DÜNYA

" Dollarsız dünya" realdırmı?
12 AVQUST
738

" Dollarsız dünya" realdırmı?

2016-08-12 14:55:00

Xəbər verdiyimiz kimi, dünən Rusiya və Türkiyə hökuməti qarşılıqlı hesablaşmalarda dollarda istifadə etməyəcəklərini bəyan ediblər. Bu məsələ hazırda dünyanın əsas müzakirə mövzudur. İqtisadçı-ekspert Qalib Toğrul hesab edir ki, dollardan tamamilə imtina olunması mümkün deyil. 

Fins.az ekspertin bununla bağlı əsaslardırmasını təqdim edir. 

"Beynəlxalq hesablaşmalarda və milli valyutanın kursunun müəyyən edilməsində dollardan imtina Putinin və Ərdoğanın yaşından əvvəlin söhbətidir. Axtarsan, Stalin dönəminə gedib çıxarsan. O zaman Stalin rublun 1937-ci ildə dollara bağlanan kursunu 1950-ci ildə qızıl əsaslı edib (rubl= 0,222168 qram təmiz qızıl). Və hətta beynəlxalq hesablaşmalarda dollardan imtina edib rublu seçənlərin bir birliyini də yaradıb.

Bu birliyə o zamankı sosialist ölkələri qoşulublar, İran, Çin, Şimali Koreya, Əfqanistan, Uruqvay, Vyetnam kimi ölkələr “dollarsız bazar” ideyasını dəstəkləyiblər. Ancaq Stalinin ölümündən sonra bu ideya əhəmiyyətini itirib və yaddan çıxıb.

Zamanla ərəb ölkələrinin, Çinin, Yaponiyanın, Braziliyanın, Uruqvayın və digər ölkələrinin rəhbərləri bu təşəbbüslə çıxış ediblər. Ancaq bu ideya elə təşəbbüs olaraq da qalıb. Uzaqbaşı milli valyutanın kursuna, neftin qiymətinə müvəqqəti psixoloji təsir göstərib, vəssalam.

XXI əsrin əvvəllərindən “dollarsız dünya” məsələsi yenidən gündəmə gəlib, 2008-ci ildə başlanan qlobal böhrandan sonra daha da aktullaşıb. Bu ideyanın ən alovlu davamçısı Liviya prezidenti Qəddafi olub. O, bütün Afrika ölkələrini vahid bazarda birləşdirib hesablaşmalarda qızıl dinardan istifadə etməyi təklif edirdi. O vaxt açıq şəkildə Cənubi Afrika Respublikası bu ideyanın əleyhinə olmuşdu və təbii ki, üzdə bir söz deyib, arxada başqa cür hərəkət edən ərəb ölkələri də vardı.

Sonralar ayrı-ayrı vaxtlarda Rusiya Çinlə birgə bu məsələni müzakirə etsə də, vahid rəyə gələ bilməmişdilər. Putin tez-tez bu məsələni ortaya atır, müzakirələr gedir, fikirlər səsləndirilir və tez də hər şey yaddan çıxır.


Dollardan imtina niyə mümkün deyil. Əvvəla, hazırda dünya ölkələrinin borc öhdəliklərinin 80%-dən yuxarısı dollardadır. Bura korporativ borcları da gəlsək böyük bir rəqəm alınar. İkincisi, demək olar ki, bütün ölkələrin (o cümlədən, Rusiyanın və Türkiyənin) strateji qızıl-valyuta ehtiyatlarının böyük hissəsi dollarla saxlanılır. Hazırda (15 iyul 2016-cı il tarixinə) Türkiyənin dollarda olan valyuta ehtiyatı 103 milyard 111 milyon dollardır.

Rusiyanın qızıl valyuta ehtiyatı 393,3 milyard dollar dəyərində qiymətləndirlir ki, onun da tən yarısı dollarda saxlanılır. Bu şəraitdə Sizcə, Ərdoğan və Putun həmin ehtiyatları rubla və ya lirəyə çevirməyə razılaşarlarmı? Bəlkə elə bundan başlasınlar.


Üçüncüsü, mümkün olmasa belə, fərz edək ki, Rusiya ilə Türkiyə dollardan imtina edib qarşılıqlı hesablaşmalarda rubla və lirəyə keçdilər. Rusiyanın məhsulu Türkiyə rublla aldı, Türkiyənin məhsulunu Rusiya lirəylə. Hər şeydən əvvəl rublun lirəyə olan məzənnəsi dollar vasitəsilə (çarpaz kurs) müəyyən olunmalıdır. Bunu da görməzdən gələk.

Türkiyə satdı, Rusiya aldı və ya əksinə. Əldə qalan artıq lirəni və ya rublu neynəyəcəklər. Rubl və ya lirə dollar deyil, dünya da bu iki ölkədən ibarət deyil, o zaman üçüncü ölkəylə ticarətdə mütləq dollar lazım olacaq. Türkiyə və Rusiya məcburdu ki, əlindəki artıq pulu dollara çevirsin. Əgər sonda yenə dollara möhtac olacaqlarsa, o zaman dollarla müqayisədə kifayət qədər dayanıqsız valyutalar olan rubl və lirə ilə ticarət aparıb, risk eləməyə dəyərmi?


Belə bəyanatlar sadə camaata hesablanıb. Əgər növbəti aylarda eşitsəniz ki, Rusiya və Türkiyənin dollarda olan ehtiyatları artıb, qəti təəccüblənməyin, bilin ki, Ərdoğanla Putin bir-birindən ayrılan kimi başqa valyutalarda olan dövlət ehiyatlarını dollara çevirmək haqqında göstəriş veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272