DÜNYA

Dollarla bağlı qərar nə olacaq?
26 APREL
1532

Dollarla bağlı qərar nə olacaq?

2016-04-26 08:18:00

Qlobal iqtisadiyyat tam şəkildə ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsində edəcəyi dəyişikliklərdən asılı vəziyyətə düşüb. FES-in qərarlarını isə birbaşa qlobal iqtisadiyyatın artım dərəcəsi müəyyən edir. Maliyyə bazarları 2016-cı ildə FES-in uçot dərəcəsini iki dəfə artırmasını proqnozlaşdırarkən getdikcə bu proqnozlar öz dəqiqliyini itirir. Maliyyə bazarları zaman keçdikcə qlobal iqtisadi artım tempinin aşağı olması səbəbindən nəinki 2016-cı ildə FES-in faizləri yüksəltməyəcəyini, hətta bəzi analitiklər aşağı sala biləcəyini ehtimal etməyə başlayıblar.

Qeyd edək ki, keçən həftə Beynəlxalq Valyuta Fondu (IMF) qlobal iqtisadi artım tempi proqnozlarını yeniləyib. Hesabata əsasən, qlobal iqtisadi artım yanvar ayı hesabatındakı 3,4% əvəzinə, azalaraq 3,2% olacağı ehtimal edilib. ABŞ da daxil olmaqla, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin iqtisadi artım templəri 0,2% aşağı çəkilib.

FES məlum olduğu kimi, ildə 8 iclas keçirir və bu həftə növbəti iclas baş tutacaq. Analitiklər iclasda uçot dərəcələri dəyişikliyi gözləməzkən FES rəhbəri Janet Yellenin açıqlamaları önəm kəsb edəcək. Xatırladaq ki, FES rəhbəri mart ayında baş tutan iclasda uçot dərəcələrindəki hər hansı dəyişikliyin qlobal iqtisadi konyunkturdan asılı olacağını bildirib. O zaman J.Yellen uçot dərəcələrinin artırılmaması qərarını qlobal iqtisadi artımın zəif olması ilə əsaslandırıb. Mart iclasından sonra dolların məzənnəsi dünya valyutaları ilə müqayisədə zəifləyib. Dekabr ayında FES uçot dərəcələrini artırdığında dolların məzənnəsi güclənib, neft qiymətləri isə minimal həddə düşüb. Nəticədə neft hasil edən ölkələrin iqtisadi vəziyyəti çətinləşib, fond birjaları kəskin azalıb. Aydın olub ki, qeyri-stabil iqtisadi vəziyyət və FES-in faizləri artırması investorları riskli aktivlərə yatırım etməkdən çəkindirir. İnvestorlar son 20 ildə maliyyə bazarlarında qazandıqlarını itirmək istəmir və investisiyalarını ABŞ istiqrazlarına və səhm bazarlarına yönəldir. Amma ABŞ iqtisadiyyatı zəifləməyə davam etsə və FES uçot dərəcələrini Avropa Mərkəzi Bankı (ECB) və Yaponiya Mərkəzi Bankı (BOJ) kimi mənfiyə salarsa, o zaman investorlar məcburi şəkildə səhm bazarlarına və əmlak yatırımına yönələcək ki, bu da qiymətlərin reallıqdan çox şişərək gələcəkdə böhrana gətirib çıxara bilər.

 FES-in uçot dərəcələrini azaltmaq ehtimalı getdikcə artıb. Bu il FES faizləri artıra bilməsə, yəni qlobal iqtisadi vəziyyət buna imkan verməsə, biz 2017-ci ildə uçot dərəcələrinin azalmasının şahidi ola bilərik. Belə olduğu halda isə dolların məzənnəsi qeyri-müəyyən mərhələyə daxil ola bilər. Dollar, avro və yen pul bazarı alətləri mənfi gəlirliliyə sahib olacaq. Böyük ehtimalla digər inkişaf etmiş ölkələrin də mərkəzi bankları analoji qərar qəbul edəcək və qlobal maliyyə bazarları xaos içərisinə daxil olacaq.

Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270