DÜNYA

Tramp: Səudiyyə Ərəbistanı neft istehsalını artırmağa razılıq verib
02 İYUL
160

Tramp: Səudiyyə Ərəbistanı neft istehsalını artırmağa razılıq verib

2018-07-02 11:58:00

Səudiyyə Ərəbistanının neft istehsalını 2 milyon barrelədək artırmasını istədim və Kral Salman bin Əbdüləziz Al Səud buna razılıq verdi.

Fins.az  xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp özünün “Twitter” səhifəsində yazıb.

“Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səudla danışdım və ondan İran və Venesuelada baş verən qarışıqlıqla əlaqədar Səudiyyə Ərəbistanının bu boşluğu doldurması üçün neft hasilatını 2 milyon barrelədək artırmasını istədim. Qiymətlər çox yüksəkdir! Kral Salman buna razılıq verdi”.

Qeyd edək ki, ABŞ-ın öz müttəfiqlərindən noyabrın 4-dək İrandan xam neft idxalını dayandırmasını istəməsi “qara qızıl”ın qiymətinin son günlərdə kəskin bahalaşmasına səbəb olmuşdu.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində təşkilata üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub. Gündəlik neft hasilatının 834 min barrel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan istehsalı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi ötən müddətdə tam yerinə yetirib.

Bu il iyunun 22-də isə Avstriyanın paytaxtı Vyanada keçirilən OPEC Nazirlər Şurasının 174-cü iclası zamanı OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) tövsiyəsi və OPEC Nazirlər Şurasının qərarı ilə OPEC+ üzrə neft hasilatı hədəf olaraq sutkalıq 1 milyon barrel artırılıb. OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin 4-cü görüşündə də hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasını Azərbaycan da dəstəkləyib.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250