BÜDCƏ

Milli Məclisin son bir ili nələrlə yadda qaldı?
21 DEKABR 2018
148

Milli Məclisin son bir ili nələrlə yadda qaldı?

2018-12-21 17:22:00

Dekabrın 28-də 3-cü çağırış Milli Məclis (MM) daha bir ilini arxada qoyacaq.

Belə ki, həmin gün MM-in 2018-ci ildə sonuncu plenar iclası keçiriləcək və bununla da parlamentin həm payız (qış) sessiyası başa çatacaq, həm bütövlükdə son bir illik fəaliyyəti yekunlaşmış olacaq.

Qeyd edək ki, MM-in Daxili Nizamnaməsinə və iş reqlamentinə əsasən parlamentin ildə iki dəfə sessiyası - yaz (yay - buna həm də növbədənkənar sessiya deyilir) və payız (qış sessiyası) keçirilir.

Yaz sessiyası fevralın 1-i və ya 2-də (plenar iclaslar adətən həftənin ikinci və beşinci günləri keçirilir), payız sessiyası isə oktyabrın 1-i və ya 2-də öz işinə başlayır.

Qeyd edək ki, hər iki sessiyadan öncə parlamentin komitələri öz iclaslarına start verir. Payız sessiyası ilə bağlı komitə iclasları sentyabrın 15-30-u tarixləri, yaz sessiyası yanvarın 15-31-i tarixləri arasında keçirilir, bu iclaslarda komitələrin qarşıdan gələn sessiya ilə bağlı qanunvericilik işləri planı təsdiqlənir.

Yaz sessiyası adətən mayın sonlarında, yəni, 31-cən, payız sessiyası isə dekabrın 31-cən yekunlaşdırılır.

Bu yerdə qeyd edək ki, son illər millət vəkillərinin təşəbbüsü ilə yaz sessiyasından sonra iyun ayında növbədənkənar sessiya çağırılır. Bu sessiya adətən 2-4 iclasdan ibarət olur və iyunun 30-can işini (istisna hallarda iyulun əvvəllərində) yekunlaşdıraraq, millət vəkilləri iki ay yarımlıq yay tətilinə yollanırlar.

Həmçinin, yaz sessiyası adətən hesabatlar, payız sessiyası büdcə sessiyası hesab olunur.
Belə ki, yaz sessiyasında Nazirlər Kabinetinin (hökumətin), Ombudsmanın, Bələdiyyələrlə İş Mərkəzinin və İnsan alverinə qarşı mübarizə ilə bağlı Milli Koordinatorun hesabatları dinlənilir, müzakirə olunur və təsdiq edilir.

Bununla belə, yaz və növbədənkənar sessiyalarda ötən ilin dövlət büdcəsinin icrası, həm də cari ilin büdcəsinə dəyişikliklər, dürüstləşdirmələr olunması müzakirə və qəbul edilir.

Payız sessiyası dünya parlamentlərində olduğu kimi, Azərbaycan parlamentində də büdcə sessiyası sayılır.

Bu sessiya müddət baxımından az olduğu üçün (bəzən də seçkilərə-prezident, parlament və bələdiyyə seçkilərinə təsadüf etdiyi üçün) bu dövrdə qanun layihələrindən daha çox büdcə zərfi müzakirə və qəbul edilir.

Büdcə müzakirələri də adətən noyabr ayına təsadüf edir və komitə iclasları ilə birlikdə təxminən bir ay çəkir. 

Bu yerdə qeyd etməyə dəyər ki, 2016-cı ilin sentyabr ayında referendum yolu ilə ölkə Konstitusiyasına edilən dəyişikliklərə əsasən bu ilin (hələ də davam etməkdə olan) payız sessiyasından etibarən qanun layihələri ilə yanaşı, qanunlara dəyişiklikləri nəzərdə tutan qanunvericilik aktları, o cümlədən, büdcə zərfi 3 oxunuşdan keçirilir.

Xatırladaq ki, indiyə qədər yalnız qanun layihələri 3 oxunuşdan keçirilirdi. Ancaq 2018-ci ilin payız sessiyasından qanunlara dəyişikliklər və büdcə zərfi də 3 oxunuşdan keçirilərək, qəbul edilir.

