BÜDCƏ

Azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməsi şərtləri və qaydası müəyyənləşib
21 MAY
315

Azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməsi şərtləri və qaydası müəyyənləşib

2018-05-21 15:39:00

İcra məmuru gecə vaxtı istisna olmaqla, məhkumun  yaşayış yerinə daxil olmaq və yoxlama aparmaq hüququna malikdir

 

Azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməsi şərtləri və qaydası müəyyənləşib.

Fins.az-ın məlumatına görə, bu, Ədliyyə Nazirliyinin Kollegiyasının təsdiq etdiyi  “Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Qaydaları”nda əksini tapıb.

Qaydalara əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti cəzanın icrası müddətinə hesablanmır.

İcra məmuru azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin aşağıdakı vəzifələri yerinə yetirməsinə nəzarət etməlidir:

- yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;

- elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək;

- məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;

- müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq.

Məhkəmə tərəfindən aşağıdakı əlavə vəzifələr müəyyən olunduqda, bu vəzifələrin də yerinə yetirilməsinə nəzarət həyata keçirilməlidir:

- kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək;

- məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək;

- alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək;

- məhkumun islah olunmasına kömək edən digər vəzifələr.

Azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş şəxsin üzərinə elektron nəzarət vasitələrinin quraşdırılması, dəyişdirilməsi, çıxarılması və elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlı digər məsələlər Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları” ilə tənzimlənir. Məhkum edilmiş şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməsi məsələləri ilə bağlı icra məmurunun tələbi ilə yazılı izahat verməlidir. Məhkumun cəzanın icrası qaydalarına və şərtlərinə riayət etməsinə nəzarət etmək məqsədi ilə icra məmuru (gecə vaxtı istisna olmaqla) onun yaşayış yerinə daxil olmaq və müəyyən edilmiş vəzifələrə əməl edilməsini yerində yoxlamaq hüququna malikdir. Bu halda müvafiq protokol tərtib edilməli, yoxlamanın gedişi və nəticələri həmin protokolda öz əksini tapmalıdır. Məhkum edilmiş şəxsin müəyyən vaxtlarda yaşayış yerini və ya məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını (yalnız Azərbaycan Respublikasının ərazisi hüdudlarında) müvəqqəti tərk etməsinə icazə icra məmuru tərəfindən yalnız aşağıdakı müstəsna hallarda verilir:

- yaxın qohumların ölümü və ya həyatı üçün təhlükə yaradan ağır xəstəliyi (yeddi gün müddətinə qədər);

- təbii fəlakət və digər fövqəladə hadisə ilə bağlı şəxsin yaşayış yerində müəyyən müddət qalmasının mümkün olmaması;

-yaxın qohumların nikaha daxil olması (iki gün müddətinə qədər);

- şəxsə tibbi yardım göstərilməsi zərurətinin yaranması (yaşayış yerində və ya məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilindəki tibb müəssisəsində tələb olunan tibbi yardımın göstərilməsi mümkün olmadıqda);

- istirahət və bayram günlərində, həvəsləndirmə tədbiri qismində.

Tibbi göstəricilərə görə məhkum yaşayış məntəqəsinin ərazisindən kənar tibb müəssisəsinə yeddi gündən çox stasionar müalicəyə yerləşdirildikdə, (yaşayış məntəqəsinin ərazisində yerləşən tibb müəssisələrində bu mümkün olmadıqda) onun üçün müəyyən edilmiş məhdudiyyətlər qüvvəsində qalmaqla cəzanın icrası yeri müvafiq tibb müəssisəsi hesab edilir. Məhkumun yaşayış yerini və ya məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını müvəqqəti tərk etməsi ilə bağlı müraciətinə təxirəsalınmadan baxılır və bu Qaydalara uyğun olaraq əsaslandırılmış qərar qəbul edilir. Həmin qərarın habelə bu Qaydalarda nəzərdə tutulmuş icazənin verilməsi barədə məhkəmə qərarının surəti dərhal Probasiya xidmətinə göndərilir. İcra məmuru müraciətə baxarkən müvafiq icazənin verilməsinə əsas yaradan halların mövcudluğunu yoxlamalı və bunun üçün aidiyyəti qurumlar və şəxslərlə əlaqə yaradaraq araşdırma aparmalıdır. Məhkuma yaşayış yerini və ya məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını müvəqqəti tərk etmək üçün icazə verilmiş vaxt cəzanın icrası müddətinə hesablanır. İcra məmuru azadlığın məhdudlaşdırılması növündə cəza çəkən məhkumun yaşayış yerini (yalnız Azərbaycan Respublikasının ərazisi hüdudlarında) dəyişdirməsinə dair ərizəsinə əsasən bu barədə məhkumun yaşayış yeri üzrə məhkəməyə təqdimat verir. Təqdimat məhkəmə tərəfindən müvafiq icazənin verilməsi üçün aşağıdakı hallarda verilir:

- məhkumun ailə vəziyyəti dəyişdikdə;

- məhkum digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etdikdə;

- şəxsin xəstəliyi ilə bağlı ona yaşayış məntəqəsinin ərazisindən kənar tibb müəssisəsində uzunmüddətli tibbi yardım göstərilməsi zərurəti yarandıqda (yaşayış yerində və ya məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilindəki tibb müəssisəsində tələb olunan tibbi yardımın göstərilməsi mümkün olmadıqda).

İcra məmuru azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş şəxslə tərbiyə işini onunla əməyə və təhsilə vicdanlı münasibət göstərilməsinə, cəmiyyətdə qəbul edilmiş davranış qaydalarına riayət edilməsinə yönəlmiş fərdi söhbətlər aparmaqla həyata keçirir. Bu zaman məhkumun fərdi xüsusiyyətləri, xarakteri və törədilən cinayətin səbəbləri nəzərə alınır. Fərdi söhbətin aparılması barədə protokol tərtib olunur və həmin protokol icra məmuru və məhkum tərəfindən imzalanır. Məhkum protokolu imzalamaqdan imtina etdikdə bu barədə protokolda müvafiq qeyd aparılır. İcra məmuru azadlığın məhdudlaşdırılması cəzasının icrası prosesində məhkum edilmiş şəxsin davranışına diqqət yetirməli, məhkəmənin müəyyən etdiyi vəzifələrin məhkumun islah olunmasına təsirini qiymətləndirməli və məhkumun üzərinə əlavə vəzifələrin qoyulması qənaətinə gəldikdə bu barədə Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada məhkəməyə təqdimat verməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256