DÜNYA

Bu gün dünyanın ən məxfi toplantısı keçirilir
10 İYUN
3721

Bu gün dünyanın ən məxfi toplantısı keçirilir

2016-06-10 17:32:00

İyunun 9-dan 12-dək Drezdendəki Taşenberq sarayında dünyada ən məxfi forum – Bilderberq Klubunun illik görüşü keçirilir. Görüşdə sabiq və indiki dövlət başçıları, transmilli korporasiyaların rəhbərləri, dünyanın aparıcı KİV-lərinin nümayəndələri, ictimai xadimlər, iqtisadçılar, maliyyəçilər və bankirlər iştirak edir.

Bu unikal tədbir 60 ildən artıq müddətdə hər dəfə müxtəlif ölkələrdə keçirilir. Klubun ilk iclası 1954-cü ildə olub. O vaxtdan indiyə qədər klub haqqında praktiki olaraq heç bir məlumat yoxdur.

2016-cı il konfransında 20 ölkədən təxminən 130 nəfər iştirak edir. Üzvlərin sayına görə ən böyük nümayəndə heyəti ABŞ-dan gəlib. Tədbirdə Almaniyanı maliyyə naziri Volfqanq Şoyble, müdafiə naziri Ursula fon der Lyayen və ölkənin DİN rəhbəri Tomas de Nezyer təmsil edir. Görüşə “Deutsche Bank” və “Siemens” kimi ən iri bankların və korporasiyaların rəhbərləri də gələcək. AFR kansleri Angela Merkel, Almaniya XİN başçısı Frank-Valter Ştaynmayer, habelə iqtisadiyyat və energetika naziri Ziqmar Qabriel bu tədbirə qoşulmaqdan imtina ediblər.

Gözlənildiyinə görə, bu il müzakirəyə təqdim edilən əsas mövzular Çinin dünyada yeri, Avropa İttifaqında miqrasiya böhranı, Yaxın Şərqdə hadisələr, Rusiyanın siyasəti, ABŞ-da seçkilər və kibertəhlükəsizlik məsələləri olacaq.

Klubda indiyə qədər qüvvədə olan “Çatem-haus” qaydasına görə, görüş iştirakçıları söhbətlərin məzmununu və natiqlərin çıxışlarının detallarını tam məxfi saxlamalıdırlar. 1927-ci ildə Kral Beynəlxalq Münasibətlər İnstitutu (“Çatem haus”) tərəfindən müəyyən edilmiş bu anonimlik prinsipi rəylərin və müzakirələrin səmimiliyinə şərait yaratmalıdır. Klubun iclaslarına jurnalistlər hər il dəvət edilir, buna baxmayaraq iclasdakı hadisələrin mətbuatda işıqlandırılmasına icazə verilmir. Klubun mövcud olduğu bütün müddətdə konfranslarda səsləndirilmiş konkret təkliflər barədə məlumat heç vaxt qəzetlərə düşməyib.

İctimaiyyətə çatdırılan informasiya güclü təsir bağışlamır. Məsələn: “Saatyarım davam edən iclaslarda klubun üzvləri çox vaxt dünya miqyaslı məsələlər barəsində öz mövqelərini aydınlaşdırır və mübahisə edirlər”. 2013-cü ildə Londondan bir qədər şimalda yerləşən dəbdəbəli oteldə keçirilmiş konfransın iştirakçılarından birinin sözlərinə görə, həmin konfransda heç bir xüsusi məqam olmayıb: adi İsveç stolu, şərabın haqqını isə öz cibindən ödəməlisən.

Səhnəarxası görüşlərin əsrarəngizliyi bu tədbirin tənqidçilərində belə bir fikir oyadır ki, Bilderberq klubunun üzvləri nə isə məkrli bir məqsəd güdürlər. Bu, müxtəlif konspiroloji nəzəriyyələr yaranmasına əsas verir. Axı iştirakçılar rislinq və rostbif süfrəsi arxasında dünyanın taleyini müzakirə etməsələr də hər halda dünya əhəmiyyətli problemlərin həllini axtarırlar.

ABŞ-ın Almaniyadakı sabiq səfiri Corc Makqi xatırlayır ki, bu konfrans 1957-ci ildə Avropa İttifaqının yaranması üçün təməl qoymuş Roma müqaviləsinin bağlanmasında mühüm rol oynayıb. Belçikalı sahibkar, Bilderberq Klubunun fəxri sədri Etyen Davinyon isə avronun bu qapalı cəmiyyətdə necə yaranmasının şahidi olduğunu bildirir. Deyilənə görə, bu konfrans Riçard Niksonu və Marqaret Tetçerin istefa verməsinə, Yuqoslaviya münaqişəsinə qarışmağın planlaşdırılmasına da təsir göstərib. Guya Amerikanın İraqa müdaxiləsinin təxirə salınması da bu iclasda qərara alınıb.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272