BÜDCƏ

Palata parlamentdə büdcə ilə bağlı tövsiyələrini təqdim edib
21 NOYABR 2017
250

Palata parlamentdə büdcə ilə bağlı tövsiyələrini təqdim edib

2017-11-21 15:16:00

"2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20,1 milyard manat, xərcləri isə 20,9 milyard manat məbləğində müəyyən edilib, həmçinin mərkəzləşdirilmiş və yerli gəlirlərə aid edilən daxilolmalar göstərilib, layihənin 4-cü maddəsində isə 2018-ci il dövlət büdcəsinə vergi daxilolmalarının Vergi Məcəlləsi ilə müəyyən olunmuş vergi dərəcələrinə uyğun olaraq hesablanması əks edilib".
Fins.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında 2018-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Onun sözlərinə görə, mədaxil mənbələri üzrə gəlirlərin məbləğinin əks etdirilməsi ilə bağlı 16.1.3-cü maddəyə uyğun olaraq qanun layihəsinin 2-ci maddəsində mədaxil mənbələri üzrə gəlirlərin proqnozlaşdırılmış məbləği göstərilib.

"Qeyd edim ki, növbəti ildə gəlirlərdə azalmalar yalnız iki mənbə üzrə nəzərdə tutulmuş, ən böyük artım Neft Fondundan daxilolmalara aid olmaqla digər mənbələr artımla proqnozlaşdırılıb. "Büdcə sistemi haqqında" qanunun 16.1.4-cü maddəsində mənbələr üzrə qrantlar və transfertlərin göstərilməsi qeyd edilib. Müzakirəyə təqdim olunmuş qanun layihəsində müvafiq maddələrdə hər iki istiqamət üzrə vəsaitlərin məbləği əks etdirilmişdir. Belə ki, layihənin 2-ci maddəsində Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) daxilolmalar 9,2 milyard manat məbləğində, 15-ci maddəsində isə dövlət büdcəsinin kəsirinin maliyyələşmə mənbələrindən biri kimi Avropa Birliyinin qrantından daxilolmalar 29 milyon manat məbləğində göstərilib. 16.1.5-ci maddə ilə ayrı-ayrı gəlirlərin büdcələr arasında bölgüsü və ayırma normalarının əks etdirilməsi nəzərdə tutulub. Qanun layihəsində ayrı-ayrı gəlirlərin büdcələr arasında bölgüsü və ayırma normaları nəzərdə tutulmasa da, qeyd olunmalıdır ki, layihədə dövlət büdcəsi gəlirlərinin cəmi məbləğinin, həmçinin rayonların (şəhərlər) mərkəzləşdirilmiş və yerli gəlirlərə bölgüsü müəyyən edilmiş, həmçinin "Avtomobil Yolları" Məqsədli Büdcə Fonduna ayırmaların proqnoz göstəriciləri əks olunub", - deyə V.Gülməmmədov vurğulayıb.

Palata sədri bildirib ki, "Büdcə sistemi haqqında" qanunun 16.1.6-cı maddəsində funksional və iqtisadi təsnifata uyğun olaraq paraqraflar səviyyəsində xərclərin məbləğinin göstərilməsi qeyd edilib və qanun layihəsinin 8-ci maddəsində dövlət büdcəsinin xərcləri funksional təsnifatın yalnız bölmə və köməkçi bölmə səviyyəsində əks olunub, layihənin 9-cu maddəsində isə 2018-ci il dövlət büdcəsinin xərclərinin funksional və iqtisadi təsnifatın paraqrafları səviyyəsində bu qanunun əlavəsində verilmiş məbləğlərdə təsdiq edilməsinin nəzərdə tutulduğu göstərilib. Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə verilən qrantların, dotasiyaların, subsidiyaların və subvensiyaların məbləğinin əks etdirilməsi ilə bağlı 16.1.7-ci maddənin tələbinə uyğun olaraq qanun layihəsinin 8-ci maddəsində Naxçıvan Muxtar Respublikasının büdcəsinə 281,9 mln. manat və yerli büdcələrə 5,2 mln. manat dotasiya nəzərdə tutulub.

