DÜNYA

Türkiyə hökuməti sığorta şirkətlərinə xəbərdarlıq edib
20 İYUN
182

Türkiyə hökuməti sığorta şirkətlərinə xəbərdarlıq edib

2016-06-20 10:31:00

Türkiyə baş nazirinin müavini Mehmet Şimşək ölkənin sığorta şirkətlərinə xəbərdarlıq edib. Fins.az-ın "Report"-a istinadən verdiyi  məlumata görə, hökumət rəsmisi avtomobillərin icbari sığortası xidməti göstərən şirkətlərə müraciət edərək onları qiymətləri aşağı salmağa çağırıb.

Onun sözlərinə görə, tariflərdə azalma tendensiyası başlasa da, bu, qaneedici deyil. Sığortaçılar tarifləri əhəmiyyətli dərəcədə aşağı salmasa, dövlət bununla bağlı lazımi addımlar atacaq: "Nəqliyyat vasitələrinin icbari sığortası ucuzlaşmalıdır, yoxsa xəzinənin səlahiyyətlərindən istifadə edəcəyik".

Xatırladaq ki, 2008-ci ildən Türkiyədə avtomobillərin icbari sığortası tarifləri sərbəst şəkildə, sığorta şirkətlərinin özləri tərəfindən müəyyən edilir. 2015-ci ilin ikinci yarısından şirkətlər sığorta hadisələrinin sayı və dolayısı ilə xərclərinin artdığını əsas gətirərək tarifləri ciddi şəkildə qaldırıb. Bu isə sürücülərin narazılığına səbəb olub.

Vəziyyəti nəzərə alan hökumət ölkənin sığorta qanunvericiliyinə bir sıra dəyişikliklər edib. Türkiyə parlamentinə təqdim edilmiş və bu ilin aprelində qəbul edilmiş qanun layihəsinə əsasən, sığorta şirkətlərinin yükü bir qədər azaldılıb.

Bundan sonra Türkiyədə avtomobillərin icbari sığortasının təxminən 20% ucuzlaşacağı gözlənilsə də, tariflərdə hələ ciddi azalma yoxdur. Ən son məlumata görə, Türkiyədə avtomobil sahibləri icbari sığortaya görə orta hesabla 689 lirə (357 manat) ödəyir. Bu rəqəm son günlər 5-10 lirə (3-5 manat) azalmaqdadır.

Müqayisə üçün bildirək ki, Azərbaycanda avtomobillərin icbari sığortasına görə ödənilən orta sığorta haqqı mayın ayının yekunlarına əsasən təxminən 76 manat olub. Lakin bu, həm standart, həm də sərhəd sığorta müqavilələrinə (xaricilər üçün) görə hesablanmış məbləğdir. Konkret olaraq ölkə vətəndaşlarının ödədiyi icbari sığorta haqqının 93 manat ətrafında olduğu bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272