DÜNYA

Pul, yoxsa əqidə – DÜNYANIN ƏN QEYRİ-ADİ VƏSİYYƏTİ
01 AVQUST
1943

Pul, yoxsa əqidə – DÜNYANIN ƏN QEYRİ-ADİ VƏSİYYƏTİ

2016-08-01 17:30:00

1926-cı il oktyabrın 31-də  bazar günü Çarlz Millar  iki hərəkətlə yadda qaldı. Birinci 73 yaşlı şux qamətli və həyatı boyu bir gün belə xəstəlikdən əziyyət çəkməmiş bu insan öz ofisində qəflətən öldü. Onun katibəsi baş vermiş hadisədən şokda idi.

İkincisi, Milların yazıb qoyduğu vəsiyyətnamə çox təəccübləndirici idi. Hətta bu hüquqi sənəd Milların (tanınmış korporativ vəkil) həyatı boyu etdiyi bütün işləri kölgədə qoydu.

Heç kəs inanmazdı ki, öz ölümündən sonra əslən Kanadalı olan Millar kimi hörmətli vəkil və biznesmen belə möhtəşəm bir şou təşkil edəcək. Deyəsən Millar müəyyən qiymətdə hər şey və hər kəsi almağın mümkün olduğunu sübut etmək istəyirdi. Hüquq sənətinin bütün qaydalarına uyğun hazırlanmış vəsiyəti ilə cənab Millar öz ölümündən sonra jurnalistlərin dediyi kimi “əsrin ən böyük zarafatı”nı etmiş oldu.

Çarlz Milların tərcümeyi-halı

Çarlz Vens Millar 1853-cü ildə Kanadanın Aylmere, Ontario vilayətində, orta təbəqə fermer ailəsində doğulub. Çoxbilmiş məktəbli, daha sonra uğurlu tələbə. O, Toronto universitetinin qızıl medalı daxil olmaqla digər mükafatlar da qazanıb. Onun bütün fənnlər üzrə orta qiyməti 98 idi. Milların  uğurlu təhsili “Ozqud Holl” hüquq məktəbində də gözə çarpırdı. 1881-ci ildə  bu cavan və iddialı gənci vəkillər kollegiyasına qəbul etdilər, qısa zaman sonra o, Torontoda öz ofisini açdı.

Millar kiçik nailiyyətlərdən başlamışdı, lakin evini özünün vəkil statusuna uyğun, Torontonun “Kral” otelindən kirayə tutmuşdu. Zamanla onun adı uğur qazanmış korporativ vəkillər, müqavilə hüquqları mütəxəssisləri arasında məşhurlaşır.

Hüquq praktikası  elə də böyük gəlir gətirmədiyindən, Millar Britaniya Kolumbiyasının “Eksperr” şirkətini  alır və bununla da Karibu rayonuna hökumət poçtunu daşımaq hüququ əldə edir. “Qran Trank” dəmir yolu şirkətinin tikintisi başlayanda Millar öz fəaliyyət sahəsini genişləndirərək, uzaq Corc fortunu (daha sonra Prins-Corc) da bura əlavə edir.

Məlumdur ki, Millar Corc fortundan yerli hindu xaqları üçün torpaq almaq istəyirdi. Lakin torpağı dəmir yolu şirkəti aldı.

Bundan sonra Millar bəzi xırda prosessual pozuntulara əsaslanaraq məhkəyə müraciət edir və məhkəmədə qalib gəlir. Məhkəmə müəyyən etdi ki, dəmir yolu şirkəti vəkilə 200 akr ərazi ayırmalıdır. (Həmin ildən sonra məhkəmə təcrübəsində bunu “Millar əlavəsi” adlandırmağa başladılar).

Güclü biznes analizi qabiliyyəti olan Millar gəlirli evləri sərfəli qiymətə alır, Ontarionun baş hakimi ilə birlikdə gəmi əldə edir. Bundan əlavə, Millar “O`Kif” pivə şirkətinin həm prezidenti həm də səhmlərinin əsas sahibi olur. (O`Kif markalı pivə hələ də satılır).

