DÜNYA

“Saudi Aramco”nun IPO-su təxirə salına bilər
24 APREL
111

“Saudi Aramco”nun IPO-su təxirə salına bilər

2018-04-24 12:29:00

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun səhmlərinin ilkin kütləvi yerləşdirilməsinin (IPO) 2019-cu ilə təxirə salınması gözlənilir.

Fins.az xəbər verir ki, analitiklər neftin qiymətinin 80 dollar/barrelə doğru artmasının gözlənildiyi bir vaxtda IPO-nun təxirə salınmasının məntiqli addım olduğunu düşünürlər.

Qeyd edək ki, “Aramco”nun səhmlərinin satışının bu ilin ikinci yarısında olması planlaşdırılırdı. “Aramco”nun IPO-sunun ilk olaraq Səudiyyə Ərəbistanı “Tedavul” birjasında, sonra isə Nyu-York, London, Honq-Konq və ya Tokio birjalarında əməliyyata başlaması gözlənilir. “Aramco”nun səhmlərinin 5 faizini özəlləşdirərək 100 milyard dollar gəlir əldə edilməsi hədəflənir. “Saudi Aramco” Böyük Britaniyanın maliyyələşdirdiyi 2 milyard dollarlıq fond üçün ABŞ-ın “Citi” investisiya bankı ilə razılaşıb və bu çərçivədə “Citi bank” həmin fondu idarə edəcək. “Aramco” daha əvvəl “JPMorgan Chase & Co”, “Morgan Stanley” və “HSBC” ilə məsləhətləşmələr üçün razılaşıb. Şirkətin bazar dəyərinin təxminən 2 trilyon dollar olması gözlənilir. “Aramco” bazar payını artıracağı təqdirdə hazırda təxminən 900 milyard dollarla dünyanın ən dəyərli şirkəti olan “Apple”i geridə qoyması nəzərdə tutulur.

Mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “ExxonMobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə 51 min Səudiyyə Ərəbistanı vətəndaşı, 10 min 254 nəfər isə əcnəbi çalışır.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276