DÜNYA

2019-cu il ABŞ-Çin münasibətlərində nəyi dəyişəcək?
05 YANVAR
404

2019-cu il ABŞ-Çin münasibətlərində nəyi dəyişəcək?

2019-01-05 11:22:00

Fins.az-ın məlumatına görə, ötən il ABŞ-da qəti olaraq ikipartiyalı konsensus formalaşıb. Bu konsensusun əsasını hərbi-texniki sahədə Çinin qarşısının alınması, həmçinin Amerika iqtisadiyyatının ÇXR-dən asılılığının azaldılması təşkil edib. Bu barədə “Karnegi Moskva Mərkəzi”ndə “Rusiya Asiya-Sakit okean regionunda” proqramının rəhbəri Aleksandr Qabuyev “RBC” agentliyində dərc edilən məqaləsində yazır. Ötən ilin əsas geosiyasi hadisəsi müasir dövrün ən güclü iki ölkəsi ABŞ ilə Çin arasında qarşıdurmanın kəskinləşməsi olub. Bu qarşıdurmanın ən yaddaqalan epizodları Vaşinqtonun ticarət müharibəsi elan etməsi, həmçinin ABŞ vitse-prezidenti Maykl Pensin Hudzon Universitetindəki oktyabr çıxışı olub. Belə ki, artıq bu çıxışı Çörçilin Fulton nitqi ilə müqayisə edirlər. Qarşıdan gələn 2019-cu il də iki dövlətin münasibətləri üçün eyni dərəcədə çətin olacaq. Yeni Çin Ötən il Amerika-Çin münasibətlərində meydana çıxan “yeni normallıq” üç qüvvənin cəminin nəticəsidir. Birincisi, ümumi milli gücünə görə təkcə ABŞ-dan geri qalan Çinin qlobal dövlətə çevrilməsi nəticəsində Pekin beynəlxalq arenada özünü daha əmin aparmağa başlayıb. Bu da özünü Cənub Çin dənizində süni adaların yaradılmasında, onların Çin donanmasının dayaq məntəqələrinə çevrilməsində, Çin Xalq Azadlıq Ordusunun Cibutidə ilk xarici bazasının yerləşdirilməsində, Çin şirkətlərinin, xüsusilə “Huawei” və “Alibaba” kimi texnologiya şirkətlərinin qlobal ekspansiyasında, habelə “Bir qütb, bir yol” proqramı çərçivəsində həyata keçirilən investisiyalarda özünü göstərib. Beynəlxalq arenada Pekinin daha sərt və özündən əmin siyasəti adətən Çin Kommunist Partiyasının baş katibi Si Tsinpinin adı ilə əlaqələndirilir. 2017-ci ilin sonlarında ikinci beş illik müddətə partiya və dövlət başçısı seçilən Si səlahiyyət müddətinə qoyulan məhdudiyyətlərin ləğvini təbliğ etməyə başlayıb. Lakin “Bir qütb, bir yol” və ya “Vahid tale birliyi” kimi şəxsi təşəbbüslərə baxmayaraq, baş katib prinsipial yeni heç nə etmir. Çin onun sələflərinin rəhbərliyi altında da Cənub Çin dənizində mövqeyini aktiv möhkəmlədib, silahlı qüvvələrini inkişaf etdirib, o cümlədən dövlətin dəstəklədiyi kibercasusluğun köməyi ilə “milli çepionların” əzələlərini möhkəmlədib ,ən azından Amerika hökumətinin nümayəndələri rəsmi belə bəyan edir.Sadəcə Sinin dövründə kəmiyyət dəyişikliyi keyfiyyət dəyişikliyinə keçib, özündən əmin liderin başçılığı altında güclü Çini isə artıq sadəcə inkişaf etməkdə olan böyük ölkə hesab etmək olmaz. İkinci amil Amerikada Çinə münsibətin dəyişməsidir. Bu da ÇXR-in ABŞ-ın qlobal rəqibinə çevrilməsi ilə ələqədardır. Çin Amerikanın liderliyinə problem yaratmadan inkişafını davam etdirdikcə, ABŞ hesab edirdi ki, ÇXR-in dünya sisteminə inteqrasiyası Vaşinqtonun başçılığı altında liberal dünya nizamının möhkəmlənməsinə səbəb olacaq. Amerika