Onu cıdır yarışları da maraqlandırırdı. Milların bəxti gətirirdi: O, uğurlu oyunçu kimi tanınmışdı. Onun iki atı isə tez-tez nüfuzlu cıdır yarışlarında qalib olurdu. Həyatının sonunda Millar şəxsi at tövləsində 7 cins atı var idi.

Bu müvəffəqiyyətli insanın daha bir marağı vardı. O, dostları ilə zarafat etməyi sevirdi. Axmaq xəsisliyə meylli insanlar isə onun xüsusi sarkastik zarafatlarına məruz qalırdılar.

Dostları və şirkət əməkdaşları Milları sevgi dolu və sədaqətli insan adlandırırdılar. Atasının ölümündən sonra Millar 23 il yaşadığı “Kral” otelindəki mənzilini tərk edərək, özü və dul qalmış anası üçün böyük ev aldı. Bəzən onun anası övladını çoxlu işlədiyinə görə qınayırdı. O, deyirdi ki, işinə görə övladı ailə həyatı qurmur. Bundan əlavə Milların anasını övladının həmişə soyuq eyvanda yatması narahat edir. Lakin qoca qadının bu qorxularına heç bir əsas yox idi. Çarlz heç vaxt xəstələnməmişdi.

Çarlz Milların dəfn mərasimi tək Torontonun deyil, bütün vilayətin görkəmli vəkillərini, biznesmenlərini və idmançılarını bir araya yığdı. Anqlikan kilsəsinin rahibi T. Kotton rəhmətlinin yüksək mənəvi keyfiyyətlərini, sədaqətliyini və düzgünlüyünü xüsusi vurğuladı. Bununla da kilsə sonuncu dəfə Çarlz Millar haqqında xoş sözlər söylədi.

Vəsiyyətnamə, yoxsa yüksək təbəqə üçün əyləncə ?

Vəsiyyətnamənin oxunub və dərc edilməsindən sonra ağlasığmaz hadisələr başladı. Rəhmətlinin ailə üzvləri, dostları, siyasətçilər, vəkillər, biznesmenlər hətta kilsə nümayəndələri şokda idilər. Jurnalistlərin yazdıqlarına görə “Milların vəsiyyətnaməsi deyəsən cəmiyyətin  yüksək təbəqə nümayəndələrini əyləndirmək məqsədi daşıyırdı”.

Sənədin əvvəlində Millar yazırdı: “Zərurət baxımından bu vəsiyyətnamə qeyri-adi və şıltaqdır. Mənim nə varisim, nə də yaxın qohumlarım yoxdu. Buna görə də şəxsi mülkümlə nə edəcəyim barəsində mənim qarşımda standart tələblər yoxdur”.

Vəsiyyətnaməsinin əvvəlində Millar onun sadiq köməkçiləri və əməkdaşlarının bir neçəsinin adını çəkdi və onlara kiçik bir məbləğ təyin etdi. Uzaq qohumlarına Millar heç nə vəsiyət etmədi. Onun sözlərinə görə, əgər uzaq qohumlarına nəsə miras qoysaydı onlar onun tez ölümünü arzulayardılar. Millar isə bunu özünə arzulamırdı.

Ardınca isə ən maraqlısı başladı. Heç kəs ağıllarına belə gətirməzdi ki, qoca vəkil belə bir oyun oynayacaq.

Vəsiyyətnaməyə görə, Millar “Kenilvert” cıdır-klubunun səhmlərini Ontario vilayətinin  Sendviç, Uolkervill və Vindzor şəhərlərində hər bir kilsə rahibinə miras qoyub. İndi aydındır niyə kilsə nümayəndələri Milların adını müsbət mənada qəbul etmirlər. Kilsə birmənalı şəkildə qumar (totalizator) oyunlarına qarşı çıxır.   

Sahibkarları qatı katoliklər olan “O`Kif” pivə şirkətinin səhmləri isə Milların vəsiyyətnaməsinə uyğun alkoqolizmlə mübarizə aparan Torontonun protestant icmasının hər bir nümayəndəsi arasında bərabər bölünməli idi. Nəticə tam mənada qalmaqal yaratdı. Protestant kilsələrinin nümayəndələri məhkəməyə gedərək öz səhmlərini tələb etdilər.