V.Gülməmmədov əlavə edib ki, “Büdcə sistemi haqqında” qanunun 16.1.8-ci maddəsində büdcə ssudalarının ümumi məbləği və istiqamətlərinin göstərilməsi qeyd olunub, qanun layihəsində və “Büdcə zərfi” ilə birgə təqdim edilmiş məlumatlara görə növbəti ildə bu istiqamətdə xərc nəzərdə tutulmayıb: “Büdcə sistemi haqqında” qanunun 16.1.9-cu maddənin daxili və xarici dövlət borclarının faizləri və əsas məbləğləri üzrə ödənişlərin göstərilməsi ilə bağlı tələbinə müvafiq olaraq qanun layihəsinin 12-ci maddəsinə əsasən, daxili dövlət borcu üzrə əsas borc üzrə ödənişlərə 23 milyon manat, faiz ödənişlərinə isə 80,2 milyon manat, xarici dövlət borcu üzrə əsas borca görə 1,6 milyard manat, faiz ödənişlərinə 533,6 milyon manat vəsait proqnozlaşdırılıb. Qanunun 16.1.10-cu maddəsində dövlətin üçüncü tərəf qarşısında öhdəliyinin yuxarı həddinin göstərilməsi qeyd edilib, qanun layihəsindən göründüyü  kimi, bu istiqamət üzrə müvafiq xərc nəzərdə tutulmayıb. Qanunun 16.1.11-ci maddəsində sair beynəlxalq öhdəliklərin məbləğinin göstərilməsi qeyd edilmiş, “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri kimi növbəti ilə 215,1 milyon manat məbləğində vəsait nəzərdə tutulub”.

Onun sözlərinə görə, “Büdcə sistemi haqqında” qanunun 16.1.12-ci maddəsində ehtiyat fondların məbləğinin əks etdirilməsi nəzərdə tutulub. Müzakirəyə təqdim olunan layihənin 8.14.2-ci maddəsində ehtiyat fondların məbləği 300 mln. manat məbləğində müəyyən edilib: “Qeyd edim ki, ehtiyat fondlar üzrə proqnozlaşdırılmış vəsaitin məbləğinin büdcə xərclərinin ümumi xərclərinə nisbəti “Büdcə sistemi haqqında”  qanunda müəyyən edilmiş hədd daxilindədir. Daxili və xarici dövlət borcunun, dövlət zəmanətinin, o cümlədən büdcə ili ərzində cəlb edilən və əvvəlki illərdə alınmış və növbəti büdcə ilinin sonunadək qaytarılması nəzərdə tutulan daxili və xarici dövlət borcunun yuxarı hədlərinin (limitləri) göstərilməsi ilə bağlı 16.1.13-cü maddənin tələbinə uyğun olaraq qanun layihəsinin 13-cü maddəsində daxili dövlət borclanmasının yuxarı həddi (limiti), xarici dövlət borclanmasının yuxarı həddi (limiti), il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) müəyyən edilib. 16.1.14-cü və 16.1.15-ci maddələrin tələblərinə uyğun olaraq “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin 14-cü maddəsinə əsasən müdafiə olunan xərc maddələrinin ilk növbədə, digər xərc maddələrinin isə dövlət büdcəsinin gəlirləri və kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə daxilolmaların vəziyyətindən asılı olaraq maliyyələşdirilməsi nəzərdə tutulub. “Büdcə sistemi haqqında” qanunun 16.1.16-cı maddəsində dövlət büdcəsi kəsirinin yuxarı həddinin məbləğinin əks etdirilməsi göstərilib. Qanun layihəsinin 15-ci maddəsində bu rəqəm 778,7  mln. manat məbləğində nəzərdə tutulub. Qeyd edim ki, 2017-ci illə müqayisədə büdcə kəsirinin təqribən üçdə biri qədər az proqnozlaşdırılması növbəti ildə dövlət büdcəsinin gəlirlərinin xərcləri ilə müqayisədə daha nəzərəçarpacaq templə proqnozlaşdırılması ilə bağlıdır. “Büdcə sistemi haqqında” qanunun 16.1.17-ci maddəsində ARDNF-nin gəlirləri nəzərə alınmadan icmal büdcə kəsirinin yuxarı həddinin məbləğinin göstərilməsi, 16.1.18-ci maddəsində isə icmal büdcənin xərclərinin yuxarı həddinin məbləğinin əks etdirilməsi ilə bağlı tələblərə uyğun olaraq qanun layihəsində bu göstəricilər əks etdirilib. Beləliklə, ümumiləşdirmə apararaq dövlət büdcəsi ilə bağlı təqdim edilmiş qanun layihəsinin müəyyən edilmiş zaman çərçivəsində və qanunvericiliklə təsbit olunmuş tələblərə uyğun hazırlandığını vurğulamaq istərdim”.

Palata sədri qeyd edib ki, prezident İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq 2018-ci ilin dövlət büdcəsinin gəlirləri, həm də xərci artımla proqnozlaşdırılıb.

“2018-ci il dövlət büdcəsinin gəlirləri 2017-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 20% çox, dövlət büdcəsinin xərcləri isə 16,5% çox proqnozlaşdırılıb. 2018-ci ildə gəlirlərin ÜDM-ə nisbətinin 29%, xərclərin isə ÜDM-də xüsusi çəkisinin 30,1% olması nəzərdə tutulub. Növbəti 3 ildə bu nisbətlərin tədricən azalması nəzərdə tutulur ki, bu da ÜDM-in daha sürətli artım tempi ilə proqnozlaşdırılması hesabınadır”, - deyə o vurğulayıb.

