BÜDCƏ

Hesablama Palatasının sədri “2019-cu ilin büdcə zərfi”nə RƏY VERDİ
13 NOYABR
234

Hesablama Palatasının sədri “2019-cu ilin büdcə zərfi”nə RƏY VERDİ

2018-11-13 16:27:00

Milli Məclisin bu gün keçirilən iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “2019-cu ilin büdcə zərfi” barədə danışıb. Modern.az-ın məlumatına görə, V.Gülməmmədov bir sıra məqamlara toxunub.

 Eləcə də bax:Nazir Naxçıvana veriləcək dotasiyanın məbləğini AÇIQLADI

Palata sədri növbəti il üçün əsaslı xərclərin, ümumiyyətlə investisiya məbləğinin cari illə müqayisədə nəzərəçarpacaq artımla proqnozlaşdırılmadığını, bununla yanaşı, ÜDM-in cari il üzrə real artım tempinin 2% səviyyəsində gözlənildiyini, həmçinin qarşıdakı ildə bu parametrin 3,6% səviyyəsində nəzərdə tutulduğunu deyib:

“Bunları nəzərə alsaq, həm ilin sonuna qalan dövr, həm də növbəti il ərzində ÜDM-in daha sürətli artımının ehtimal olunduğu və proqnozladırıldığı qənaətindəyik”.

V.Gülməmmədov bildirib ki, Hesablama Palatası müxtəlif ölkələrin təcrübəsinin araşdırılması yolu ilə növbəti ilin dövlət büdcəsinin icrasına təsir göstərə biləcək bir neçə risk amilini müəyyən edib:

“İlk olaraq “Büdcə zərfi“nə dövlət büdcəsi layihəsinin bir ssenari üzrə daxil edilməsini qeyd etmək istərdim. Qəbul edilmiş büdcə qaydasının, eyni zamanda, dövlət büdcəsinin neft gəlirlərindən asılılğının azaldılmasına xidmət etdiyini nəzərə alaraq, bu qayda ilə müəyyən edilmiş hədlər çərçivəsində dövlət büdcəsinin optimist, adi və pessimist ssenarilər üzrə tərtibi  büdcə parametrlərinin necə dəyişəcəyini müşahidə etməyə, o cümlədən itkilərin minimuma endirilməsinə, gəlirlərin mobilizasiyasına, həmçinin xərclərin səmərəliliyinin və nəticəliliyinin artırılmasına şərait yaradar.

Rəydə, həmçinin idxal inflyasiyasının artımına təsir edəcək amillərin mövcudluğu, dövlət borcunun dinamik deyil, statik xarakterli göstəricilərlə dəyərləndirilməsi, cari xərclərin artım tempinin qeyri-neft sektorunun nominal tempindən 4,6 faiz bəndi çox olmaqla nəzərdə tutulması da dövlət büdcəsinin icrasına təsir göstərməyə qadir olan risklər kimi qeyd edilib. Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən büdcə inzibatçılığının gücləndirilməsi, vəsaitlərin təsirliliyinin artırılması ilə bağlı tapşırıqların icrasına xidmət edəcək nəticə əsaslı büdcənin tərtibi üzrə normativ sənədlərin hazırlanması və qəbulunu dövlət resurslarının institusional imkanlarının genişləndirilməsinə və icra səviyyəsinə   müsbət təsir göstərən amil olaraq vurğulayıb”. 

V.Gülməmmədovun sözlərinə görə, cari ildə “Büdcə sistemi haqqında” Qanuna büdcə qaydalarını müəyyən edən maddə əlavə olunub. 

“Bu qaydaların məqsədi makroiqtisadi dayanıqlığı, maliyyə və borc intizamını təmin etməkdən ibarətdir. Qeyd edim ki, 2019-cu ilin dövlət büdcəsi büdcə qaydalarının nəzərə alınması ilə tərtib edilən ilk büdcədir.

Büdcə qaydasına uyğun olaraq ilk növbədə, icmal büdcənin xərclərinin yuxarı həddi müəyyən olunmuşdur. Həmin hədd, cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin 103%-dən çox olmamaqla müəyyən edilmişdir. “Büdcə zərfi”ndə 2019-cu ilin icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-nə nisbəti 29,5% olmaqla cari ilin göstəricisindən aşağı olmaqla proqnozlaşdırıldığı göstərilmişdir və buna əsaslanaraq  büdcə qaydalarının tələbinə əməl olunduğu vurğulanmalıdır.  Müvafiq metodikanın “Büdcə zərfi”nə daxil edilməməsi səbəbindən Hesablama Palatası beynəlxalq təcrübəyə əsaslanaraq 4 müxtəlif metodika üzrə həmin göstəricinin hesablanmasını həyata keçirərək Rəyə bu barədə məlumatlar daxil etmişdir”.

Palata sədri  deyib ki, Hesablama Palatası İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan dövlətlərdə daha geniş yayılmış “vergi boşluğu”nun qiymətləndirilməsini təklif edir. 

“Vergi boşluğu anlayışına fərqli yanaşmalar mövcud olsa da, ümumilikdə qeyd edilməlidir ki, vergi boşluğu il ərzində ödənilməli olan vergi məbləği ilə könüllü şəkildə vaxtında ödənilən vergi məbləği arasındakı fərqdir. Bu göstəricinin hesablanılması və “Büdcə zərfi”ə daxil edilməsi yeni vergitutma obyektlərinin cəlb edilməsi, eyni zamanda “kölgə iqtisadiyyatı”nın miqyasının ildən-ilə azaldılması yolu ilə vergi inzibatçılığının effektivliyinin yüksəldilməsinə xidmət edər. Eyni zamanda, bu yanaşma potensial və faktiki vergi daxilolmalarının həcmi arasında fərqə təsir edən amillərin müəyyənləşdirilməsi vasitəsilə bu fərqin  azaldılmasına və könüllü bəyanetmə səviyyəsinin yüksəldilməsinə  də şərait yaratmış olar”. 

V.Gülməmmədov bildirib ki, dövlət büdcəsinin kəsiri 2019-cu ildə dövlət büdcəsinin xərclərinin strukturunda nəzərdə tutulan dəyişikliklərlə əlaqədar xaricdən cəlb edilmiş kreditlər, özəlləşdirmədən daxilolmalar və vahid xəzinə hesabının qalığı hesabına maliyyələşdiriləcək.     

“Ümumiyyətlə, kəsirin maliyyələşmə məbləğinin növbəti ildə dövlət büdcəsinin gəlir və xərc parametrlərinin gözlənilən  icra göstəriciləri ilə müqayisəsi 2019-cu ilin dövlət büdcəsinin kəsirlə başaçatma ehtimalını minimallaşdırır.

Dövlət borcu ilə bağlı ilk olaraq qeyd edim ki, 2019-cu ilin dövlət borcunun limit göstəriciləri "Azərbaycan Respublikasında  dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”ya uyğun şəkildə proqnozlaşdırılmışdır.

Hesablama Palatası müasir dövrdə fiskal risklərin nəzərə alınması baxımından ən yaxşı təcrübə olaraq müəyyən edilən statik göstəricilərə əsaslanaraq 5 metodoloji sənəd əsasında təhlil həyata keçirmiş, ümumilikdə hər bir yanaşmada borc göstəricilərinin  kritik hədd normalarından uzaq olduğu, ölkəmizdə borc dayanıqlılığının təmin edildiyi qənaətindədir”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255