Millar növbəti 3 ildə cıdır-klubuna üzr olmaq şərti ilə Ontario cıdır-klubunun səhmlərini cıdır oyunları əleyhinə çıxış edən bir hakim və bir rahibəyə miras qoydu. Onlar da üzv oldular, lakin səhmlərini alan kimi klub üzvlüyündən imtina etdilər.

Millarla dostluq edən, ancaq bir-biri ilə heç yola getməyən 3 vəkil dostu Yamaykada gözəl evin sahibi oldular. Amma çoxbilmiş vəkil evə sahib olmaq üçün dostları qabağına bir çox qadağalar qoyur və nəticədə onlar evi bir yerdə paylaşmalı olurlar.

Lakin bütün bu qeydlər vəsiyyətnamənin 9-cu bəndinin yanında sadə zarafat idi. Çarlz Millar yerdəqalan bütün sərvətini - yarım milyon dollara yaxın pulu Torontoda növbəti 10 il ərzində ən çox qanuni uşaq dünyaya gətirəcək.  (qadına miras qoydu.  Bir şərtlə ki, doğuşlar rəsmi qaydada qeydə alınmalı idi.

Beləliklə, vəsiyyətnamə səsləndirildi və bundan əlavə sənəd Torontonun qəzetlərinin birinci səhifələrində dərc olundu. Bununla da əsas hissəsi Böyük depressiya illərinin əvvəlinə düşən “böyük şou” başladı. Ailə üzvləri dəfələrlə vəsiyyətnaməyə etiraz etməyə çalışdılar.

 Alkoqollu içki içməyən dindarlar “pivə səhmlərindən” özlərinin payını qopartmaq istədilər, müxtəlif məhkəmələrin vəkilləri bu istiqamətdə işlərin aparılmasında pul qazanmağa çalışırdılar. Hətta Kanadanın Ali Məhkəməsi Ontario Baş Məhkəməsinin göndərişi ilə vəsiyətnamə ilə bağlı iclas keçirdi. Ontario Milların sərvətinin guya Toronto universitetinin təqaüd  fondunun yaradılması adı ilə Ontario hökumətinə verilməsinə çalışırdı.

Ancaq Milların zamanında vəsiyyətnamələrin hazırlanması sahəsi üzrə 45 il ən yaxşı vəkil tapılmadı . O, hər bəndi ona məxsus zarafatcıl formada  o qədər dəqiq ifadə etmişdi ki, heç kəs onun sənədinə əks cavab verə bilmədi. 10 il ərzində ölkənin ən yaxşı vəkilləri buna çalışdılar, amma bacaran olmadı.

“Leyləklərin böyük yarışı”

Milların ölümündən 9 ay sonra onun sərvətinin əsas hissəsi üstündə əsl qarşıdurma başladı. Bu məsələ o dövrün bir çox çap nəşrlərində böyük səs-sorağa səbəb oldu. Əkiz və ya üçəm doğmuş hər bir qadın sərvətin sahibi ola bilər və buna görə də onların adı qəzetlərdən düşmürdü. Bir müddət sonra qəzetlərdə gündəlik yenilənən “Leyləklərin böyük yarışı” adında sütun açıldı. Bu sütunda qadınların adı və həmin gün üçün onların dünyaya gətirdikləri uşaqların sayı qeyd olunurdu.

Aydın məsələdir ki, kilsə  özünü təhqir olunmuş hiss etdi və Milların vəsiyyətnaməsini əxlaqsız adlandırdı. Kilsənin fikrinə görə, vəsiyyəti ilə Millar uşağın dünyaya gəlməsinin müqəddəsliyini ləkələyir. Buna görə də kilsə nümayəndələri Milların ünvanına qəzəbli sözlər səsləndirirdilər. Rahiblər qadınları bu yarışda iştirak etməməyə çağırırdılar. Buna cavab olaraq, qadınlar deyirdilər ki, “Necə yəni iştirak etməyək? Uşaq dünyaya gətirməyi dayandıraq?”