V.Gülməmmədov növbəti ilin dövlət büdcəsinin layihəsi ilə bağlı Hesablama Palatasının bəzi tövsiyələrini də diqqətə çatdırıb: “Növbəti ilin büdcə layihəsində vahid xəzinə hesabının qalığının istifadəyə verilməsindən 4 milyon manat vəsait nəzərdə tutulur. Xatırlatmaq istərdim ki, 2016-cı ildə bu mənbə üzrə nəzərdə tutulmuş vəsaitə qarşı 6 dəfə çox, 2017-ci ildə nəzərdə tutulmuş illik proqnoz məbləğindən 38,5% çox vəsait daxil olub. Qeyd olunanlara əsasən, vahid xəzinə hesabının qalığının istifadəyə verilməsindən daxilolma məbləğinin yüksək olacağı gözlənilir. Vahid xəzinə hesabının  idarəetməyə və depozitə yerləşdirilmiş sərbəst qalıq vəsaitlərinin mənbələr üzrə təhlili əlavə potensialın mövcudluğunu göstərir. Hesablama Palatasına daxil olan məlumatlara əsasən nizamnamə fondunda (kapitalında) dövlətin payı olan 2 mindən artıq kommersiya hüquqi şəxslər mövcuddur ki, Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli qərarı ilə bunlardan 14-ü gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinə aid edilib. Bu şirkətlərin 01.01.2017-ci il tarixə kifayət qədər böyük nizamnamə fondu (kapitalı) olduğu, həmin şirkətlərə dövlət büdcəsindən (əsasən investisiya xərclərindən və ehtiyat fondlarından) və eyni zamanda dövlət zəmanətli kreditlərdən böyük məbləğlərdə vəsaitlər ayrıldığı halda, dövlət büdcəsinə dividendlər hesablanmır və ödənilmir. Bu məsələnin də diqqətdə saxlanması hesab edirik ki, çox vacibdir. Növbəti ilin dövlət büdcəsinin xərclərini fərqləndirən əsas məqamları hörmətli millət vəkillərinin diqqətinə çatdırmaq istərdim. İlk olaraq qeyd edim ki, 2018-ci ildə son illərdə azalma ilə proqnozlaşdırılmış dövlət investisiya xərclərində nəzərəçarpacaq artım proqnozlaşdırılıb ki, bu da büdcə gəlirlərinin və iqtisadi aktivliyin gücləndirilməsində mühüm rol oynayacaq. Vurğulamaq istədiyim ikinci məqam publik hüquqi şəxslərlə bağlıdır, belə ki, növbəti ildə dövlət idarəetmə strukturunu təkmilləşdirilməsi və səmərəliliyinin artırılması məqsədi ilə yaradılmış publik hüquqi şəxs kimi fəaliyyət göstərən bir sıra dövlət idarəetmə təşkilatlarının saxlanmasına, eləcə də  büdcədənkənar gəlir və xərclərinə növbəti ildən vəsait nəzərdə tutulmayıb. Növbəti ilin dövlət büdcəsində ilk dəfə olaraq “İşsizlikdən sığorta haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqədar fəaliyyətə başlayacaq bu sistemdə dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə sığortaedənin payının maliyyələşdirilməsi ilə bağlı vəsait proqnozlaşdırılıb. Beynəlxalq təcrübə və nəzəriyyədə borc göstəricilərinə bir sıra  indikatorlar aid edilir.  Hesablama Palatasının Rəyində bu göstəricilər dövlət maliyyəsinin ən yaxşı təcrübəsi olaraq müəyyən edilən  nümunələr əsasında qruplaşdırılmış, həmçinin təhlili aparılıb. Vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının 2018-ci il üzrə proqnozlaşdırılmış göstəriciləri əsasında aparılmış hesablamalar beynəlxalq təcrübədə və nəzəriyyədə qəbul edilmiş borc göstəriciləri üzrə müqayisədə ölkəmizdə borc dayanıqlığının mövcud olduğunu göstərir. Diqqətə çatdırmaq istərdim ki, növbəti ilin büdcə layihəsində daxili və xarici dövlət borclanmasının yuxarı hədləri, həmçinin 2018-ci il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) azalma ilə proqnozlaşdırılıb. Bu isə növbəti illərdə dövlət borclanmasının və şərti öhdəliklərin artım tempinin azalmasına münbit şərait yaradacaq. Hesablama Palatasının kollegiyası qanun layihəsinin Milli Məclisdə müzakirə edilməsi ilə bağlı qərarını diqqətinizə çatdırır və ümid edirəm ki, büdcə müzakirələri zamanı Hesablama Palatasının Rəyi də nəzərə alınacaq”.

© FED.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+5°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0949
  • ₽ RUB
    0.0300