DÜNYA

Dünyanın ən uzun tuneli açılır
01 İYUN
312

Dünyanın ən uzun tuneli açılır

2016-06-01 19:35:00

İyunun 1-də İsveçrədə təntənəli açılış mərasimindən sonra dünyanın ən uzun dəmir yolu tuneli istifadəyə verilib. Fins.az-ın məlumatına görə, Qotthard baza tuneli adlandırılan və tikintisi 17 ildən artıq çəkən bu tunelin açılışında İsveçrə, İtaliya, Almaniya, Fransa və Avstriyanın dövlət rəhbərləri olmaqla 500 nəfərdən ibarət fəxri qonaq ilk qatarda səfər edib.

57 kilometr uzunluğunda olan baza tuneli İsveçrə tarixində ən böyük tikinti layihəsidir. Alp dağlarının altından keçən dəmir yolu xəttinə “Əsrin tuneli” adı verilib.

On bir milyard avroya başa gələn tunel təkcə İsveçrənin şimalında yerləşən Ertsfeld və cənubundakı Bodio yaşayış məntəqələrini deyil, eləcə də Rotterdamdan Genuyaya, Şimal dənizindən Aralıq dənizinə sərnişin və yük daşımalarını sürətləndirəcək. Dəniz səviyyəsindən təxminən 550 metr yüksəklikdə çəkilən tunelin sabit xətt boyunca yerləşməsi də sərnişin qatarlarının sürətinin saatda 250 kilometrə çatmasını təmin edəcək. Alp dağlarının ən hündür hissəsində tunel 2300 metr dərinlikdən keçir.

Müxtəlif testlər başa çatdıqdan sonra tunel dekabrın 11-də müntəzəm rejimdə sərnişin və yük daşımaları üçün istifadəyə veriləcəkdir. Gündəlik 260 yük və 100-dən artıq sərnişin qatarının hərəkət edəcəyi tunel bir sıra iqtisadi, ekoloji və nəqliyyat missiyalarını icra edəcək.

İndiyədək dünyanın ən uzun dəmir yolu tuneli Yaponiyada yerləşən Seykan tuneli (54 kilometr) idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272