DÜNYA

OPEC+ ölkələr üzrə neft hasilatındakı azalmaların səviyyəsini açıqlayıb - CƏDVƏL
21 DEKABR 2018
130

OPEC+ ölkələr üzrə neft hasilatındakı azalmaların səviyyəsini açıqlayıb - CƏDVƏL

2018-12-21 17:09:00

 Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) üzvləri 2019-cu ilin birinci yarısında neft hasilatını əvvəlcədən planlaşdırılan 2,5% əvəzinə 3,04% azaldacaq.

Sənəddəki məlumatlara əsasən, hasilatın azaldılması üzrə ən böyük həcmlər Rusiya, Səudiyyə Ərəbistanı, İraq, Birləşmiş Ərəb Əmirlikləri və Küveytin payına düşür. Rusiya hasilatı sutkada 230 min barel azaldaraq gündəlik hasilatı 11,191 mln. barelə endirməlidir. Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı isə hasilatı bu ilin oktyabr ayı ilə müqayisədə 322 min barel azaltmağı öhdəsinə götürüb ki, bu da Krallığın sutkada 10,311 mln.barel hasil edəcəyi anlamına gəlir. İraq gündəlik hasilatı 141 min barel azaldaraq onu 4,512 mln. barel səviyyəsinə, Birləşmiş Ərəb Əmirlikləri 96 min barel azaldaraq 3,072 mln. barel səviyyəsinə, Küveyt isə 85 min barel azaldaraq 2,724 mln. barel səviyyəsinə salacaq.

İlk OPEC+ sazişindən kənar qalan Nigeriyanın payına da neft hasilatının azaldılmasında əhəmiyyətli həcm düşəcək. Afrika ölkəsi altı ay ərzində hasilatı gündəlik 1,685 mln. barel səviyyəsində saxlamalıdır, azalmanın həcmi sutkada 53 min barel olacaq.

İran, Liviya və Venesuela hasilatı azaltmamaq imkanı əldə ediblər.

OPEC-ə üzv olmayan ölkələr arasında hasilatda ən çox azalma Azərbaycan və Omanda olacaq. Bu iki ölkə 2018-ci ilin müvafiq olaraq sentyabr və oktyabr ayındakı neft hasilatını 2,5% azaldacaq. Azərbaycan hasilatı gündə 20 min barel azaltmaqla sutkada 776 min barel neft hasil edəcək. Omanda isə sutkalıq azalma həcmi 25 min barel, gündəlik hasilat 970 min barelə bərabər olacaq.

Ölkələrin əksəriyyəti üçün neft hasilatının azaldılması 2018-ci ilin oktyabr ayının səviyyəsindən hesablanacaq. Bu baxımdan sentyabrdan etibarən hesabat aparan Küveyt və Azərbaycan, eləcə də noyabrdan etibarən hesabat aparan Qazaxıstan istisna təşkil edir.

Qeyd edək ki, koalisiya daha əvvəl yeni fərdi kvotaları ictimaiyyətə açıqlamaqdan imtina etmişdi, amma sonradan bazarın onların neftin qiymətinin tənzimlənməsi üçün göstərdikləri səylərə inamını möhkəmləndirmək üçün mövqeyini dəyişib.

OPEC ölkələri (sutkada milyon barellə)

Ölkə Başlanğıc səviyyə Azalma Yeni göstərici
Əlcəzair 1.057 0.032 1.025
Anqola 1.528 0.047 1.481
Konqo 0.325 0.010 0.315
Ekvador 0.524 0.016 0.508
Ekvatorial Qvineya 0.127 0.004 0.123
Qabon 0.187 0.006 0.181
İraq 4.653 0.141 4.512
Küveyt 2.809 0.085 2.724
Nigeriya 1.738 0.053 1.685
Səudiyyə Ərəbistanı 10.633 0.322 10.311
BƏƏ 3.168 0.096 3.072
Ümumi 26.749 0.812 25.937

Qeyri-OPEC ölkələri (sutkada milyon barellə)

Ölkə Başlanğıc səviyyə Azalma Yeni göstərici
Azərbaycan 0.796 0.020 0.776
Bəhreyn 0.227 0.005 0.222
Bruney 0.131 0.003 0.128
Qazaxıstan 1.900 0.040 1.860
Malayziya 0.627 0.015 0.612
Meksika 2.017 0.040 1.977
Oman 0.995 0.025 0.970
Rusiya 11.421 0.230 11.191
Sudan 0.074 0.002 0.072
Cənubi Sudan 0.132 0.003 0.129
Ümumi 18.320 0.383 17.937

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256