DÜNYA

ABŞ "Bitcoin"ə qeyri-ciddi yanaşanları yanıltdı - TƏHLİL
05 DEKABR
290

ABŞ "Bitcoin"ə qeyri-ciddi yanaşanları yanıltdı - TƏHLİL

2017-12-05 16:28:00

Ən məşhur, ən geniş yayılmış və ən bahalı kriptovalyuta sayılan “Bitcoin”in tarixində inqilabi mərhələ baş tutub. ABŞ-ın Fyuçers Müqavilələri ilə Ticarət üzrə Komissiyası Çikaqo əmtəə birjasına (Chicago Mercantile Exchange Inc. (CME) və CBOE Futures Exchange (CFE) birjasına “Bitcoin” üzrə fyuçers kontraktları ilə, Cantor Exchange broker şirkətinə isə “Bitcoin” üzrə binar opsionları ilə ticarət etməyə icazə verib.

Komissiyanın sədri Kristofer Canfrankonun sözlərinə görə, Komissiya üçün tənzimləmə baxımından kriptovalyuta yeni bir maliyyə alətdir, çünki bundan əvvəl belə bir alət tənzimlənməyib. Bununla əlaqədar gözlənilir ki, Komissiya yeni alətlə aparılan ticarət əməliyyatlarını xüsusi diqqət altında saxlayacaq. Hələlik isə bildirilir ki, Komissiya tərəfindən CME ilə altı həftə ərzində, CFE ilə isə dörd ay ərzində, Cantor ilə mütəmadi olaraq danışıqlar aparılıb və həmin qurumlar bəyan edib ki, müştərilərin hüquqlarının müdafiəsi və bazarların sabitliyi üçün lazımı tədbir və nəzarət sistemlərinin təkmilləşdirilməsi istiqamətində addımlar atacaqlar. Artıq həmin qurumlar müvafiq standartlar tətbiq etməyə hazırdır ki, “Bitcoin”lə derivativlərə ciddi nəzarət həyata keçirilsin. Ümumilikdə, “Bitcoin”lə birja əməliyyatlarına, həmin əqdlərdə iştirak edəcək bütün maliyyə qurumlarına ciddi nəzarətin tətbiq edilməsi nəzərdə tutulur. Nəzarət həm Komissiya, həm yuxarıda qeyd edilən ticarətin təşkil qurumları tərəfindən həyata keçiriləcək. Komissiya rəsmi olaraq bəyan edib ki, “Bitcoin” bazarında daimi monitorinq aparmaq niyyətindədir və bu prosesin əsas məqsədi müştərilərin hüquqlarının müdafiəsi və risklərin qiymətləndirilməsidir. Eyni zamanda Komissiya müxtəlif stress-testlər həyata keçirmək niyyətindədir ki, bütün nəzərdə tutulan potensial risklər və risk növləri ciddi diqqət mərkəzində saxlanılsın. Qeyd edək ki, “Bitcoin”lə fyuçers kontraktları ilə ilk əqdərin başlanması dekabrın 18-də baş tutacaq.

