BÜDCƏ

İcazəsiz borclanmaya görə cinayət məsuliyyəti gəlir
06 NOYABR
537

İcazəsiz borclanmaya görə cinayət məsuliyyəti gəlir

2017-11-06 14:54:00

Azərbaycan Cinayət Məcəlləsinə yeni 195-2 (Daxili və xarici borclanma) maddəsinin əlavə edilməsi üçün prezident İlham Əliyev tərəfindən Milli Məclisə layihə təklif olunub. 

Layihəyə əsasən maddədə bildirilir ki, dövlətə məxsus olan hüquqi şəxslərin müvafiq icra hakimiyyəti orqanının razılığını almadan daxili və ya xarici borclanması dövlətə xeyli miqdarda ziyan vurduqda 3 il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın bir mislindən üç mislinədək miqdarda cərimə, yaxud 2 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Eyni əməllər dövlətə külli miqdarda ziyan vurduqda 3 il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarında cərimə və ya 2 ildən 4 ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Maddənin “Qeyd” hissəsində isə bildirilir ki, “dövlətə məxsus olan hüquqi şəxslər” dedikdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan kommersiya hüquqi şəxsləri, dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə qeyd olunan hüquqi şəxslərin yaratdığı paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqi şəxslərə məxsus olan törəmə təsərrüfat cəmiyyətləri, qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdə tutulur.

Layihə Milli Məclisin noyabrın 14-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. 

©APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287