DÜNYA

2019-cu il Avropaya nə vəd edir?
05 YANVAR
128

2019-cu il Avropaya nə vəd edir?

2019-01-05 12:16:00

Fins.az-ın məlumatına görə, 2019-cu il Avropaya nə vəd edir? Almaniyanın keçmiş xarici işlər naziri, sabiq vitse-kansleri Yoşka Fişer müəllifi olduğu məqaləsində bu sualla bağlı proqnozlarını qələmə alıb. 2019-cu il Avropa üçün asanlıqla qorxunc böhranlara çevrilə biləcək böyük problemlərin yer aldığı növbəti çətin il olacaq. 180 dərəcəlik dönüş baş verməsə, martın 29-u Böyük Britaniya AB-ni tərk edəcək. İtaliyada yetişən iqtisadi-maliyyə böhranı güclənərək avrozonanın sabitliyini təhlükəyə atacaq. Fransanı, çox güman, populist etirazlar əldən salacaq, AB səviyyəsində ölkənin islahatlar keçirmə sahəsindəki lider potensialını məhdudlaşdıracaq. Bundan başqa, Avropa Parlamentinə may seçkilərinin nəticələrinə əsasən, millətçilər demək olar çoxluq əldə edə bilər. Bu da gələcəkdə Avropa Komissiyasının yeni tərkibinin, Avropa Şurası və Avropa Mərkəzi Bankının rəhbərliyinin, həmçinin Xarici Siyasət və Təhlükəsizlik üzrə ali nümayəndənin seçiminə təsir göstərəcək. Millətçilərin qələbəsinin AB üçün fəlakət olacağını söyləməyə ehtiyac varmı?! Çünki bu, lazımi islahatların keçirilməsinə mane olacaq və AB ölkələri arasında parçalanmanı gücləndirəcək. Nə olursa olsun, Avropanın daxili siyasi faciəsi beynəlxalq çəkişmələr fonunda baş verəcək. Rusiya şərqi Ukraynada təcavüzkar siyasətini gücləndirdiyi bir vaxtda ABŞ prezidenti Donald Tramp  Çinlə ticarət müharibəsinə başlayıb və bunu "düşmən” adlandırdığı AB-ə də aid edə bilər. Daha geniş anlamda, dünya iqtisadiyyatı zəifləyəcək: yaxın aylarda iqtisadi artım tempi zəifləməyə davam edəcək. Əvvəlcədən bilinən bütün bu çətinliklər fonunda Avropa layihəsinin sağ qalması sual altındadır. “Brexit”ə gəldikdə, çox şey Britaniyanın AB-dən çıxmaq şəklindən – nizamlı yoxsa xaotik – asılı olacaq. Sonuncu variantda hamı uduzacaq, Britaniyanın AB ilə münasibətləri isə uzun müddətlik pozula bilər. Həyat ayrılıqdan sonra da davam edir, ona görə normal münasibət saxlamaq adətən hər iki tərəfin maraqları daxilində olur. Sadəcə sağlam düşüncənin üstün gələcəyinə ümid etmək qalır. “Brexit” ilə olduğu kimi, Brüssel İtaliya böhranını da tənzimləyə bilmir. Lakin kömək təklif edə bilər və etməlidir. İtaliyanın iqtisadi artıma ehtiyacı var, bunun üçün isə ölkə iqtisadiyyatı hərtərəfli modernləşməlidir. Təəssüf, indiki hökumət bu məqsədə nail olmaq üçün lazım olan siyasət həyata keçirmir. Əvəzində büdcə qaydalarına görə AB ilə qarşıdurmaya səbəb olub. AB uyumluluq nümayiş etdirməli, eyni zamanda valyuta ittifaqının möhkəmliyinin əsaslandığı prinsipləri müdafiə etməlidir. Bu, o deməkdir ki, qarşıda bizi uzun, çətin danışıqlar gözləyir. Fransada “Sarı jiletlilər” tələblərini əsasən iqtisadi kontekstdə formalaşdırıblar və ehtimal edilən yanacaq vergisinə qarşı etiraz əlaməti olaraq küçəyə çıxıblar. Lakin bu hərəkat özündə güclü “identitarizm” elementləri də ehtiva edir. Bu elementlər qloballaşma və Avropa inteqrasiyası dövründə ənənəvi həyat tərzinin itirilməsindən dolayı yaranan narazılıq duyğusuna əsaslanır. Əksər qərb ölkələrində olduğu kimi bu hissi əsasən müharibədən sonrakı ictimai sazişin daha işə yaramadığını hesab edən işçi sinfin, orta təbəqənin ənənəvi seçiciləri hiss edir. Gərgin əmək daha iqtisadi əminlik və sosial yüksəlişin təminatçısı deyil. Qərb elitası ictimaiyyətin itkisinə lazımi şəkildə reaksiya verməsə, onun etimadını bərpa edə bilməyəcək. Belə bir etimad olmasa, demokratiya və onun baza qurumları fəaliyyət göstərə bilməyəcək. Qlobal qüvvələr balansı sürətlə Qərbdən Şərqə doğru yer dəyişir, iqlim böhranı güclənir, yeni rəqəmsal texnologiyalar inqilabi bir şəkildə yaşayışımızı, fəaliyyətimizi dəyişdirir, miqrant və qaçqın dalğası populist əks-hücumu qızışdırır – bütün bunlar vəziyyəti daha da çətinləşdirir. Populist qüvvələrin arzusunda olduqları məqsədə - ənənəvi milli dövlətə nail olmaq yolu ilə üst-üstə yığılan bütün bu problemləri həll etməyə imkan verən hansısa planı varsa da, onu gizli saxlayırlar. Reallıqda təkcə vahid Avropa bu tapşırığı yerinə yetirməyə hazırdır. Məhz bu səbəbdən gələn il keçirilən Avropa seçkiləri bu qədər vacibdir. Populizm qalib gəlsə, Avropa məğlub olacaq. Son bir neçə onillik ərzində beynəlxalq nizamda baş verən əksər böyük dəyişikliklərin Avropaya ziyan vurması vəziyyəti daha da çətinləşdirir. Çinin yüksəlişi və süni intellekt texnologiyalarında inqilab, görünür, Avropanı oyundan uzaqlaşdırır. Qoca qitə hələlik sükan arxasında yuxuya gedir. Əgər tez bir zamanda yuxudan ayılmasa, rifahı naminə dəyişikliklərin gücündən yararlanmaq fürsətini əldən verəcək. Yeni dövr başlayıb və yeni ildə bu, daha aydın olacaq. Avropadakı ənənəvi müzakirələrdə daha transatlantik alyansın möhkəmliyini və ya “daha sıx birlik” yolunda yorulmaq bilməyən irəliləyişi mövcud bir şey kimi qəbul etmək olmaz. Trampın Amerikası artıq hamı ilə vidalaşıb, bu zaman Avropanın köhnə sosial modeli daha işləmir, onu əvəzləyəcək alternativ isə yoxdur. Mifik keçmişlə bağlı nostalji hisslər, ya da dövlət idarəetməsində Çinin avtoritar modeli müvafiq alternativ ola bilməz. Avropanı təhdid edən böhranlar yorulmaq bilmədən baş verəcək, hamı onları izləməli olacaq. Ən yaxşı halda 2019-cu il Avropanın yenilənməsinin başlanğıc ili deyil, müdafiə manevri ili olacaq. Lakin uzunmüddətli perspektivdə Avropanın rekonstruksiyası yeganə variantdır. Bu ziddiyyət nə qısa yolları, nə də panaseyaları olan cari keçid dövrünü müəyyənləşdirəcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256