Yaz və növbədənkənar sessiyalarda 261 qanun və qərar qəbul edildi

MM-in 2018-ci ilin yaz və növbədənkənar sessiyaları (fevral-iyun ayları ərzində) ərzində parlamentin 16 iclası keçirilib.

Bu iclaslarda 261 qanun və qərar qəbul edilib. Həmçinin, həmin dövrdə MM-in beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində atılan addımlar davam etdirilib, yaz, növbədənkənar sessiyalarında və sonrakı dövrdə millət vəkillər 38 ölkəyə 90-a qədər səfər həyata keçiriblər. 

57 xarici dövlətin 100-ə qədər nümayəndə heyəti MM-də olub. Bununla yanaşı, MM-in xətti ilə Bakıda 5 beynəlxalq təşkilatın ayrı-ayrılıqda tədbirləri keçirilib. 

Aprelin 18-də parlamentdə dövlət başçısı İlham Əliyevin növbəti - 7 il müddətinə prezident seçilməsi ilə bağlı andiçmə mərasimi keçirilib.

Eyni zamanda, yaz sessiyası dövründə bir neçə millət vəkili yüksək dövləti vəzifəyə təyin edilmələri ilə bağlı deputatlıq fəaliyyətlərini dayandırıblar. Konkret olaraq, bu ilin 11 aprel prezident seçkilərindən sonra hökumətdə ciddi dəyişikliklər edilib, bir sıra hökumət üzvləri yeniləri ilə əvəzlənib.

Həmçinin, 22 il baş nazir kimi fəaliyyət göstərən Artur Rasi-zadəni prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovəvəzləyib.

Onun baş nazirliyinin təsdiq edilməsi məsələsinə isə MM-in aprelin 21-də keçirilən iclasında baxılıb. Ona göstərilən yüksək etimada görə ölkə prezidentinə və MM-ə təşəkkür edən N. Məmmədov çıxışında deyib:

“Çalışacağam ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolu Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə davam etdirək. Azərbaycan bu illər ərzində dünyanın ən böyük layihələrini icra edib. Azərbaycan geosiyasi proseslərin mərkəzində yerləşir.

Belə bir vəziyyətdə sabitliyin, inkişafın davam etdirilməsi hər birimizin qarşısında böyük vəzifələr qoyur. Azərbaycan bu gün dünyada öz xüsusi mövqeyi, yeri olan dövlətdir. Biz birlikdə bu dövlətə daha inamla xidmət etməyə davam edəcəyik.

Ümummilli lider Heydər Əliyevin siyasətinə sadiq qalaraq bu yolu davam etdirəcəyik…”

Dörd millət vəkili öz mandatı ilə vidalaşdı, bir millət vəkili dünyasını dəyişdi

Bundan, yəni, yeni baş nazirin təsdiqindən sonra prezidentin təyinatları ilə millət vəkillərindən Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri, Rövşən Rzayev “Dövlətqaçqınkom”un, Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin, Vüsal Hüseynli isə Dövlət Miqrasiya Xidmətinin rəisi təyin ediliblər.

Eyni zamanda, bu ilin aprel ayın 15-də millət vəkillərindən professor Astan Şahverdiyev qəfil ürəktutmasından 71 yaşında dünyasını dəyişib. Hazırda parlamentdə 6 deputat yeri boşdur.

Bir qanuna birdəfəlik 64 dəyişiklik olundu

MM-in bu sessiyalar dövründə sonuncu iclası bu ilin iyun ayının 29-da keçirilib ki, həmin iclasda da 2018-ci ilin büdcəsində dürüstləşdirmələr aparılaraq, büdcə xərcləri daha iki milyard manat artırılıb və Azərbaycan büdcəsi 23 milyard manat təşkil edib.

Bundan savayı, növbədənkənar sessiya dövründə parlament tarixində çox az təsadüf edilən böyük dəyişikliyə imza atılıb. Belə ki, “Təhsil haqqında” çərçivə qanununa üst-üstə 64 dəyişiklik edilib.

100 yaşlı Azərbaycan Parlamenti

O da xüsusi qeyd edilməlidir ki, bu il Azərbaycan parlamentinin tarixində əlamətdar hadisə yaşanıb. Belə ki, bu ilin dekabr ayının 7-də müsəlman-Şərq aləmində ilk təməli qoyulan parlamentin-Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlamentinin 100 ili tamam olub və bununla, eləcə də, “Cümhuriyyət İli” ilə bağlı Azərbaycan Parlamentinin 100 illiyi yubileyi xüsusi və təntənəli iclasla qeyd olunub.