Bu, tənzimləmə və nəzarət, ticarətin proseduralarına aid məsələdir və əmin olmaq olar ki, bütün nəzərdə tutulan prosedura və tədbirlər lazımı səviyyədə saxlanılacaq. Bu, həmçinin texniki məsələdir və ABŞ-ın maliyyə sahəsi üzrə tənzimləyici orqan və federal agentlikləri öz vəzifələrini yerinə yetirəcək. Bazar iştirakçıları və sadə müşahidəçiləri digər məsələlər, ilk növbədə faktın özü maraqlandırır. Çünki artıq dünyanın ən iri maliyyə bazarlarından birində “Bitcoin” üzrə derivativlərin tənzimlənməsi bazarı yaradılır. İkinci məsələ isə bu faktın “Bitcoin”ə təsiridir. Belə ki, Komissiyanın qərarından sonra “Bitcoin”lə ticarəti üzrə dünyada əsas platforma hesab olunan Lüksemburqda yerləşən Bitstamp birjasında kotirovkalar 9,5 min dollardan 10,5 min dollaradək yüksəlib. Bu, qısamüddətli təsir olsa da, çox şeyi əks etdirir. Bu günə kimi “Bitcoin” yarıleqal, yarınaməlum, yarımüvəqqəti, yarı...maliyyə aləti kimi ticarət edilirdi və bununla bağlı onun nəinki gələcəyi, həm də faktiki nəyə aid edilməsi barədə ciddi suallar mövcud idi. Komissiyanın qərarı faktiki olaraq bu suallara aydın cavab verib ki, “Bitcoin” maliyyə alətidir, qiymətli kağızın bütün əsas əlamətlərini daşıyan əmtəədir və bu alətin törəmə alətlərin yaranması qeyri-qanuni deyil. Bu günə kimi Bitcoin və digər kriptovalyutaların əsas problemi və riskləri onunla bağlı olub ki, onlarla əqdlər tənzimlənməyən platformalarda bağlanırdı, indi vəziyyət kardinal olaraq dəyişir. İlk növbədə bu da onunla əlaqədardır ki, dünyanın əsas maliyyə tənzimləyiciləri artıq bir neçə il ərzində ortaq fikir gələ bilmir - “Bitcoin” nədir: qiymətli kağız, investisiya aləti, əmtəə və ya qumarın internet növü? Mübahisələr və məsləhətləşmələr hələ də davam edir və burada mütləq bir məqamı qeyd etmək lazımdır. Belə ki, dünyanın əsas maliyyə tənzimləyici orqanları olan ABŞ-ın Qiymətli kağızlar üzrə Komissiyası, Maliyyə Xidmətləri Sektorunun Tənzimləmə İdarəsi, Federal Ehtiyat Sistemi, Honkonqun Qiymətli kağızlar və fyuçerslər üzrə Komissiyası, Avropa qiymətli kağızlar bazarına nəzarəti üzrə İdarəsi, Böyük Britaniyanın maliyyə sektorunun nəzarəti İdarəsi dəfələrlə bəyan edib ki, “Bitcoin”lə əməliyyatlar yüksək riskli olduğundan investorlar, potensial müştərilər və ictimaiyyət  ehtiyatlı olmalıdır. Əsas risklər sırasında kotirovkaların nəzarətsiz dəyişməsi və “Bitcoin”lə əməliyyatların tənzimlənməyən platformalarda həyata keçirilməsi səslənirdi. İndi aydın olur ki, “Bitcoin” üzrə fyuçers və binar opsionların "işə salınması" ilə risklərin sığortalanması (xedj edilməsi) üçün tənzimlənmə meydançalarında sivil maliyyə alətləri mövcud olacaq. Bütün bazar təhlilçiləri hesab edirlər ki, “Bitcoin” üzrə derivativlərin buraxılması və ticarət həm riskləri azaldacaq, həm də nə az, nə çox “Bitcoin” üzrə kotirovkaların formalaşması daha etibarlı, daha başa düşülən və ən əsası daha ədalətli olacaq. Burada, məsələn, neft, qızıl, gümüş, mis, şəkər, müxtəlif metalları, kofe və minlərlə əmtəə növlərini yada salmaq olar. Belə ki, həmin əmtəə növlərinin kotirovkaları həm fiziki tədarük, təklif-tələbat tarazlığından, həm də həmin əmtəə növləri üzrə fyuçers və opsion kontraktların qiymətlərindən asılıdır və burada kotirovkaların formalaşmasında birinci və ya ikinci amillərin xüsusi çəkisinin daha çox olması - böyük sualdır.

Buna görə “Bitcoin” üzrə derivativlərin yaradılması sözün əsl mənasında inqilabi bir hadisədir, çünki yeni maliyyə alətlərin yaradılmasında başqa bu baza “Bitcoinin özünün qiymətinin formalaşmasına qayda gətirəcək, riskləri azaldacaq və nəhayət investorlar arasında müəyyən əminlik yaradacaq. Sonuncu amil son dərəcədə vacibdir, çünki məhz “Bitcoin”in heç nəyə əsaslanmaması, pərakəndə investorlara başa düşülən olmayan qaydada buraxılması (yaradılması), mərkəzləşdirilməmiş qaydada ticarət edilməsi kimi məsələlər “Bitcoin” və digər kriptovalyutaların inkişafını sual altına qoyurdu və hətta yarı-leqal vəziyyətə salırdı. 

“Bitcoin”in gələcəyi barədə nə isə konkret demək hələ də çətindir, amma bir şeyi əminlikdə söyləmək olar ki, Fyuçers kontraktları ilə ticarəti üzrə Komissiyasının qərarı “Bitcoin”i prinsipial yeni səviyyəyə yüksəldir, onu dünya maliyyə bazarının "boz" zonasından çıxarır və bu günə kimi “Bitcoin”ə qeyri-ciddi və müvəqqəti alət kimi baxanları ciddi fikirləşməyə məcbur edir. Fikirləşməyə isə dəyər, təkcə xatırlatmaq kifayətdir ki, qərardan sonra “Bitcoin”in qiyməti 2700 dollar bahalaşıb, hazırda 12200 dollar civarındadır.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287