DÜNYA

"Uber" pulsuz işləyəcək - AVSTRALİYADA
13 MAY
299

"Uber" pulsuz işləyəcək - AVSTRALİYADA

2016-05-13 09:42:00

Sərnişinlərə avtonəqliyyat xidməti göstərən beynəlxalq “Uber” şirkəti Cənubi Avstraliya ştatının Adelaida şəhərində onlayn servisdən istifadə edənlərə pulsuz xidmət təklif edib. Bu barədə şirkətin ştatdakı bölməsinin meneceri Tom Uayt məlumat verib.

O bildirib ki, sərnişinlərə pulsuz xidmət növbəti çağırışa qədər davam edəcək.

İndiyədək “Uber” şirkətinin Cənubi Avstraliya ştatında fəaliyyəti qeyri-qanuni hesab edilirdi. Cari ilin əvvəllərində ştatın rəhbərliyi çox ciddi şərtlər və bürokratik prosedurlar müqabilində şirkətin fəaliyyətini leqallaşdırmağa hazır olduğunu bildirmişdi. Həmin şərtlərə əsasən “Uber” şəbəkəsinin sürücüləri üzvlük haqqı olaraq 525 ABŞ dolları ödəməli və avtomobillərini ildə iki dəfə texniki baxışdan keçirməli idilər.

Bu şərtləri həddindən artıq kəskin hesab edən şirkətin menecerləri ümumiyyətlə Cənubi Avstraliya ştatında işləməkdən imtina edəcəklərini bildiriblər. Bu xəbər sakinlərin böyük əksəriyyətinin narahatlığına səbəb olub və onlar yerli hakimiyyətə etirazlarını bildiriblər.

Vəziyyəti belə görən ştat rəhbərliyi bəzi güzəştlərə getməyə məcbur olub və iyulun 1-dən etibarən “Uber”in fəaliyyətinin tamamilə qanuniləşdiriləcəyini bildirib. Şirkətin rəhbərliyi bəyan edib ki, bunun müqabilində sürücülər mayın 13-də saat 12:00-dan başlayaraq Adelaida şəhəri daxilində sərnişinlərə pulsuz xidmət göstərəcəklər.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275