şirkətləri Çində böyük pullar qazanıb, Pekinin ABŞ-ın dövlət istiqrazlarını alması isə xarici borcu rahatca artırmağa və Amerikada orta təbəqənin istehlakını genişləndirməyə imkan yaradıb. Əgər əvvəllər ÇXR-in iqtisadi inkişafı Amerikaya böyük qazanc gətirirdisə, XXI əsrin başlaması ilə Çin ABŞ ilə daha çox rəqabat aparmağa başlayıb. Rəqabətin getdiyi əsas sahə dünyada qüvvələr balansını müəyyənləşdirən texnoloji liderlik olub. Prinsip etibarilə, ABŞ belə bir rəqamətə qarşı deyil, amma onları aşağıdakı fakt qane etmir: Çin mübarizədə ədalətsiz metodlardan istifadə edir. Amerikalılar kibercasusluğu, ÜTT-ə daxil olarkən götürülən öhdəliklərə rəğmən daxili bazara məhdud giriş imkanını, habelə “milli çempionlar” üçün böyük dövlət dəstəyi proqramlarını həmin metodların sırasına daxil edir. Nəhayət, Pekinin Şərqi Asiyada ABŞ-ı sıxışdırıb, özünü hərbi-siyasi dominantlıqla təmin etmək cəhdləri çox gözə batmağa başlayıb. Nəticədə Amerika 2018-ci ildə geniş ikipartiyalı konsensusu tam formalaşdırıb. Onun əsasını hərbi və texnologiya sahəsində Çinin qarşısını almaq, həmçinin ABŞ-ÇXR iqtisadiyyatları arasında qarşıqlıqlı asılılığın demontajı təşkil edir. Nəhayət, ABŞ-ÇXR münasibətlərinin gərginləşməsinə səbəb olan üçüncü amil prezident Donald Trampdır. O, artıq çoxdandır, hələ siyasi karyerasına başlamadan öncə Çini ABŞ iqtisadiyyatında bir çox problemin mənbəyi hesab edir. Administrasiyasında yüksək postlara təyin etdiyi şəxslər də prezidentlə həmfikirdir. Trampın anti-çin kursunun siması ticarət məsələri üzrə prezident köməkçisi Piter Navarro olub. Lakin digər yüksək vəzifəli məmurlar da sərt mövqelərini gizlətmirlər. Barak Obamanın  Sakit okean tərəfdaşlığını yaratmağa çalışdığı kimi prezident və komandasının Çin istiqamətində çoxtərəfli qurumların imkanlarından istifa edə bilmədiyini və ümumiyyətlə, istifadə etmək istəmədiyini nəzərə alsaq, Vaşinqtonun əlində əsas silah ÇXR ixracına qoyulan rüsumlar olub. İran və Şimali Koreya kimi ölkələrə tətbiq edilən sanksiyalar Amerikanın digər alətinə çevrilib. Bu cəza tədbirləri ABŞ-ın sanksiyaları pozmaqda ittiham etdiyi Çin şirkətlərini təqib etməsinə imkan verir .Hələlik bu cür yanaşmanın əsas hədəfləri telekommunikasiya avadanlığı istehsalının liderləri “Huawei” və “ZTE” şirkətləridir. Vaşinqton-Pekin münasibətlərinin trayektoriyası üçün Trampın anti-çin instinktləri ilə yanaşı, prezidentin xarakterinin digər cəhətləri – məntiqsizliyi, emosionallığı, ABŞ fond bazarı ilə aludəçiliyi, xüsusi prokuror Robert Müllerin araşdırması qarşısında qorxusu və onun dünyagörüşü də mühüm əhəmiyyət kəsb edir. Siyasi ticarət Bütün bu amillər 2019-cu ildə də öz fəaliyyətini davam etdirəcək. Çin o qədər çəkili dövlətə çevrilib ki, Pekin istəsə belə, bir saatın içində daha az nəzərə çarpan gücə çevrilə bilməz. Çinlə bağlı ABŞ-da formalaşan konsensus heç yana yox olan deyil, Tramp isə Tramp olmaqdan çıxmayacaq. Ötən il Vaşinqtonla Pekinin barışıq elan etməsi ilə başa çatıb: Çindən bəzi