DÜNYA

Norveç qaçqınlara pul verir ki, ölkəni tərk etsinlər
26 APREL
348

Norveç qaçqınlara pul verir ki, ölkəni tərk etsinlər

2016-04-26 19:23:00

Norveç hökuməti yaxın ay yarım ərzində krallığı könüllü tərk edən ilk 500 qaçqına ödəmələri artıraraq 30 min krona ( 3,6 min dollardan çox) çatdırmaq niyyətini açıqlayıb. Fins.az Azertac-a istinadən xəbər verir ki, bu barədə immiqrasiya işləri naziri Syulvi Listhauq Norveç KİV-lərinə müsahibəsində məlumat verib. Nazir bildirib ki, indiyə qədər qaçqınlara 20 min kron təklif olunurdu, amma immiqrasiya işləri idarəsi ölkədən könüllü çıxmağa razı olan ilk 500 qaçqına əlavə 10 min kron ödəmək niyyətindədir. Syulvi Listhauq hesab edir ki, bu tədbir qaçqınların öz vətəninə könüllü qayıtmaq barədə qərar qəbul etməsinə təsir göstərəcək, çünki bu təklif ancaq altı həftə ərzində qüvvədə olacaq və yalnız bu il aprelin 1-dək Norveçdən sığınacaq istəyən 500 nəfər üçün nəzərdə tutulub.

Hakimiyyət orqanlarının addımları ölkəyə kütləvi axışan qaçqınlar üçün ümumi xərclərin azalmasına tuşlanıb, buna görə qaçqınlara edilən təklif yetərincə çevik sistemi nəzərdə tutur. Məsələn, evə qayıtmağa razılıq verən ikiuşaqlı ailələr və başqa kateqoriyalardan olan bəzi digər sığınacaq istəyənlər təyyarə bileti ilə bərabər, təqribən 80 min kron ( 9 min dollardan çox) vəsait ala biləcəklər.

Qeyd edək ki, statistik məlumatlara görə, 5,2 milyon əhalisi olan Norveçdən 2015-ci ildə 31 min qaçqın sığınacaq istəyib. Hökumət ərizələrin sayının artacağını gözlədiyi üçün vəziyyəti nəzarətə götürmək istiqamətində bəzi addımlar atıb. Belə ki, Norveçdə, eləcə də qonşu Danimarka və İsveçdə sərhəd nəzarəti tədbirləri görülüb və həmin tədbirlərin müddəti hər ay uzadılır. Hakimiyyət orqanlarının fəaliyyəti nəticəsində ölkəyə gələn qaçqınların sayını xeyli azaltmaq mümkün olub, lakin yay aylarında sığınacaq istəyənlərin ərizələrinin artacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275