BÜDCƏ

Vergilər Nazirliyindən xəbərdarlıq: 40 manat maliyyə sanksiyası
28 MART
492

Vergilər Nazirliyindən xəbərdarlıq: 40 manat maliyyə sanksiyası

2018-03-28 16:00:00

“2017-ci ilin yekunlarına görə hüquqi şəxslər tərəfindən Mənfəət və Əmlak vergisinin bəyannaməsi, fiziki şəxslər tərəfindən gəlir vergisinin bəyannaməsi cari ilin aprel ayının 2-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.”

Fins.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin 2018-ci ili aprel ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə açıqlamasında deyilir.

Məlumatda deyilir ki, gəlir və mənfəət vergisinin ödəyiciləri tərəfindən 2018-ci ilin 1-ci rübü üzrə hesablanmış cari ödəmələr aprel ayının 16-dan gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.

2018-ci ilin mart ayına görə vergi ödəyiciləri tədiyəçisi olduqları əlavə dəyər vergisi (ƏDV) bəyannaməsini, aksiz bəyannaməsini, yol vergisi bəyannaməsini, mədən vergisi bəyannaməsini, pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsini və uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsini cari ilin aprel ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş vergi bəyannaməsi cari ilin aprel ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).

2018-ci ilin 1-ci rübünə görəvergi ödəyiciləri tədiyəçisi olduqları sadələşdirilmiş verginin bəyannaməsini ödəmə mənbəyində tutulan vergi bəyannaməsini cari ilin aprel ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Cari ilin 1-ci rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla) cari ilin aprel ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və mart ayı üzrə hesablanmış vergi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Xüsusi notariuslar gəlir vergisi bəyannaməsini cari ilin aprel ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və mart ayı üzrə hesablanmış gəlir vergisi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Dövlər rüsumu haqqında hesabat cari ilin aprel ayının 20-dək vergi orqanına təqdim edilməlidir (notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək 2 bank günü, xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu 1 ay, digər dövlət rüsumları isə tutulduqdan sonra 1 bank günü ərzində dövlət büdcəsinə köçürülür).

Bəyannamələr müəyyən edilən müddətdə təqdim edimədikdə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (VM, 57), vergilər vaxtında ödənilmədikdə isə bir ildən çox olmamaqla ötmüş hər bir gün üçün 0,1 faizi məbləğində faiz tutulur (VM, 59).

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0700
  • ₽ RUB
    0.0273