BÜDCƏ

Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr dinamik inkişaf edir
04 İYUN
222

Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr dinamik inkişaf edir

2018-06-04 11:38:00

Bu fikir Azərbaycanın Baş nazirinin Avropa Komissiyasının komissarı ilə görüşündə vurğulanıb

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov iyunun 1-də Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottingerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş nazir Novruz Məmmədov Avropa Komissiyasının nümayəndə heyətinin ölkəmizə səfərinin ikitərəfli əməkdaşlıq baxımından önəmli olduğunu bildirib, son illər ərzində Azərbaycan-Avropa İttifaqı əlaqələrində dinamik inkişafın müşahidə olunduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud olan etibarlı tərəfdaşlıq əlaqələri xüsusi əhəmiyyətə malikdir. Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa dair saziş layihəsi üzrə aparılan danışıqlar prosesindən məmnunluğunu ifadə edən Baş nazir deyib: “Hesab edirəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa dair saziş imzalandıqdan sonra əlaqələrimizin daha da inkişafı baxımından yeni bir mərhələyə qədəm qoyacağıq”.

Novruz Məmmədov ölkəmizin Avropa İttifaqına üzv olan dövlətlərlə də münasibətlərin inkişafına xüsusi önəm verdiyini diqqətə çatdırıb. Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşlarından olduğunu qeyd edən Baş nazir bundan sonra da bu sahədə müxtəlif istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsi üçün geniş imkanların mövcudluğunu vurğulayıb. Qeyd edib ki, kənd təsərrüfatı, turizm, nəqliyyat, qida və sənaye məhsullarının istehsalı, bərpa olunan alternativ enerji mənbələri sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var.

Ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal layihələr, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Cənub Qaz Dəhlizi layihələrinə diqqəti yönəldən Baş nazir Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu da xüsusi qeyd edib. Novruz Məmmədov vurğulayıb ki, Azərbaycan Avropa ölkələri ilə enerji sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini bundan sonra da davam etdirəcək.

Avropa Komissiyasının komissarı Günter Ottinger Novruz Məmmədovu Baş nazir təyin olunması və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Ölkəmizə səfəri çərçivəsində bir sıra məhsuldar görüşlər keçirdiyini qeyd edən Günter Ottinger son illər Azərbaycanın böyük uğurlara imza atdığını bildirib. O, geostrateji mövqeyinə görə mürəkkəb regionda yerləşən Azərbaycandakı mövcud sabitliyin yüksək qiymətləndirildiyini vurğulayaraq deyib ki, Avropa İttifaqı Azərbaycandakı sabitliyin və dinamik inkişafın davamlı olmasında maraqlıdır və ölkəmizlə əməkdaşlığı yüksələn xətt üzrə inkişaf etdirmək əzmindədir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9996
  • ₽ RUB
    0.0259