin idarəsi üzrə Mərkəzi Bankın fəaliyyətinə dair hesabat”a əsasən,  ikinci rübdə Mərkəzi Bank Avropa və Çin valyutasında ehtiyatlarını 44 milyard dollar məbləğində artırıb. Daha 21 milyard dollar yapon iyeninə investisiya edilib.

Sənəddə qeyd edilir ki, ötən ilin ortalarında müşahidə edilən vəziyyətə əsasən, Çin valyutası ümumi beynəlxalq ehtiyat həcmi ilə müqayisədə 15%-dək artırılıb, halbuki birinci rübün sonunda bu göstərici 5% təşkil edib. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına əsasən, Rusiyanın qızıl-valyuta ehtiyatlarında yuanın payı dünyanın digər beynəlxalq banklarında müşahidə edilən orta göstəricidən 10 dəfə çoxdur, onun Çin valyutasında ümumi ehtiyatları isə yuanın dünya ehtiyatının təxminən 25%-ni təşkil edir. Amerikanın “Morgan Stanley” şirkətinin hesabatına görə, ötən il Çin istiqrazlarının əsas alıcısı Rusiya olub.

“Rusiya ehtiyatlarının strukturunda strateji dəyişikliklər edir, dolların payını azaltmaqla başqa valyutalarda aktivlərin payını artırır”, - Nyu Yorkda Beynəlxalq Münasibətlər Şurasının beynəlxalq iqtisadiyyat üzrə direktoru Ben Ştayl (Benn Steil) deyir.

Bu məlumatlar ABŞ-ın məhdudlayıcı tədbirlərinin mənfi təsir göstərə biləcəyi aktivlərdən asılılığı azaltmaq məqsədilə Rusiyanın bir neçə ildir həyata keçirdiyi siyasətin kəskin bir şəkildə aktivləşməsindən xəbər verir. Aprelin əvvəli Rusiyanın iri şirkətlərinə qarşı tətbiq edilən sərt sanksiyalar rublun dəyər itirməsinə və Moskvanın qlobal ödəmə sistemlərindən ayrılması kimi mümkün əlavə məhdudiyyətlərin həyata keçirilməsindən dolayı əndişələrə səbəb olub. Amerika mənbələrinin məlumatına əsasən, may-iyun dövründə Rusiya ABŞ istiqrazları ilə ehtiyatlarını təxminən 81 milyard dollar məbləğində azaldıb.

Vaşinqtonun geosiyasi məqsədlərində iqtisadi təzyiq vasitələrindən istifadə cəhdlərinin artması fonunda dünyanın ehtiyat valyutasından asılılığı azaltmağa çalışan tək Rusiya deyil. Amerika ilə qızışan ticarət müharibəsi şəraitində Çin ötən il sahib olduğu ABŞ dövlət istiqrazlarının xeyli hissəsini satıb. Avropa rəsmiləri regional iqtisadi əməliyyatların icrası zamanı avrodan istifadənin artırılması ilə bağlı təklif irəli sürüb.

Dollardan uzaqlaşma

“Bizim dollardan uzaqlaşmaq kimi bir məqsədimiz yoxdur, dollar bizdən uzaqlaşır, - prezident Vladimir Putin noyabrda bildirib. – Dollarla hesabatların qeyri-sabitliyi dünyanın bir çox iqtisadiyyatını alternativ ehtiyat valyuta tapmağa və dollardan asılı olmayan hesablama sistemi yaratmağa vadar edir. İnanın, problem təkcə bizdə deyil. (Başqa ölkələrin) dollar aktivliyi zəifləyir”.

Mərkəzi Bankın məlumatına əsasən, Rusiya martın sonlarına doğru ABŞ-da saxlanılan ehtiyatlarının həcmini 29%-dən 10%-dək azaldıb. Bu da yerdə qalan dollar aktivlərinin başqa ölkələrə köçürüldüyünü ehtimal etməyə imkan yaradır. Bu, ABŞ Maliyyə Nazirliyinin əlində olan məlumatlara uyğun gəlir. Belə ki, nazirlik ötən il Belçika və Kayman adalarında ehtiyatların Amerika istiqrazları şəklində artdığını öyrənib.

Rusiya ehtiyatları dünyanın ən böyük 10 ehtiyatı siyahısına daxildir və ötən ilin iyun ayında 458 milyard dollar təşkil edib. “Morgan Stanley” mütəxəssislərinin cümə axşamı işıq üzü görən analitik hesabatında deyilir ki, ötən ilin ilk rübündə Rusiya Çinin istiqraz bazarına axının 90%-ni təmin edib.

Mərkəzi Bankın hesabatında qeyd edilir ki, dəyişikliklər rus ehtiyatlarının kredit keyfiyyətini aşağı salıb, bu zaman AA reytinqli aktivlərin həcmi 43%-dən 27%-ə düşüb. Dollar aktivləri üzrə illik 0,35%-lik gəlirlilik ilə müqayisədə, yuan aktivlərinin gəlirliliyi daha yüksək olaraq 3,2% təşkil edib.

Brüsselin “Bruegel” analitika mərkəzinin əməkdaşı Elina Rıbakova hesab edir ki, “sırf iqtisadi baxımdan geniş miqyasda yuana keçid faydalı görünmür, lakin geosiyasi vəziyyəti nəzərə alsaq, belə bir addım məqsədəuyğundur”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256