DÜNYA

Tramp dollarla nə edəcək? – ELMAN SADIQOV YAZIR
12 OKTYABR
934

Tramp dollarla nə edəcək? – ELMAN SADIQOV YAZIR

2017-10-12 10:22:00

ABŞ prezidenti Tramp FED-in faiz dərəcələrini artırmasını istəmir. Çünki, ucuz dollar ilk baxışda büdcə kəsirinin və borc yükünün azaldılması, ixracın artırılması deməkdir. Trampın da iqtisadi sahədə vergilərin azaldılması da daxil olmaqla seçkiqabağı əsas vədləri bunlar idi. Əslində bu məsələlər hazırda ABŞ-ın həll etməli olduğu məsələlərdir və ilk baxışda daha cəlbedici görünür. Lakin, ucuz dollar həm də neftin və qızılın qiymətinin artması deməkdir ki, heç biri hazırda ABŞ üçün faydalı deyil. 8133 ton qızıl ehtiyatı ABŞ üçün hazırda aşağı rəqəmdir. ÜDM-nin və iqtisadiyyatın son 40 il ərzində artım tempi qarşısında qızıl ehtiyatının artım tempi çox cüzidir. Əslində ÜDM ilə müqayisədə azalma hesab olunur.

Dolların rezerv valyuta statusunu qoruması üçün ABŞ-ın dollar qarşılığında dünya qiymətləri ilə qızıl satmaq öhdəliyi qalmaqdadır. Bu psixoloji olaraq da dollar üçün əsas amillərdəndir. Neftin qiymətinin qalxması da ABŞ neft şirkətləri üçün sərfəli olsa da, bütövlükdə ABŞ üçün bahalı neftin ucuz neftə nisbətən mənfi tərəfləri həm iqtisadi, həm siyasi cəhətdən çoxdur. Bu da əsas səbəb deyildir. Əsas səbəb odur ki, ABŞ iqtisadiyyatının nəbzi hesab edilən Dow Jones indeksi 23.000 ətrafındadır. Həmin indeksə daxil olan səhmlərin isə real gəlirlilik əmsalı ilə bazar qiymətləri arasında uçurumlar yaranmışdır. Başqa sözlə, köpüklər formalaşmaqdadır. Bəzi göstəricilərinə görə hazırki vəziyyət 1927-1928-ci illəri xatırladır. Ardınca 1929-1933-cü illərin Böyük Depressiyası gəldi. Ucuz dollar ilk baxışda nə qədər cəlbedici olsa da, birjalardakı vəziyyət dərk edildikdə gözə görünmür.

0 dərəcə ətrafında olan faiz dərəcələri öz rolunu oynadı, iqtisadiyyata investisiya axını gücləndi və bir çox iqtisadi göstəricilər (işsizlik azaldı, iqtisadi artım bərpa olundu və sair) normallaşdı. Köpüyün daha da şişməməsi və partlamaması üçün dollar kütləsi azaldılmağa başlamalı, faiz dərəcələri artırılmalıdır. Bu belə də olacaq. Burada incə bir nüans var. Əgər məsələ bu qədər sadədirsə, bu qədər söz-söhbət və mübahisələr, spekulyasiyalar nədən baş verir? Faiz dərəcəsinin artırılmasının çox böyük bir riski yaranmışdır. Bu risk populist çıxışların fonunda gizlədilir və toxunulmamağa çalışılır. Bu da istiqrazlar bazarındakı vəziyyətdir. ABŞ-ın ölkə xaricində istiqraz həcmi 10.3 trilyon dollara çatmışdır.Yəni 0 ətrafında faiz dərəcələri investorları istiqraz almağa sövq etmişdir. Faizlərin uzun müddət 0 ətrafında qalması və investorların istiqraz alışına axını bu sahəni də çox şişirtmişdir. Səhm bazarından fərqli olaraq istiqraz bazarı faiz artımı zamanı partlaya bilər (bu tamam başqa mövzudur. Səbəblərini iqtisadçılar bilir).

ABŞ-ı narahat edən əsas amillərdən biri də budur. Bu səbəblərdən çox ciddi və dərin müzakirələr gedir. Lakin, düşünürəm ki, tədricən və istiqraz bazarını nəzarətdə saxlamaqla faiz artımının olacağı qaçılmazdır. Çünki, ABŞ faiz artımının bu qədər yubanmasının bədəlini həm səhm, həm də istiqraz bazarında yaranmış riskli vəziyyətlə ödəməyə başlayıb. 1-2 il də yubanma köpüklərin daha da şişməsi və partlaması risklərinin artması deməkdir.

Elman Sadiqov

Iqtisadçı-ekspert

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+19°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296