DÜNYA

Hindistan İrandan neft idxalını azaldıb
24 İYUL
135

Hindistan İrandan neft idxalını azaldıb

2018-07-24 13:11:00

Hindistanın İrandan neft idxalı 2017-2018-ci illəri əhatə edən dövrdə təxminən 25 faiz nisbətində azalaraq 9,8 milyon tona geriləyib.

Fins.az xəbər verir ki, Hindistan ötən bir il ərzində İrandan neft idxalını dörddəbir nisbətində azaldıb. Ölkədə dövlətə məxsus neft emalı zavodları ötən maliyyə ilində İrandan 13,04 milyon ton neft alıb. Bu göstərici 2017-2018-ci maliyyə ilində isə 25 faiz azalaraq 9,8 milyon tona düşüb.

Hindistanın neft naziri Dharmendra Pradhanın bildirdiyinə görə, ölkəsi bu ilin aprel-iyun aylarında İraqdan 7,27 milyon ton, İrandan 5,67 milyon ton, Səudiyyə Ərəbistanından isə 5,22 milyon ton neft idxal edib: “Hindistanın neft emalı zavodları texniki və ticari baxımından İran kimi müxtəlif mənbələrdən xam neft idxal edir”.

Nazir noyabrın 4-dən ABŞ-ın İrana qarşı tətbiq edəcəyi sanksiyalarla bağlı Hindistanın hansı addım atacağını şərh etməyib.

Hindistan əvvəlki maliyyə ilində İraqdan 24,79 milyon ton neft idxal edib ki, bu göstərici 2017-2018-ci illəri əhatə edən dövrdə 29,66 milyon tondan çox olub.

Qeyd edək ki, Hindistanda maliyyə ili apreldən mart ayına qədər davam edir.

Xatırladaq ki, ABŞ müttəfiq ölkələr və şirkətlərdən bu il noyabrın 4-dək İrandan neft idxalını dayandırmağı istəyib. ABŞ-dan bir heyətin Orta Şərqdə fərqli ölkələrə səfər edərək İran neftinə yönələn sanksiya qərarına dair danışıqlar aparması gözlənilir. Lakin ABŞ İrandan neft idxalına qarşı sanksiyalarda bəzi ölkələrə güzəşt tətbiq etməyi də nəzərdən keçirəcək.

Ekspertlər hesab edir ki, sanksiyalar nəticəsində İranın neft ixracı hazırkı həcmin üçdəikisi səviyyəsində azalaraq gündəlik 700 min barrelə düşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259