DÜNYA

Hansı ölkələrdə əmək haqqı nə qədərdir? - AÇIQLAMA
13 İYUL
1539

Hansı ölkələrdə əmək haqqı nə qədərdir? - AÇIQLAMA

2016-07-13 15:35:00

2016-cı ildə keçmiş SSRİ ölkələrinin əksəriyyətində minimum əmək haqqı artırılıb. Fins.az xəbər verir ki, bu barədə iqtisadçı Samir Əliyev məlumat verib. Bildirib ki, Rusiyada minimum əmək haqqı (MƏH) iyul ayının 1-dən etibarən 117 dollara (7500 rubl) qaldırılıb. Ondan əvvəl isə Ukraynada may ayının 1-dən minimum əmək haqqının aylıq məbləği 58,4 dollara (1450 qrivna), saatlıq məbləği 0,35 dollara (8,69 UAH) yüksəldilib.

Ukraynada 2016-cı il dekabrın 1-dən yeni artım olacaq və aylıq MƏH 62,4 dollar (1550 qrivna), saatlıq isə 0,37 dollar (9,29 UAH) olacaq.

Belorus hökuməti işəgötürənlər qarşısında iyun ayının 1-dən sonra işçiyə ayda ən azı 119 dollar (239,18 BYN) vermək öhdəliyi qoyub. Moldovada artım mayda olub. Mayın 1-dən etibarən MƏH-in aylıq səviyyəsi 106 dollar (2100 ley), saatlıq səviyyəsi isə 0,6 dollar (12.43 ley) olub.

Ermənistanda hazırda minimum əmək haqqı təxminən 115 dollardır (55 min dram). Hökumətin iyulun 1-dən MƏH səviyyəsini 136 dollara (65 min drama) qaldırmaq planı büdcə vəsaitlərinin qıtlığı səbəbindən baş tutmayıb. Qonşu Gürcüstanda MƏH təxminən 70 dollara (160 lari) bərabərdir.

Orta Asiya ölkələrində minimum əmək haqqı ilin əvvəlində artırılıb. Qazaxıstanda yanvarın 1-dən 68 dollar (22,859.00 tenge) olub. Qırğızıstanda 2016-cı ildə 16 dollar (1060 som) olub. Hökumət MƏH-i 2017-ci ildə 17 dollara (1140 som), 2018-ci ildə 18 dollara (1220 som) qaldırmaq niyyətindədir. Özbəkistanda 2015-ci ilin sentyabrından 44 dollar (130,240 min som) qaldırılıb. Türkmənistanda MƏH yanvarın 1-dən 168 dollar (590 manat) təşkil edir.

Azərbaycanda minimum əmək haqqı sonuncu dəfə təxminən 3 il öncə - 2013-cü ilin sentyabrın 1-də 105 manata qaldırılıb. Həmin dövrdə bu göstərici 134 dollara bərabər idi. Son devalvasiyadan sonra minimum əmək haqqı indiki məzənnə ilə 68 dollara düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275