BÜDCƏ

Nazir büdcə vəsaitlərindən qənaətlə istifadə edilməsi ilə bağlı – TAPŞIRIQ VERDİ
10 İYUL
163

Nazir büdcə vəsaitlərindən qənaətlə istifadə edilməsi ilə bağlı – TAPŞIRIQ VERDİ

2018-07-10 09:43:00

İyulun 9-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib.

Nazirlikdən  verilən məlumata görə, kollegiyada dövlət başçısının Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında və enerji sistemindəki vəziyyətlə əlaqədar keçirdiyi müşavirədə verdiyi tapşırıqlarla bağlı ədliyyə orqanlarının üzərinə düşən vəzifələr müzakirə olunub.

Nazir ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın davamlı sosial-iqtisadi tərəqqisinin təmin edildiyini, bütün sahələrdə irəliləyişlərə nail olunduğunu bildirib. Dövlət başçısının tapşırıqlarından irəli gələn məsələlər vurğulanaraq bu sahədə ədliyyə orqanlarının qarşısında duran mühüm vəzifələrə toxunulub. İqtisadi inkişafa mane olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, fəaliyyətdə şəffaflığın artırılması, habelə büdcə vəsaitlərindən qənaətlə istifadə edilməsi, izafi xərclərin qarşısının alınması üzrə konkret tapşırıqlar verilib.

İclasda həmçinin, ölkənin enerji sistemində baş vermiş fövqəladə hadisə ilə əlaqədar dövlət başçısının göstərişləri diqqətə çatdırılıb. Bildirilib ki, bu sahədə yaranmış ciddi problem ölkə rəhbəri tərəfindən dərhal nəzarətə götürülərək elə həmin tarixdə qəzanın səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması məqsədilə Dövlət Komissiyası yaradılıb, görülmüş operativ tədbirlər nəticəsində enerjinin verilməsi bərpa edilib.

Qəza baş verdikdən sonra dərhal Ədliyyə Nazirliyinin struktur qurumlarının, o cümlədən xüsusi mühafizə olunan penitensiar və tibb müəssisələrinin dayanıqlı enerji ilə təminatı üzrə zəruri tədbirlər görülüb, təhlükəsizlik və mühafizə tədbirləri gücləndirilib.

Kollegiyada ədliyyə orqanlarının işinin, o cümlədən elektron sistemlərin, reyestrlərin və digər informasiya resurslarının, probasiya xidmətinin elektron monitorinq mərkəzinin, xüsusi mühafizə olunan müəssisə və qurğuların, video-müşahidə kameralarının fasiləsiz fəaliyyətinin təmin olunması üzrə tədbirlərə dair əlavə tapşırıqlar verilib.

Həmçinin mülki müdafiə və mühafizə tədbirlərinin, məsul növbətçiliyin təkmilləşdirilməsi, texniki avadanlıqların, habelə ehtiyat enerji mənbələrinin və zəruri rabitə vasitələrinin işlək vəziyyətdə saxlanılması, müasir generatorların quraşdırılması ilə bağlı və digər konkret tədbirlər müəyyən olunub.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251