Ölkə prezidenti İlham Əliyevin də qatıldığı və çıxış etdiyi MM-in xüsusi və təntənəli iclası bu ilin sentyabr ayının 21-də keçirilib.

Təntənəli iclasda 44 ölkədən və 9 beynəlxalq təşkilatdan 300-ə yaxın nümayəndə iştirak edib ki, onların arasında 14 parlament sədri, 20 sədr müavini olub.

Bundan başqa, həmin iclasda ölkəmizdə akkreditə olunmuş səfirlər və səfirliklərin nümayəndələri də iştirak ediblər. Tədbirdə ümumilikdə 39 nəfər təbrik nitqi söyləyib. 

İlham Əliyev: Bu inkişafda Azərbaycan parlamentinin xüsusi rolu var

Yubiley iclasında çıxışı zamanı dövlət başçısı MM-in fəaliyyətinə yüksək qiymət verərək, bunları bildirib:

“Bu gün Azərbaycan uğurla inkişaf edir və mən bu inkişafda Azərbaycan parlamentinin rolunu xüsusilə qeyd etmək istəyirəm.

Azərbaycan parlamenti həm Heydər Əliyevin dövründə, həm də bu gün öz fəaliyyəti ilə ölkəmizin müstəqilliyini möhkəmləndirir, inkişafını təmin edir, bu inkişafa öz töhfəsini verir...”.
 
Parlament tarixində ilk: Qanunlara dəyişikliklər və büdcə zərfi də 3 oxunuşdan keçirilir

Bundan cəmi 10 gün sonra, 1 oktyabr 2018-ci il tarixində MM-in payız (qış) sessiyası öz işinə başlayıb.

Artıq başa çatmaqda olan bu sessiyada təxminən 10 iclas keçirilib ki, bu iclasların 5-i məhz 2019-cu ilin büdcə zərfinə həsr olunub.

Yəni, noyabr ayının 13, 14, 15, 27 və 30-u tarixlərində baş tutan plenar iclaslarda büdcə zərfi 3 oxunuşun müzakirəsindən keçirilib və bütövlükdə qəbul edilib. Azərbaycanın müstəqillik tarixində dövlət büdcəsinin xərcləri ilk dəfə 25 milyardı ötüb.

Bu sessiyada həmçinin, Cinayət, İnzibati Xətalar, Mülki, Vergi, Mənzil, Seçki məcəllələrinə dəyişikliklər müzakirə və qəbul edilib, eyni zamanda, onlarla qanuna əlavə və dəyişiklikləri nəzərdə tutan qanunvericilik aktlarına baxılıb.

Bu sessiyada yeni qanunlardan olan “Ümumi təhsil haqqında” qanun layihəsinə birinci oxunuşda baxılıb və o müzakirələrdən keçirilərək, qəbul edilib.

Həmçinin, millət vəkili Musa Quliyev tərəfindən hazırlanan “Psixoloji yardım haqqında” yeni qanun layihəsi 3 oxunuşda müzakirədən keçirilib və qəbul olunub.

Bundan əlavə sessiya dövründə MM daha bir nüfuzlu beynəlxalq toplantıya ev sahibliyi edib.

Belə ki, 4 qitədən olan və 44 ölkənin təmsil edən 250-yə yaxın parlamentarinin, digər rəsmi qonaqların iştirakı ilə noyabrın 14-15-i tarixlərində MM-də Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı keçirilib. 

Bununla yanaşı, millət vəkilləri, parlament nümayəndə heyətləri Avropa Şurası, ATƏT, NATO, QDİƏT, İƏT və digər parlament assambleyalarının payız sessiyalarında iştirak ediblər.

Parlamentin sonuncu-28 dekabr iclasının gündəliyi hələlik təsdiqlənməsə də, bu iclasda Yeni il və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı müraciət, həmçinin, bir neçə qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihələri müzakirə və qəbul ediləcək. 

Sessiya dövlət himninin səslənməsi ilə öz işini, bütövlükdə 2018-ci ildəki fəaliyyətinə yekun vuracaq.

©Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256