ixrac məhsullarına Amerika tariflərinin 10%-dən 25%-ə elan edilən artımı dondurulub, cavabında Çin Amerika avtomobillərinə rüsumları aşağı salıb və ABŞ-da kənd təsərrüfatı məhsullarının satışını bərpa edib. Tərəflər 90 gün möhlət verilən “böyük sazişin” hazırlanması ilə bağlı danışıqları bərpa ediblər. Hesabat dekabrın əvvəlindən aparılır, lakin “deadline”ın təxirə salınacağı istisna edilmir. Pekin ciddi güzəştlərə getməyə hazır olduğunu fəal şəkildə göstərməyə, amma bu zaman ixracın dəstəyi ilə bağlı dövlət proqramlarına sadəcə kosmetik dəyişikliklər tətbiq edir, ciddi bir şey həyata keçirməyə çalışmır. Trampın özü isə hələlik ilk növbədə ABŞ fond bazarının reaksiyasına istiqamətlənir. Prezident artıq başa düşüb ki, Çinlə ticarət müharibəsi Uoll-stritin xoşuna gəlmir və o, Sinqapurda Şimali Koreya lideri Kim Çen In ilə görüşdən sonra olduğu kimi “Twitter”-də qələbəsini elan edə biləcək yekun axtarışındadır. Amerika-Çin danışıqlarının yekunu o qədər şeydən asılıdır ki, onların nə ilə nəticələnəcəyini əvvəldən söyləmək mümkün deyil. Naməlum amillərin çoxu Amerika tərəfdədir. Bura Trampın dəyişkənliyi, prosesi ləngidə biləcək əsas vasitəçi Robert Laythayzerin anti-çin əhval-ruhiyyəsi və Müllerin komissiyasının iş qrafiki daxildir. Axı xüsusi prokuror araşdırmasının nəticələrini yaxın gələcəkdə dərc etsə və sənəd Trampın qanunları pozmasına dair inandırıcı sübutları əks etdirsə, onda prezident tez bir zamanda ictimaiyyətin diqqətini xarici qıcıqlandırıcılara yönləndirmək istəyəcək və bu baxımdan Çin ideal hədəfdir. Yanvarın 1-i işə başlayacaq konqresin yeni tərkibi də qeyri-müəyyənliyi artırır. Aralıq seçkilərin nəticələrinə əsasən, respublikaçılar nümayəndələr palatasında nəzarəti itirib, burada komitələrin çoxuna Tramp əleyhdarları başçılıq edir. Nəticədə konqres fəaliyyət qabiliyyətini itirsə də, əvəzində daha səs-küylü olacaq. Və qanunvericilərin çoxunun Çinə qarşı çıxmasını nəzərə alsaq, bu ədavət ABŞ-ÇXR münasibətlərində mütləq öz əksini tapacaq. Sözsüz, Çinin atacağı adddımlar da mühüm rol oynayacaq. Hələlik Si Tsinpin və komandası Trampı sakitləşdirmək taktikasını seçiblər və onlar ABŞ prezidentinə hiss elətdirməyə çalışırlar ki, onun təzyiqi nəticə verir, Çin təslim olur. Ancaq Çin lideri dayanmadan güzəştə gedə bilməyəcək: hakimiyyəti əlində cəmləməsinə baxmayaraq, Si ölkədə, partiyada nüfuzunu saxlamalıdır. Ona görə o, qırmızı xətləri keçə bilməz, üstəlik Çin rəhbərliyi ölkəni böyük gücə çevirmək kursundan imtina etmək niyyətində deyil. 2019-cu ilin may ayında Si “Bir qütb, bir yol” forumu keçirəcək. Aydındır ki, bu da Pekinin qlobal ambisiyalarını tənqidə məruz qoyacaq. Nəhayət, iki ölkənin münasibətlərinə qəsdən həyata keçirilən və qəsdən edilməyən hadisələr də təsir edə bilər. Məsələn, “Huawei” şirkətinin vitse-prezidenti Men Vançjounun bu yaxınlarda Kanadada həbs edilməsi kimi. Belə olduğu təqdirdə, Pekin sərt şəkildə reaksiya verməli olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027