Ontarionun Baş prokurorunun yuxarıda qeyd edilən fondun yaradılması məqsədilə ciddi işə başlaması Toronto qadınlarının qəzəbinə səbəb oldu. Onlar israr edirdilər ki, vəsiyyətmənin hazırlandığı zaman Çarlz Millar ağlı üstündə, idrakı yerində idi. Buna görə də heç bir siyasətçi uşaq dünyaya gətirmək istəyən qadının hüquqlarını əlindən ala bilməz. Etirazlar bütün vilayəti bürüdü. Feministlər vurğulayırdılar ki, vəsiyyətnaməyə görə artıq kilsə nümayəndələri və vəkillər onlara miras qoyulan sərvətlərə sahib olublar, indi isə sıra qadınlardadır. 

Beləcə 10 il keçdi. Çarlz Milların ölümünun onuncu il dönümündə Ontarionun məhkəməsi yenidən vəsiyətnamənin şərtlərini səsləndirdi və qadın namizədlər siyahısına bir daha baxdı. İki qadın “finalçılar” siyahısından kənarlaşdırıldı. Polin Klarkın 9 övladı var idi, lakin onlardan biri qadının ərindən deyildi. Lilian Kenninin isə faktiki olaraq 12 övladı var idi, amma onlardan beşi uşaq yaşlarında ölmüşdü. Hər iki qadına təsəlliverici mükafatı olaraq 12 min 500 dollar verildi.

1936-cı il oktyabrın 31-də  “Leyləklərin böyük yarışı” Anna-Katrin Smit, Ketlin-Ellin Naql, Lyusi-Alis Timlek və İzabel-Meri Maklin arasında heç-heçə ilə bitdi. Bu qadınların hər birinin 10 il ərzində 9 övladı dünyaya gəlmişdi. Qadınlardan hər biri 125 min dollar (indiki məzənnə ilə hesablasaq 1.5 milyon dollar) qazandı.

“Leyləklərin böyük yarışı” Çarlz Lindberqin Atlantika üzərindən uçuşu və ya madam Dionun beşəm dünyaya gətirməsindən daha çox işıqlandırılırdı. Ontario jurnalistləri bu yarışmada yaxın keçmişdə qadanğan olunan mövzular haqqında da məqalələr yazmağa başladılar. Həmin  mövzular sırasında  “abortlar”, “qeyri-qanunu doğuşlar”, “boşanma və uşaqlar” da vardı.  Bəzi jurnalistlər hətta 9-cu bəndin olub-olmadığına şübhə edirdilər. Lakin Millar hər şeyi nəzərə almışdı.

Qəribədir ki, yarışın bir çox iştirakçısı olan qadınlar böyük ailəyə sahib olmağı planlaşdırmırdılar. Biz 7-8 uşaq dünyaya gətirərək yarış siyahısına düşməyən qadınları, ümumiyyətlə, nəzərə almadıq.

“Leylək yarışı”nın yarısı depressiya illərinə düşdü. O dövrdə ailədə əlavə bir ağız arzuolunmaz idi. Qalib gəlmiş 4 qadının ikisinin həyat yoldaşları işləmirdilər. Həmin ailələr aylıq müavinatla dolanırdılar. Digər 2 qadının həyat yoldaşları işləyir, ancaq az maaş alırdılar. Polin Klark isə boşanmışdı və sonuncu övladını yeni həyat yoldaşından dünyaya gətirmişdi.

Xoşbəxtlikdən mükafatlar doğurdan da ailələrə kömək oldu. Onlardan hər biri pullarını ağılla xərcləyərək gözəl övladlar böyütdülər və təhsil xərclərinə qənaət etmiş oldular. . “Leyləklərin böyük yarışı” televiziya filmi isə bu yarışı əbədiləşdirdi.

Deyirdilər ki, əhalinin təbii artımını belə bir formada dəstəkləyən Millar, hökumət və kilsə nümayəndələrinin ümumi nəzarət siyasətinə zərbə vurdu. Eyni zamanda zarafat edirdilər ki, belə bir addımla övladsız Millar 36 uşağı “övladlığına götürdü”.

Beləliklə, Çarlz Millar insanların özgəsinin pulunu əldə etmək üçün nələrə qadir olduqlarını göstərən gözəl tamaşa hazırladı. Bəlkə də bu, hüquqşünas Milların əldə etdiyi ən böyük nailiyyət oldu. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272